Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-794/2024 29.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 809 (səkkiz yüz doqquz) manat əsas borc, 02 aprel 2024-cü il tarixindən hazırki vaxta qədər yəni 13 avqust 2024-cü il tarixinə kimi ödənməmiş gecikdirdiyi hər ay üçün (əldən çıxmış faydaya görə) 20% olmaqla (809 x 20%=161.80 x 4 ay=647.20 ) 647,2 (altı yüz qırx yeddi manat iyirmi qəpik) manat faiz borcu və 38 (otuz səkkiz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1494,2 (min dörd yüz doxsan dörd iyirmi qəpik) manat borcun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik şəhəri, Avtovağzal ərazisində E.Qarayev küçəsində yerləşən ona məxsus pərakəndə ticarət dükanında fiziki şəxs qismində çalışır. Cavabdeh əvvəllər tanıdığı X5 02 aprel 2024-cü il tarixindən ondan nisyə alış-veriş etmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək, 2024-cü ilin aprel ayından başlayaraq müxtəlif vaxtlarda 809 (səkkiz yüz doqquz) manat dəyərində müxtəlif çeşiddə mal və tütün məmulatlarını nisyə aparmış, lakin indiyə kimi həmin apardığı malların dəyərini ödəməmişdir. O, cavabdehə müxtəlif vaxtlarda zəng edərək pulun qaytarılması ilə bağlı xəbərdarlıq etsə də, cavabdeh apardığı malların pulunu verməkdən yayınmağa davam edir. Məlumat üçün bildirir ki, cavabdeh X5 həmin vaxtlarda Lerik rayon Kommunal Təsərüfatı idarəsində fəhlə işləyirdi. Sonuncu dəfə də, cavabdehə zəng edib borcu qaytarmasını tələb etsə də, cavabdeh onu hədələmiş və borcunu verməyəcəyini bildirmişdir. Məlumat üçün bildirir ki, cavabdeh X2 ondan əldə etdiyi malların aparılması barədə, dükanda olan təhlükəsizlik kameralarının video görüntüləri mövcuddur. Ona dəymiş maddi ziyanın tam dəyəri və hər gecikmiş ay üçün dəymiş ziyan aylıq 20% olmaqla hesablanmalıdır. Lerik Rayon Məhkəməsinin 2(048)-794/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh X1 1 ədəd “alpengold” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, 1 ədəd kişi qol saatı dəyəri 13 (on üç) manat, 1 ədəd üzqırxan maşın “fillips” markalı dəyəri 30 (otuz) manat, 7 paket “Vinston” markalı siqaret dəyəri 29,4 (iyirmi doqquz manat qırx qəpik) manat, 1 ədəd qadın qol saatı dəyəri 8 (səkkiz) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret və bir ədəd qələm dəyəri 8,6 (səkkiz manat altmış qəpik) manat, 1 ədəd “tefal” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, 2 paket “Vinston” markalı siqaret və bir ədəd qələm dəyəri 8,6 (səkkiz manat altmış qəpik) manat, 4 paket “Vinston” markalı siqaret və bir ədəd alışqan dəyəri 17,2 (on yeddi manat iyirmi qəpik) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 5 paket “Vinston” markalı siqaret və 1 ədəd işıqlı alışqan dəyəri 21,6 (iyirmi bir manat altmış qəpik) manat, 1 ədəd cipsi kəsən dəyəri 1,6 (bir manat altmış qəpik) manat, 10 paket “maqna” markalı siqaret dəyəri 28 (iyirmi səkkiz) manat, 10 paket “Vinston” markalı siqaret dəyəri 44 (qırx dörd) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 10 paket boz “Maqna” markalı siqaret dəyəri 28 (iyirmi səkkiz) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 37 (otuz yeddi) manat, 8 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 8 paket “Vinston” markalı siqaret dəyəri 33 (otuz üç) manat, 1 ədəd “prestij” markalı şirəçəkən maşın dəyəri 76 (yetmiş altı) manat, 4 paket “Vinston” markalı siqaret dəyəri 16,8 (on altı manat səksən qəpik) manat, 8 paket “Vinston” markalı siqaret və qab setkası dəyəri 34 (otuz dörd) manat, 9 paket “Vinston” markalı siqaret dəyəri 37 (otuz yeddi) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat, 2 paket “Vinston” markalı siqaret dəyəri 8,4 (səkkiz manat qırx qəpik) manat və 10 paket boz “maqna” markalı siqaret dəyəri 26,8 (iyirmi altı manat səksən qəpik) manat olmaqla, cəmi 809 (səkkiz yüz doqquz) manat borc pulun və 38 (otuz səkkiz) manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o Lerik şəhəri, E.Qarayev küçəsində yerləşən özünə məxsus ticarət dükanında min bir xırdavat və tütün məmulatlarının satışı ilə məşğul olur. Belə ki, 2024-cü ilin aprel ayından cavabdeh dükana gələrək ondan nisyə olaraq məişət əşyaları və tütün məmulatları (siqaretlər) götürmüş, lakin hazırki vaxtadək pulunu ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik Rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1 ədəd alpengold ətçəkən maşın 85 (səksən beş) manat, 1 ədəd kişi qol saatı 13 (on üç) manat, 1 ədəd üzqırxan maşın fillips 30 (otuz) manat, 99 paket viniston siqaret 415,8 (dörd yüz on beş manat səksən qəpik) manat, 10 paket nazik viniston siqaret 44 (qırx dörd) manat, 30 paket boz maqna siqaret 84 (səksən dörd) manat, 1 ədəd qadın qol saatı 8 (səkkiz) manat, 2 ədəd qələm (0,40 qırx qəpik) qəpik, 1 ədəd ətçəkən tefal maşın 85 (səksən beş) manat, 1 ədəd alışqan 0,40 (qırx qəpik) qəpik, 1 ədəd işıqlı alışqan 0,60 (altımış qəpik) manat, 1 ədəd prestij sokçəkən maşın 76 (yetmiş altı) manat, 2 ədəd qab setkası 0,40 (qırx qəpik) qəpik təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı özünə məxsus dükanda müxtəlif min bir xırdavat mallarının və tütün məmulatlarının (siqaretin) ticarəti ilə məşğul olur. Cavabdeh X4 tanıyır. Belə ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya məxsus dükandan nisyə müxtəlif xırdavat malları və tütün məmulatları götürmüş, həmin mallara görə müxtəlif məbləğlərdə ödənişlər etmiş və beləliklə onlar arasında nisyə alqı-satqı münasibətləri yaranmışdır. Cavabdeh müxtəlif vaxtlarda idddiaçıdan nisyə götürdüyü və ödəmədiyi malların dəyərini ödəməyi öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin aşağıdakı müddəaları baxımından müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yarandığı üçün iddiaçının hazırki tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları və iş materiallarını nəzərə alaraq tərəflər arasında yaranmış münasibətləri nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, iddiaçı malları cavabdehə verməklə öhdəliyini icra etmiş, cavabdeh X5 isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntülərə baxış zamanı videogörüntülərdə cavabdehin iddiaçıya məxsus dükana müxtəlif vaxtlarda gəldiyi və iddiaçıdan müxtəlif vaxtlarda “Veqastar” markalı ətçəkən maşın, kişi qol saatı, filips markalı üzqırxan maşın, prestij markalı şirəçəkən maşın, “Texnolux” markalı ətçəkən maşın, qadın qol saatı və 1 paket “vinston” markalı siqaret götürdüyü müəyyən edilmişdir. Məhkəmə malların dəyəri ilə bağlı hissəyə münasibət bildirərək qeyd edir ki, müstəqil qiymətləndirici tərəfindən verilən rəydə qeyd edilən malların dəyəri ağlabatan olduğundan, malların dəyəri rəydə qeyd edilən qiymətlərə uyğun olmalıdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində digər müxtəlif çeşiddə min bir xırdavat mallarını və tütün məmulatlarını (siqareti) cavabdehə nisyə verdiyini qeyd etsə də, bunu jurnalda qeydiyyat aparması ilə əsaslandırsa da, məhkəmə iclasında aparılmış araşdırma zamanı həmin qeydiyyat jurnalında qeyd edilən dəyərdə malların məhz cavabdehə verilməsi və həmin malların cavabdeh tərəfindən qəbul edilməsi barədə jurnalın hər hansı yerinə qeydiyyat aparılması müəyyən edilməmiş, iddiaçı tərəfindən də buna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 “Veqastar” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, kişi qol saatı dəyəri 13 (on üç) manat, “Filips” markalı üzqırxan maşın dəyəri 30 (otuz) manat, “Prestij” markalı şirəçəkən maşın dəyəri 76 (yetmiş altı) manat, “Texnolux” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, qadın qol saatı dəyəri 8 (səkkiz) manat, 1 paket “Vinston” markalı siqaret dəyəri 4,2 (dörd manat iyirmi qəpik) manat olmaqla, cəmi 301,2 (üç yüz bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 “Veqastar” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, kişi qol saatı dəyəri 13 (on üç) manat, “Filips” markalı üzqırxan maşın dəyəri 30 (otuz) manat, “Prestij” markalı şirəçəkən maşın dəyəri 76 (yetmiş altı) manat, “Texnolux” markalı ətçəkən maşın dəyəri 85 (səksən beş) manat, qadın qol saatı dəyəri 8 (səkkiz) manat, 1 paket “Vinston” markalı siqaret dəyəri 4,2 (dörd manat iyirmi qəpik) manat olmaqla, cəmi 301,2 (üç yüz bir manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-794/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-794/2024
29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver