Məhkəmə qərarları › İş №2(049)-1087/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1087/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1087/2025 23.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat pul, ödənilmiş 70 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə cavabdeh sex avadanlığı almaq üçün ondan 5000 manat pul borc almış və iki ay müddətində həmin borcu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, bu günə kimi borcunu qaytarmamışdır. Borc alarkən əvəzinə heç bir əmanət, o cümlədən qızılzinət əşyası girov saxlamamışdır. Borcun götürülməsi ilə bağlı öz xətti ilə yazılı qəbz yazaraq ona təqdim etmiş və həmin qəbzi iki şahidin iştirakı ilə təsdiq edib ona vermişdir. Cavabdeh borcunu könüllü qaytarmadığı üçün onun başqa çıxış yolu qalmadığına görə məhkəməyə müraciət etməyə məcbur olmuş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirdi ki, Cavabdeh ona süd məhsulları istehsalı sexi olduğunu demiş, həmin sexdəki avadanlıqları təmir etmək üçün ondan 2 ay müddətinə 5000 manat borc pul istəmişdir. O da həmkəndlisi olan Cavabdeh həmin 5000 manat pulu iki şahidin iştirakı ilə qəbzlə vermişdir. Lakin, cavabdeh həmin borcu ona bu günə kimi könüllü olaraq qaytarmamış və o da məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmədən də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının gəlinidir. xx.xx.2024-cü ildə qaynatası İddiaçı onun iştirakı ilə Cavabdeh 2 ay müddətinə qaytarması şərtilə 5000 manat borc pulu vermiş və bu barədə onlar qəbzə imza etmişlər. O, Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı 5000 manat borc pulu 2 ay müddətinə qaytarmaq şərtilə aldığını təsdiq edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının oğludur. xx.xx.2024-cü ildə həmkəndlisi Cavabdeh atası İddiaçı 5000 manat borc pulu 2 ay müddətinə qaytarmaq şərtilə aldığını təsdiq edir. Bu barədə qəbzə imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş qəbzdən görünür ki, sex avadanlığı almaq üçün Cavabdeh 24 may 2024-cü il tarixdə İddiaçı iki ay müddətinə qaytarmaq şərtilə 5000 manat borc pul almıpşdır. Şahid qismində X1 və X2 da qəbzə imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı xx.xx.2024-cü ildə 2 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat pul borc almış, bunu sadə yazılı formada imzası ilə təsdiq etmişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iddiaya hər hansı rəsmi münasibət bildirməmiş, sadə yazılı formada olan imzanın ona məxsus olmamasını mübahisələndirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 70 manat dövlət rüsumu iş üzrə cavabdeh olan Cavabdeh aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində borc pul və ödənilmiş 70 manat dövlət rüsumu, cəmi 5070 manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində borc pul və ödənilmiş 70 manat dövlət rüsumu, cəmi 5070 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar