Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-960/2025 15.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat məbləğində borcun və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, o və oğlu Nicat Lerik rayonu Veri Əliabad kəndində pomidor istixanasında fəhlə işlədikləri zaman istixanada onunla birlikdə işləyən Lerik rayonu Veri Əliabad kənd sakini Cavabdeh şifahi alqı-satqı müqaviləsi əsasında 2000 (iki min) manat ona verməklə inək almışdır. Bir aydan sonra inək xəstələnmiş və buna görə Vahidə müraciət etmişlər. Vahid gəlib inəyi onlardan alıb aparmışdır ki, sağaldıb qaytarsın. Ancaq o inəyi aparmış sonra isə geri qaytarmamışdır. Ona belə olduğu halda pulunu yəni 2000 (iki min) manatını geri verməsini desələr də, lakin Vahid pulu ona geri verməmişdir. Bundan sonra polisə bu barədə müraciət etmiş lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, oğlu Nicat və Cavabdeh bir yerdə istixanada işləmişlər. O, inək almaq istəmiş, Vahid də oğlu Nicata onun təsərrüfatında inək olduğunu və axtarmamasını demişdir. Oğlu Nicat evə gəlmiş, ona Vahiddə inək olduğunu və 2000 (iki min) manata satdığını demişdir. Onlar Vahiddən inəyi alıb həyətlərinə gətirmişlər. Bir müddət sonra inəyin arxa nahiyyəsindən maye ifraz olduğunu görmüş, bu barədə Vahiddən soruşmuş, Vahid ona inəyin daxili təmizləməsini həyata keçdiyini, inəyin 3 aya bala verəcəyini bildirmişdir. Bundan 2-3 gün sonra Vahid təkrar gəlmiş, inəyə iynə vurmuş, iynə vurmağının səbəbini isə xəstəlik tutmamasını bildirmişdir. O, inəyin südünü sağmaq istəmiş, süddən istifadə etmək istədikdə pis qoxu gəldiyini görmüş və Vahidə zəng etmişdir. Vahid təkrar olaraq ona inəyin bala verəcəyini, bu səbəbdən belə olduğunu bildirmişdir. O, 3 ayın tamam olmasına az qalmış Vahidə zəng etmiş və inəyin xəstə olduğunu bildirmişdir. Vahid ona inəyi qaytarmasını, ona başqa inək verəcəyini bildirmişdir. O, Vahidə inəyi qaytarmış, lakin Vahid ona nə pul, nə də başqa heyvan vermişdir. O, cavabdehin heyvanın müalicəsinə sərf etdiyi pul vəsaitini nəzər alaraq, 600 manat iddia edilən məbləğdən çıxılmasına razı olduğunu, qalan məbləğin ona ödənilməsini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, “Smental” və “İvanovka” cinsindən olan inəklər saxlayır. Həmin heyvanların mühitə uyğunlaşması çətindir. Həmin heyvanların mühitə uyğunlaşması üçün uzun müddət lazımdır. Soyuq və yağışlı havada həmin heyvanları ev şəraitində saxlayır. Onlara xüsusi qulluq göstərməklə, ildə bir dəfə onların müalicəsi üçün iynə və dərman vasitələrindən istifadə edir. Həmin heyvanların süd verimi 30 litrə qədərdir. Gündəlik yem rasionu düzgün verilmədikdə həmin heyvanların süd verimi 5-6 litrə qədər düşür. Mahiyyəti üzrə bildirir ki, 2024-cü ilin iyun ayında iddiaçıya iki heyvan göstərmiş, hansını istəsə seçib götürə biləcəyini demişdir. O, heyvanı sağlam şəkildə iddiaçıya vermiş, iddiaçı da ona 1300 manat pulu həmin vaxt vermiş, qalan 700 manat pulu sentyabr ayına kimi vermişdir. O, heyvanı iddiaçıya satan zaman heyvanın boğaz olduğunu və dekabr ayında bala verəcəyini bildirmişdir. O, heyvanı satan zaman heyvanda heç bir xəstəlik olmamış, hevan sağlam olmuşdur. İddiaçı heyvana baxmadığı üçün heyvan xəstələnmişdir. İddiaçı ona zəng etmiş və heyvanın xəstə olduğu bildirmiş, o da heyvanın qızdırmasını ölçmələrini, baytar həkimə müraciət etmələrini izah etmişdir. O, iddiaçıya heyvanın bədən hərarətinin yüksək olmasının heyvan üçün təhlükəli olduğunu, heyvanın balasının tələf ola biləcəyini bildirmişdir. Bundan sonra iddiaçı heyvanı ona qaytarmış, heyvan qaytarılan zaman o heyvanın bədən hərarətini ölçmüş və 41,5 dərəcə olmasını müşahidə etmişdir. O, 1 ay 15 gün müddətində heyvanı bağlı şəraitində saxlamış, müalicə etmiş, yemini vermişdir. Ümumilikdə heyvanın sağalması üçün 1200 manat pul xərcləmişdir. İnəyin balası iddiaçıda olan zaman tələf olmuşdur. İddiaçı tələb etdiyi məbləğdən çəkilmiş xərcə görə 600 manat çıxılmasını istəsə də, həmin məbləğ azdır, o heyvanın müalicəsinə çox xərc çəkmişdir. Heyvana çəkdiyi xərcləri yəni yemə və müalicəsinə sərf etdiyi pulu, eyni zamanda doğulmalı olan buzovun dəyərinin hesablanaraq borc məbləğindən çıxılmasını xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Lerik Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Epizootik tədbirlər şöbəsinin aparıcı baytar həkimi X1 izahatında bildirmişdir ki, videogörüntülərə baxış zamanı heyvanın diri çəkisinin təxminən 200-220 kiloqram təşkil etdiyi, heyvan satıldığı zaman təxminən 3 aylıq boğaz olduğu, yəni boğazlığın birinci dövründə olduğunu müşahidə etmişdir. Heyvanının balası tələf olmuş, tələf olunmasının səbəbi isə müxtəlif xəstəliklər ola bilər. Boğaz heyvanın balası tələf olduğu zaman 14 gün müddətinə arxa nahiyyəsindən maye ifraz olunur və daxilində təmizlənmə gedir. Boğaz heyvan doğuşa iki ay qalmış artıq sağılmır. Heyvanın hərarətinin müalicəsinə təxmini baytar həkimin xərci 25 manat və dərman vasitələrinə 100 manat olmaqla, 125 manat sərf oluna bilər, tələf olmuş buzovun həmin zaman dəyəri təxminən 300 manat təşkil edir. Sonradan İddiaçı iddia tələbi həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək hazırda cavabehlə ona ümumi olaraq 1300 (min üç yüz) manat pulun ödənilməsi ilə bağlı razılığa gəldiklərini, cavabdehin ona 400 (dörd yüz) manat ödəniş etdiyini, qalan 900 (doqquz yüz) manat pulu tələb etdiyini bildirərək, Cavabdeh 900 (doqquz yüz) manat məbləğində borcun və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək hazırda iddiaçı ilə ona ümumi olaraq 1300 (min üç yüz) manat pulun ödənilməsi ilə bağlı razılığa gəldiklərini, onun tərəfindən iddiaçıya 400 (dörd yüz) manat ödəniş edildiyini, qalan 900 (doqquz yüz) manat pulu ödəməyi öhdəsinə götürdüyünü, ondan 900 (doqquz yüz) manat məbləğində borcun və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, Cavabdeh ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 191.3, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-960/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-960/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver