Məhkəmə qərarları › İş №2(049)-1110/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1110/2023

04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1110/2023 04.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2011-ci il təvəllüdlü X2 və 09 fevral 2015-ciı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 350 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavadeh Cavabdehdan ayrıldıqdan sonra iki övladı ilə birlikdə anasının evində yaşayır. xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən aliment istəmişdir və xx.xx.2022-ci ildə cavabdehlə aralarında mediasiya prosesində MŞL-01661 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə cavabdeh hər uşağa 100 (yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat alimenti hər ayın 15-nə kimi ödəyəcəkdi. Lakin cavabdeh barışıq sazişi imzaladıqdan bir neçə ay sonra ona xəbər göndərərək bildirmişdir ki, imkanı çatdığı qədər aliment ödəyəcək. Halbuki Mircalal barışıq sazişi imzalayanda hər ay bir uşağa 100, iki uşağa görə 200 manat aliment verəcəyinə söz vermişdi. Sözünü tutmadığı üçün qanunamüvafiq olaraq mediasiya prosesində bağlanmış MŞL-01661 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli Lənkəran rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış MŞL-01661 saylı barışıq sazişi təsdiq edilmişdir. Uşaqlar orta məktəbdə təhsil alırlar, hər il onların məsrəfləri, ərzaq məsullarının, geyim və məktəb ləvazimatlarının qiyməti qalxır. Cavabdehin ödədiyi 200 manatla uşaqların təlabatlarını ödəmək mümkün olmur. Kiçik oğlu Ağamehdi doğulandan nevroloji xəstəlikdən əziyyət çəkir, gözündə də problem var. Mütəmadi Bakı şəhərinə müayinə və müalicə üçün aparır, atasının ödədiyi iki yüz manat uşağın dərmanlarma çatmır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamış uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-ci ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını o, və anası çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh övladlarına qarşı heç bir diqqət və qayğı göstərmir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 28 fevral 2011-ci il təvəllüdlü X2 və 09 fevral 2015-ciı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, hazırda X8 Limanında inspektor vəzifəsində işləyir, əmək müqaviləsində əmək haqqı 500 manat qeyd edilmişdir, lakin müəyyən vergilər tutulduqdan sonra hər aylıq cəmi 425 manat əmək haqqı alır. Artıq 9 ildir ki, həmin vəzifədə işləyir və eyni əmək haqqını alır. Uşaqlarının saxlanması üçün məhkəmə tərəfindən ondan aliment 22 noyabr 2022-ci il tarixdə tutulmuşdur və həmin tarixdən hal-hazıradək maddi vəziyyətində müsbətə doğru heç bir müsbət dəyişiklik olmamışdır. Üstəlik ona məxsus olan və Lənkəran şəhərində yerləşən mağazanın icarəsindən əldə etdiyi 150 manat icarə haqqını da iddiaçıya ödəyir. Özünün isə əmək haqqından başqa heç bir gəliri yoxdur. Hazırki aliment miqdarını vaxtında iddiaçıya ödəyir. Alimentin miqdarı artırılacağı təqdirdə isə onu ödəyə bilməyəcək və olduqca ağır maddi duruma düşəcək. Eyni zamanda iddiaçı ilə birgə yaşayış dövründə kredit almışdır və hazırda həmin kredit ödənişlərini də özü ödəyir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-3647/2023 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə 28 fevral 2011-ci il təvəllüdlü X2 və 09 fevral 2015-ciı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat alimentin Cavabdeh alınıb İddiaçı ödənilməsi haqqında Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞL-01661 nömrəli barışıq sazişi təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır və müqavilədə Cavabdeh əmək haqqı 500 manat qeyd edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar