Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1060/2023 01.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ** EN *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən etibarnamə əsasında Cavabdeh sərəncamında olmuşdur. Aralarındakı razılaşmaya görə, Cavabdeh "Uber" şirkəti vasitəsilə taksi fəaliyyəti həyata keçirəcək və bunun qarşılığında avtomobildən istifadəyə görə əldə etdiyi gəlirin 70%-ni ona verəcək, 30%-ni isə özündə qazanc kimi saxlayacaqdır. xx.xx.2023-cü il tarixində cavabdeh yol nəqliyyat hadisəsi törədərək hadisə yerini tərk etmiş və bu barədə ona məlumat verməmişdir. Bununla bağlı Bakı BDYPİ-nin inspektoru tərəfindən cavabdeh barəsində İXM-in 327.1,327.6 və 327.7-ci maddələri ilə İXP ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta protokolunun cərimələrinin ödənilməyəcəyi təqdirdə avtomobil barəsində axtarış elan edilərək duracağa təmin ediləcək və cərimə məbləği olan 100 manat ödənilməyəcəyi təqdirdə duracaqdan buraxılmayacaqdır. xx.xx.2023-cü il tarixində cavabdeh növbəti dəfə yol-nəqliyyat hadisəsi törətmiş, ** EN *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı həmin avtonəqliyyat vasitəsini dəmir maneəyə çırpmış, nəticədə avtonəqliyat vasitəsinə maddi zərər dəymişdir. Qəza barədə ona məlumat verilmiş və avtonəqliyyat vasitəsinə dəymiş zərərin cavabdehin özü tərəfindən qarşılanacağı ilə bağlı razılıq əldə olunmuşdur. Lakin sonra cavabdeh verdiyi vədə əməl etməyərək, hər hansısa ödəniş etməkdən boyun qaçırmış və ümumiyyətlə onunla əlaqə saxlamaq mümkünsüz olmuşdur. Avtonəqliyyat vasitəsinə dəymiş zərər Mərkəzi Bankın reyestrində qeydiyyatdan keçmiş müstəqil eksperti Əmrulla Kərimov tərəfindən qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixli "Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 860 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirilmənin həyata keçirilməsi üçün müstəqil ekspertə 50 manat ödəniş həyata keçirilmişdir. Bundan sonra o, 860 manat vəsaiti təmir fəaliyyəti ilə məşğul olan Etibar adlı təmirçiyə verib avtomobilini təmir elətdirmişdir. Avtonəqliyyat vasitəsi 12 təqvim günü ərzində təmir prosesində olmuş, bu isə mülkiyyətçinin gündəlik orta hesabla 50 manat ümumilikdə 600 AZN xalis gəlirdən məhrum olmasına səbəb olmuşdur. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1610 manat məbləğində vəsaitin və ödənilmiş 36.10 manat dövlət rüsumunun, 0.40 manat bank xidməti xərcinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddiasını müdafiə edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** EN *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat İddiaçı mülkiyyətindədir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, İddiaçı mülkiyyətçisi olduğu ** EN *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyatı etibarnamə əsasında idarə etmək üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2031-ci il tarixədək Cavabdeh vermişdir. Bakı BDYPİ-nin xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta protokolundan görünür ki, cavabdeh barəsində İXM-in 327.1,327.6 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Müstəqil ekspert rəyindən və kassa mədaxil orderindən, eləcə də “Toyota Prius” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşının qəzadan sonrakı fotoşəkillərindən görünür ki, müstəqil sığorta eksperti X1 tərəfindən sifarişçi İddiaçı məxsus və yol nəqliyyat qəzasına uğramış “Toyota Prius” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşına yerində baxış keçirilərək avtomobilə dəymiş ziyanın 860 manat məbləğini olduğu təyin edilmiş və göstərdiyi xidmətə görə müstəqil ekspertə 50 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarına dəvət edilsə də, səbəbini göstərmədən gəlməmiş, iddiaya qarşı yazılı etiraz verməmiş, susmuş və məhkəmə bunları onun tərəfindən iddiaçının irəli sürdüyü dəlilləri etiraf etmiş kimi qəbul edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya ziyan vurduğu təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, Cavabdeh 1610 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 36.10 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərcini ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36.10 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1610 manat məbləğində pul və ödənilmiş 36.10 manat məbləğində dövlət rüsumu, 0.40 manat bank xidmət xərci olmaqla cəmi 1646.50 manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-1060/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1060/2023
01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver