Məhkəmə qərarları › İş №2(048)-727/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-727/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-727/2025 04.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Dövlət Notariat ofisinin notariusu X1 tərəfindən qəbul olunmuş 03 iyul 2025-ci il tarixli, 8İ-1178 reyestr nömrəli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə axşam saat 18:28 radələrində istifadəsində olan (dəqiq xatırlamır) ***-***-**-** və ya ***-***-**-** mobil nömrəsinə zəng gələrək özünü Kapital Bankın əməkdaşı kimi ona təqdim edərək bildirmişdir ki, “Anar adlı şəxsi tanıyırsız, həmin şəxs sizin kartınızdan pul oğurlamaq istəyir”, o da onlara elə bir şəxsi tanımadığını bildirmişdir. Sonra özünü bank əməkdaşı kimi ona təqdim edən şəxs demişdir ki, "Watsap nömrən varsa danışaq” o, da onunla razılaşmış və +**********88 nömrəli nömrə ilə görüntülü danışmışdır. Həmin şəxs ona “kartından oğurluq olmasın deyə dediyim əməliyyatları et” demiş, o da onun dediklərini etməyə başlamış və sonra ona demişdir ki, “kartında olan 500 manatı sənə dediyim karta yüklə bir saat ərzində həmin karta daxil olma, bir saatdan sonra həmin 500 manat karta qayıdacaqdır” demişdir. O, da onun ona dediyi kimi etmiş, lakin bir saatdan sonra proqrama daxil olmuş və kartda pulun olmadığını görmüşdür. X3 196 saylı qaynar xəttinə müraciət etmiş, bankın əməkdaşı tərəfindən ondan danışdığı nömrəni soruşduqda onlar ona demişlər ki, belə bir nömrə Kapital banka məxsus deyildir. O, da məcbur olub DİN 102 XZM-nə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinə yaxınlaşmışdır. Oradan onu Kapital Bankın “Koroğlu” metrostansiyası yaxınlından yeləşən filialına göndərmişlər. Bankda onun hesabına baxanda ona sənin adına 700 manat kreditdə götürülüb demiş və bu barədə çıxarış vermişlər. Həmin çıxarışı Polis Bölməsinə təqdim etmişdir. Ancaq bank tərəfindən ona götürülmüş kreditin hansı hesaba yüklənməsini deməmişlər. Həmçinin əgər adına kredit rəsmiləşibsə onda həmin pul hansı hesaba yüklənmişdir dedikdə bankdan ona bu məlumatı verə bilməyəcəklərini bildirmişlər. Bundan bir müddət keçəndən sonra o işinin nəticəsini öyrənmək üçün təkrar Polis şöbəsinə yaxınlaşmış, polis bölməsi tərəfindən ona kapital banka sorğu olunduğunu ancaq hazıra kimi heç bir məlumat verilmədiyini bildirmişlər. O, da banka müraciət etmiş ancaq ona da heç bir məlumat verilməmişdir. Bundan sonra xx.xx.2025-ci ildə Lerik rayon İcra və Probasiya şöbəsindən istifadəsində olan mobil nömrəyə SMS gələrək onu İcra şöbəsinə dəvət etmişlər. xx.xx.2025-ci il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinə gəldikdən sonra ona icraata başlamaq haqqında qərarı və Notariusun İcra qeydini təqdim etmişlər. İcra qeydi ilə tanış olanda görmüşdür ki, Bank onun barəsində icra qeydi qəbul olunması üçün Lerik Rayon Dövlət Notariat kontoruna müraciət etmiş və Lerik Rayon Dövlət Notariusu icra qeydi qəbul etmiş, lakin bu barədə ona heç bir məlumat verməmişdir. Göründüyü kimi Cavabdeh2 ASC-yə onun və Suraxanı Rayon Polis İdarəsi tərəfindən sənədlərin təqdim olunması barədə sorğu göndərilsə də, Cavabdeh2 ASC tərəfindən sorğuya heç bir cavab göndərilməmişdir. Bu halda onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Lerik Rayon Dövlət Notariat ofisinin Dövlət notariusu X1 tərəfindən kredit müqaviləsi üzrə ondan 906,58 (doqquz yüz altı manat əlli səkkiz qəpik) manat pulun tutulması barədə 03 iyul 2025-ci il tarixli 8i-1178 reyestr nömrəli icra qeydi aparılmışdır. Hazırda icra qeydi icra olunması üçün Lerik Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dilqəm Mütəllimlinin icraatındadır. O, həmin icra qeydi ilə razı deyildir. Hesab edir ki, Lerik Rayon Dövlət notariat ofisi tərəfindən qəbul olunmuş 03 iyul 2025-ci il tarixli 8i- 1178 nömrəli icra qeydi ləğv olunmalıdır. Həmçinin adına qeyd olunmuş zaminlik müqaviləsidə ləğv olunmalıdır. Belə ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə, Notariat Ofisi borcun ödənilməsi barədə ona yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Göründüyü kimi Lerik Rayon Dövlət Notariat ofisinin notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Kapital Bankın əməkdaşı tərəfindən ona zəng gəlmiş “Anar adlı şəxsi tanıyırsız, həmin şəxs sizin kartınızdan pul oğurlamaq istəyir” demişlər o da tanımadığını bildirmişdir. Onlar kartı yeniləmək istədiklərini və həqiqətən həmin şəxsin özü olmasını təsdiqləmək üçün canlı danışmalı olduğunu ona bildirmiş, o da danışa biləcəyini demişdir. Onlar ona şəkil çəkməli olduğunu, beləcə tətbiqi yeniləyəcəklərini və kartından pul götürülməyəcəyini bildirmişlər. Özü işdə olduğundan və internet zəif olduğundan əməliyyat prosesi uzun çəkmişdir. Sonda əməliyyatın uğurla yerinə yetirilməsi barədə ona sms gəlmişdir. Sonra onun Kapital bank kartında olan 500 manat pul vəsaitini dedikləri karta yükləmiş və 1 saat sonra həmin pul vəsaitini kartına yüklənəcəyini bildirmişlər. Aradan bir saat keçdikdən sonra mobil tətbiqə daxil olmuş və həmin 500 manat vəsaitin yüklənmədiyini görmüş və 196 çağrı mərkəzinə zəng etmiş və ona zəng etmiş nömrəni onlara dedikdə bank əməkdaşı ona belə bir nömrənin olmadığını və karta hücum olduğunu və bloklamalı olacağını bildirmişdir. Sonra o polis şöbəsinə getmiş və şikayət etmişdir. Polis şöbəsi tərəfindən o Kapital Banka yönləndirilmiş və o Kapital banka getdikdə ona 700 manat kredit götürdüyünü bildirmişlər. O kredit götürmədiyini bildirsə də, ona həmin məbləğlərlə bağlı bank tərəfindən çıxarış təqdim olunmuşdur. O həmin çıxarışları polis şöbəsinə təqdim etmişdir. Hazırda polis şöbəsində araşdırma gedir. İddiaçı daha sonra izahatında videogörüntülü danışdığını, lakin danışdığı zaman ona 700 manat kredit məbləğinin təklif edilməsi və onun tərəfindən həmin məbləğin qəbul edilməsi ilə bağlı aralarında danışıq olmadığını bildirmişdir. Kapital bankla onun arasında bağlanan elektron müqavilədən və 700 manat kredit məbləğindən xəbəri olmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş lakin məhkəməyə izahat ünvanlayaraq bildirmişdir ki, icra qeydi tam qanunauyğun aparılmışdır. Təqdim edilən sənədlər əsasında əsas borc və faiz borcu göstərilmişdir. Cavabdehin qeyd etdİklərinin banka heç bir aidiyyəti yoxdur. Cavabdeh kiminsə tərəfindən aldadılmışıdırsa bu birbaşa onun öz səhvinə görə baş vermişdir. Kredit onlayn qaydada videorolik vasitəsi ilə eyniləşmə aparılaraq rəsmiləşdirilmişdir. Belə ki, məhkəməyə tədim olunan sənədlərdən də görünür ki, cavabdehin görüntüləri Azərbaycan Respublikası DİN-nin portalında olan məlumatlarla yoxlanıldıqdan sonra öz təsdiqini tapmış və sonradan həmin vəsait hesabına köçürülmüşdür. Cavabdehin kiməsə məxfi məlumatları verməsinin məsuliyyəti öz üzərinə düşür. Təqdim olunmuş sənədlərdən də görünür ki, 2 dəfə imtina edilmiş 3-cü dəfə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası DİN-nin sənədinə nəzər salınsa oradan da açıq aşkar görünür ki, kreditə müraciət cavabdehə məxsus telefon nömrəsindəndir. Kreditlə bağlı sifariş cavabdehin istifadəsində olan ***-***-**-** nömrəsindən edilmişdir. Hesab edirlər ki, icra qeydinin ləğvi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı özü müraciət etmiş, kredit rəsmiləşdirmişdir. Bununla bağlı rəsmiləşdirməni əks etdirən videorolik disk şəklində məhkəməyə təqdim olunmuşdur. xx.xx.2025-ci il tarixli Kredit müqaviləsinə əsasən ona onlayn qaydada 12 ay müddətinə 38 faizlə 700 manat kredit verilmiş, vaxtında ödənişlər edilmədiyinə görə gecikmə yaranmışdır. Cavabdehin qeydiyyatda olduğu və yaşadığı evə bildiriş göndərilmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Kreditin iddiaçıya verilməsi və iddiaçının bu günə nə qədər borcunun olmasını sübut edən sənədlər işə əlavə olunmuşdur. Bir daha bildirirlər ki, iddiaçının borcu sənədlərlə, hesabdan çıxarışlarla və tərəflərindən tərtib edilmiş maliyyə arayışı ilə sübut olunur. İddiaçının xx.xx.2025-ci il tarixə 700 manat əsas və 176,79 manat isə faiz borcu olmaqla, cəmi 876,79 manat borcu vardır. İddiaçı Lerik rayon Dövlət Notariat ofisinin xx.xx.2025-ci il tarixli 8İ-1178 nömrəli icra qeydinin ləğv edilməsi barədə iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh Lerik rayon Dövlət Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2025-ci il tarixli, GTZK2503503C299 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı illik 38% dərəcəsi ilə 12 ay müddətinə 700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2025-ci il tarixli, GTZK2503503C299 saylı kredit müqaviləsinə əsasən ona illik 12 ay müddətinə, 38% dərəcəsi ilə 700 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Cavabdeh2 ASC-nin müştərisi olan İddiaçı xx.xx.2025-ci il tarixə Cavabdeh2 ASC-yə xx.xx.2025-ci il tarixli, GTZK2503503C299 saylı kredit müqaviləsi üzrə 700 (yeddi yüz) manat əsas və 176,79 (yüz yetmiş altı manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 876,79 (səkkiz yüz yetmiş altı manat yetmiş doqquz qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-734-16/MH21993 nömrəli bildirişdən görünür ki, Cavabdeh2 ASC ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən, ona 12 ay müddətinə, illik 38 faiz hesablanmaqla, 700 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 700 manat, faiz borc məbləği 181,58 manat olmaqla, 881,58 manat məbləğində ümumi borcu, gecikmə günü 98 gün olmaqla 382,19 manat məbləğində gecikmə yaranmışdır. O qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi ondan tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi ona bildirilmişdir. İş materiallarında olan Lerik rayon Dövlət notariat Ofisinin 8İ-1178 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, GTZK2503503C299 nömrəli müqaviləyə əsasən ödənilməmiş 881,58 (səkkiz yüz səksən bir manat əlli səkkiz qəpik) manat borc və tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 906,59 (doqquz yüz altı manat əlli səkkiz qəpik) manat pulun İddiaçı tutularaq Cavabdeh2Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Lerik rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Lerik rayon dövlət notariat kontorunun 8İ-1178 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Lerik rayon İcra və probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli, e81373/2025-56-5 nömrəli bildirişdən görünür ki, xx.xx.2025-cü il tarixli qərarla icraata başladıqları Lerik Rayon Notariat Kontorunin 8İ-1178 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi xahiş olunmuşdur. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinin 11 mart 2024-cü il tarixli, 3-13-54-1-HK-1-27 nömrəli arayışından görünür ki, vətəndaş İddiaçı məxsus kart hesabından xəbəri olmadan 700 manat kredit rəsmiləşdirilmiş, lakin həmin məbləğ naməlum şəxsin hesabına yönləndirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2025-ci il tarixli, GTZK2503503C299 saylı kredit müqaviləsinə əsasən ona illik 12 ay müddətinə, 38% dərəcəsi ilə 700 manat məbləğində kredit verilmiş, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmiş, İddiaçı xx.xx.2025-ci il tarixə Cavabdeh2 ASC-yə xx.xx.2025ci il tarixli, GTZK2503503C299 saylı kredit müqaviləsi üzrə 700 manat əsas və 176,79 manat faiz borcu olmaqla, cəmi 876,79 manat borcu yaranmış, borc məbləği ödənilmədiyindən Lerik rayon dövlət notariat kontorunun 8İ-1178 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydi verilmiş, icra qeydi Lerik rayon icra şöbəsinə yönəldilmiş və xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Dövlət Notariat ofisinin notariusu tərəfindən qəbul edilmiş 03 iyul 2025-ci il tarixli, 8İ-1178 reyestr nömrəli icra qeydinin ləğv olunmasını xahiş edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin: 224-cü maddəsinə əsasən, Notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Mülki iş materiallarından göründüyü kimi, Cavabdeh2 ASC ilə cavabdeh İddiaçı arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2025-ci il tarixli, GTZK2503503C299 saylı kredit müqaviləsi üzrə borcun vaxtında qaytarılma öhdəliyini öz üzərinə götürmüş borclunun öhdəliyini yerinə yetirməməsi nəticəsində tələbkarın ərizəsi əsasında Lerik rayon Dövlət Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə 8İ-1178 reyestr nömrəli icra qeydi verilmiş və həmin icra qeydi icra edilməsi üçün aidiyyəti üzrə İcra şöbəsinə göndərilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın: 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. 162-ci bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Lerik rayon Dövlət notariat Ofisinin 8İ-1178 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən müəyyən olunur ki, notarius “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan 881,58 manat borcun tutulması barədə icra qeydi vermişdir. Göründüyü kimi, tərəflər arasındakı müqavilə xx.xx.2025-ci il tarixdə bağlanmaqla həmin müqavilə əsasında borcun geri qaytarılma müddəti xx.xx.2026-cı il tarixi müəyyən edilmişdir. Müqavilə üzrə borcun geri qaytarılmaması tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Beləliklə də, borclunun tələbkar qarşısında borc məbləğinin mübahisəsiz olması, tələbkar qarşısında borcu ödəmək öhdəliyini yaratması, eyni zamanda tələbetmə hüququ üzrə iddia müddətinin keçməməsi – bütün bu sadalananlar əsasında verilmiş icra qeydinin qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanula nəzərdə tutulmuş qaydada verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin adına kredit onlayn qaydada videorolik vasitəsi ilə eyniləşmə aparılaraq rəsmiləşdirilmiş, cavabdehin görüntüləri Azərbaycan Respublikası DİN-nin portalında olan məlumatlarla yoxlanıldıqdan sonra öz təsdiqini tapmış və sonradan həmin vəsait hesabına köçürülmüş, kreditlə bağlı sifariş cavabdehin istifadəsində olan ***-***-**-** nömrəsindən edilmiş və kredit rəsmiləşdirmiş, xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən ona onlayn qaydada 12 ay müddətinə 38 faizlə 700 manat kredit verilmiş, vaxtında ödənişlər edilmədiyinə görə gecikmə yarandığından tələbkar icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etmiş və müraciət əsasında Lerik rayon Dövlət Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə 8İ-1178 reyestr nömrəli icra qeydi verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı məhkəmə iclasında icra qeydinin ləğv edilməsi üçün hər hansı bir qanun pozuntusu olmadığını etiraf etmiş, iddiaçının əsas məqsədinin xəbəri olmadan ona adına rəsmiləşdirilmiş kredit vəsaitinin kimin şəxsi hesabına yönləndirilməsi məsələsinin aydınlaşdırılması olduğunu bildirmiş, iddiaçı bununla əlaqədar aidiyyəti polis idarəsinə ərizə ilə müraciət etmiş, hazırda da müraciət əsasında araşdırma aparılmaqdadır. Buradan da göründüyü kimi, iddiaçı icra qeydinin ləğv edilməsi üçün qanun pozuntusu olmadığı halda icra qeydinin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar