Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-774/2024 17.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş ziyanın ödənilməsinin vaxtını gecikdirilməsinə və vəsaitin qanunsuz saxladığına görə, hər il 5% olmaqla, 8 il ərzində vurmuş 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı qaldırdığı iddiasına əsasən Lerik Rayon Məhkəməsinin 2(049)-456/2013 saylı, 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə cavabdehdən 16.000 manat tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Qətnaməyə əməl etməyən Cavabdeh tərəfindən vəsaitin qanunsuz saxladığına və gecikdirməsinə görə onun tərəfindən təkrar iddia qaldırılmış və Lerik Rayon Məhkəməsinin 2(048)-991/2016 saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsinə görə Cavabdeh gecikdirilmiş vaxt üçün 2027 (iki min iyirmi yeddi) manat tutularaq ona ödənilməsi təmin olunmuşdur. Cavabdeh bundan sonra da vəsaiti gecikdirərək, hissəhissə olmaq şərtilə ona cəmi 3500 manata qədər ziyanını ödəmişdir. Bundan başqa ona güzəşt kimi haradasa 500 manat da güzəşt edir və yenə də cavabdehin 12000 manat vəsaiti gecikdirməsi vardır. Cavabdehdən dəfələrlə vəsaiti hissə-hissə ödənilməsini tələb etsə də, cavabdeh artıq 8 ildir ki, borcu ödəmir. Respublikada gedən infilyasiyalara görə cavabdeh tərəfindən xeyli miqdarda ziyana salınmış və bu da onun b0ütün əsəblərini, səhhətini korlamışdır. Bu 8 il ərzində hər ili üçün 5% faiz olsa, deməli bu illik 800 manat edir. Həmin 800 manat da gecikdirilmiş vaxt olaraq 8 ildə təxminən 4800 manat edir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən onun cavabdehə olan 16000 (on altı min) manat borc pulun tutulması barədə qətnamə vardır. Həmin qətnamə onun müvəqqəti yaşayış yeri üzrə Xəzər Rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Tələbkar və o icra məmuru tərəfindən icra şöbəsinə dəvət olunmuş və aralarında hissəhissə ödəmə ilə bağlı razılaşma olmuşdur. İmkansızlıq səbəbindən həmin illər ərzində borcun ödənilməsini tam şəkildə həyata keçirə bilməmişdir. Borcun müəyyən qismini 2023cü ildə az da olsa ödəmişdirp. 2024-cü ilin may ayının 5-də tələbkar ilə aralarında hər ay 300 manat ödənişin olması ilə bağlı razılığa gəlmişlər. Hər ikisi bununla bağlı ərizə təqdim etmişdir. Həmin vaxtdan hazırki vaxtadək bir dəfə də olsun üzərinə götürdüyü öhdəliyi icra etməkdən yayınmamışdır. Hər ay 300 manat tələbkarın kart hesabına ödəniş edir və ödənişi təsdiq edən qəbzləri də etirazına əlavə edir. Odur ki, hazırki maddi imkanını, hissəhissə ödəmə ilə bağlı üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməyini nəzərə alıb iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də icra işi üzrə təqdim edilmiş icra icraatındakı sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik Rayon Məhkəməsinin 2(049)-456/2013 saylı, 27 dekabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Cavabdeh 16000 (on altı min) manat pulun tutularaq iddiaçı X1 verilməsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-991/2016 saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Cavabdeh 16000 manat pul vəsaitini qanunsuz saxladığına görə gecikdirilmiş vaxt üçün 2027 (iki min iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat olmaqla, cəmi 2057 (iki min əlli yeddi) manat pulun alınaraq İddiaçı Zeynalabidin oğluna verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2244/2016 saylı, 15 dekabr 2016-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Lerik Rayon Məhkəməsinin 2(048)-991/2016 saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin sorğusuna Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, tələbkarın hissə-hissə ödənişin olunması ilə bağlı şöbəyə verdiyi yazılı razılığı əsasında sözügedən icra sənədi üzrə bugünə qədər cəmi 5000 (beş min) manat borclu tərəfindən ödəniş olunmuş və hər ay 300-500 manat həcmində məbləğ tələbkarın xeyrinə ödənilir. Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən təqdim olunmuş icra işinin materiallarında olan tələbkar İddiaçı Zeynalabidin oğlu tərəfindən Xəzər Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, borclu tərəfindən 16.000 borc məbləğindən 500 manat ödəniş olunduğunu, bu ödənişi qəbul etdiyini, bundan sonra borclu tərəfindən hər ay qalıq borc məbləğindən hissə-hissə olmaqla 300 manat olmaqla ödəniş edəcəyinə söz verdiyini, onun bu qaydada ödəniş edilməsinə heç bir etirazının olmadığını, heç bir ödəniş etmədiyi halda məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən təqdim olunmuş icra işinin materiallarında olan borclu Cavabdeh tərəfindən Xəzər Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o tələbkar İddiaçı Zeynalabidin oğluna qaytarmalı olduğu borc məbləğindən hər ay 300 manat ödəyəcəyinə söz vermiş, ödəməcəyi halda məsuliyyət barədə xəbərdar olunmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən təqdim olunmuş icra işinin materiallarında olan müxtəlif vaxtlara dair ödəniş qəbzlərinin surətindən görünür ki, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı Zeynalabidin oğluna borc məbləğindən mütəmadi olaraq ödənişlər edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Lerik Rayon Məhkəməsinin 2(049)-456/2013 saylı, 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 16000 (on altı min) manat məbləğində pul tutularaq iddiaçı X1 verilməsi qət edilmiş, qeyd edilən qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, cavabdeh tərəfindən borc məbləği ödənilmədiyindən iddiaçı gecikdirilmiş vaxt üçün faiz pulunun ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət etmiş və Lerik Rayon Məhkəməsinin 2(048)-991/2016 saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 16000 manat pul vəsaitini qanunsuz saxladığına görə gecikdirilmiş vaxt üçün 2027 (iki min iyirmi yeddi) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh 16000 (on altı min) manat məbləğində pulun hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılıq əldə etmiş və hər iki tərəf Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək razılıqlarını bildirmişlər. Hazırda iddiaçı 2016-cı il tarixdən hazırki vaxtadək ödənilməmiş borca görə hər il 5 faiz olmaqla 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulun onun xeyrinə ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. İddiaçı iddia tələbini borclu Cavabdeh tərəfindən Lerik Rayon Məhkəməsinin 2(049)- 456/2013 saylı, 27 dekabr 2013-cü il tarixli qətnaməsi ilə ödəməli olduğu 16.000 manat məbləğində borcdan ödənilməmiş 12000 manat vəsaitin hazırki tarixədək olan müddətdə hər hansı üzrlü səbəb olmadan müxtəlif əsassız bəhanələrlə gecikdirməsi və icra etməməsi ilə əsaslandırmışdır. Tərəflər arasında pulun qaytarılması ilə bağlı münasibətlər yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikasının 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında da göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə qeyd edir ki, 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin yeni redaksiyasına əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən (zamana görə qüvvədə olan redaksiyası) irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 2024-cü il 29 mart tarixli Qərarının məzmunundan aydın olur ki, burada önəmli olan məsələlərdən biri əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının vaxtında həyata keçirilməsi prosesinə cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilibtörədilməməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub olmamasının düzgün müəyyən edilməsidir. Ümumiyyətlə, məhkəmə zərərin həcminə qiymət verərkən istənilən halda tərəflərin, borcun yönələcəyi əmlakın sahibinin davranışlarının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını, eləcə də öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-nin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edib-etməmələrini, icranın təmin olunmasına maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinib-çəkinməmələrini araşdırmalı və qiymətləndirməlidir. Məhkəmə ümumiləşdirilmiş məhkəmə təcrübəsinə əsasən hazırki mübahisə üzrə icra sənədi verilmiş qətnamə üzrə icra işinin materialları ilə bilavasitə tanış olduqdan sonra bu qənaətə gəlmişdir ki, iddiaçı bir dəfə 2016-cı il tarixdə cavabdeh tərəfindən borc məbləği ödənilmədiyindən gecikdirilmiş vaxt üçün faiz pulunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və Lerik Rayon Məhkəməsinin 2(048)-991/2016 saylı, 12 avqust 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən 16000 manat pul vəsaitini qanunsuz saxladığına görə gecikdirilmiş vaxt üçün 2027 (iki min iyirmi yeddi) manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, daha sonra isə iddiaçı ilə cavabdeh 16000 manat məbləğində pul vəsaitinin hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılıq əldə etmiş və hər iki tərəf Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək razılıqlarını bildirmişlər. Belə olan halda iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün faiz pulunun ödənilməsini tələb etməsi əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-774/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-774/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver