Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1111/2024 02.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.190 manat pulun və ödənilmiş 150.57 manat dövlət rüsumunun ümumilikdə 20.340,57 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona olan etibarından sui-istifadə edərək onu aldatmış və ona məxsus pul məbləğini mənimsəmişdir. Belə ki, cavabdeh 2019-cu ildə mənə Lənkəran şəhərində inşa edilən 50.000 (əlli min) manat dəyərində mənzili kredit yolu ilə almağında kömək edəcəyini deyərək, ilkin ödəniş kimi 20.000 (iyirmi min) manat pul məbləğinin lazım olduğunu bildirmişdir. Bu səbəbdən də iddiaçı ilkin olaraq Lənkəran şəhərində olarkən 5.500 ABŞ dolları pulu Cavabdeh vermişdir. Sonradan isə təxminən 10-15 gün sonra Zaur ona yenidən zəng vuraraq 20.000 manat pulu tamamlamaq üçün ona əlavə pul ödəməli olduğumu bildirmişdir. Həmin müddət ərzində o, Bakı şəhərində olduğundan onunla Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında görüşərək ona əlavə 11.000 (on bir min) manat məbləğində pul vermişdir. Lakin Cavabdeh verdiyi vədlərin heç birinə əməl etməyərək ilkin ödəniş olaraq verdiyi 20.000 manat pulun müqabilində mənzilin alınmasını təmin etməmişdir. İddiaçı ona dəfələrlə müraciət edərək mənzilin alınmasını təmin etməsini tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək bundan boyun qaçırmışdır. Bundan sonra iddiaçıda ona qarşı əsaslı şübhələr yaranmağa başlamışdır və cavabdehdən verdiyi pulu tələb etmişdir. O, pulu geri geri qaytaracağını söz versə də həmin pul məbləğini ona ödəməmişdir. Bəhanə olaraq bildirmişdir ki, həmin pulu ona qaytarmaq üçün bankdan kredit götürməlidir. Lakin yenidən kredit məbləği götürə bilməsi üçün banka olan 250 manat məbləğində kredit borcunu tam şəkildə bağlamalıdır. Onda 60 manat pulun olduğunu 190 manat pulun çatmadığını bildirərək iddiaçıdan öz işlədiyi mağazada qaytarmaq şərti ilə 190 manat məbləğində pul almışdır. Bu hadisədən sonra Zaur mağazadan çıxıb getmiş və onunla əlaqə yarada bilməməyi üçün telefonlarını söndürmüşdür. Daha sonra Cavabdeh verdiyim 20.000 (iyirmi min) manat dəyərində pulu ala bilmədiyi səbəbindən xx.xx.2021-ci il tarixdə Yasamal RPİ 29-cu PŞ-nə müraciət etmişdir. Müraciəti əsasında iş araşdırılmış Yasamal RPİ 29-cu PŞ-nə baş təhqiqatçısı Ruslan Əfəndiyev tərəfınən xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsaasən aralarında olan borc münasibətlərinin cinayət xarakterli olmadığı, mülki mübahisə predmeti olduğu müəyyənləşdirilərək cinayət işinin başladılması rədd edilmişir. Bu səbəbdən də hal-hazırda məhkəməyə müraciət etmək hüququndan istifadə edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh Lənkəran şəhərində “Böyük bazar”da yerləşən mağazada işləyərək, ayaqqabı satışı ilə məşğul olmuşdur. O, özü də həmin bazarda qonşu mağazada işlədiyindən Cavabdeh oradan tanımışdır. Zaur onun ev almaq istədiyini bilib ona ev alacağına köməklik edə biləcəyini bildirmişdir. Zaur ona bildirmişdir ki, Lənkəran şəhərində yeni yaşayış binası inşa edilir və həmin evi tikən şəxslər onun tanışlarıdır. Həmçinin bildirmişdir ki, evi alması üçün ilkin ödəniş etməlidir. O, da Zaurla razılaşaraq evin alınması üçün ona pandemiyadan əvvəl dəqiq xatırlamadığı tarixdə ilkin ödəniş kimi 5.500 ABŞ dolları məbləğində pul vermişdir. 5.500 ABŞ dolları məbləğində pulu o, Zaura işlədikləri bazarda Leyla adlı işçisinin yanında vermişdir. Sonradan Zaur ona yenə də ödəniş etmək lazım olduğunu bildirmiş və o, Bakı şəhərində Zaurla görüşərək 11.000 manat pulu da ona vermişdir. Lakin Zaur ona alacağı evi göstərməmişdir. Sonradan işin nəticəsini soruşduqda Zaur hər dəfə ona bildirirdi ki, bünövrə hələ atılmayıb. Bir müddətdən sonra Zaurun onu aldatdığını bilmişdir və verdiyi pulları ondan tələb etmişdir. Zaur ona bildirmişdir ki, bankdan kreditə pul götürərək onun bütün borcunu qaytaracaqdır. Zaur ona bildirmişdir ki, banka borcu vardır və kredit götürməsi üçün borcunu tam bağlamalıdır və bunun üçün ona 190 manat pul lazımdır ki, banka ödənişini etsin. O, da öz növbəsində yenə Zaura inanaraq ona 190 manat da pul vermişdir. Zaur pulları ondan aldıqdan sonra Bakıya köçmüşdür. Lakin pulu qaytarmadığını gördükdə polisə müraciət etmişdir. Polisdə Zauru çağırıb izahatını almışlar və müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyini məsləhət görüblər. Hal-hazıradək Zaur ona ödədiyi puldan heç bir vəsaiti ona qaytarmamışdır. İddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirdi ki, ona qarşı iddia tələbini qəbul etmir. Belə ki, o, əvvələr İddiaçı ilə birlikdə Lənkəran şəhərində “Böyük bazar”da işləmişdir. Elnarə ona bildirmişdir ki, onda pul var faizə verir. Ona pul lazım olduğundan 2016-cı ilin əvvəllərində Elnarədən 5.500 manat məbləğində faizə pul almışdır. Belə razılaşmışlar ki, hər aya görə o, Elnarəyə borcdan əlavə 12 faiz əlavə pul ödəyəcək. Hər ay Elnarənin pulunu 650, 700, 750 manat məbləğlərdə olmaqla ödəyib tam qurtarmışdır. Sonradan o, Elnarədən heç bir pul almamışdır. 2017-ci ilin dekabr ayında o, daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür və Lənkərana qayıtmamışdır. 2018-ci ilin fevral ayında Elnarə ona zəng vuraraq tələb etmişdir ki, pulunu qaytarsın, o, isə ona bildirmişdir ki, ona heç bir borcu qalmamışdır və pulunu tam olaraq qaytarıb. O, Elnarədən evin alınmasına köməklik göstərməsi üçün heç bir pul amamışdır. Elnarədən aldığı 5.500 manatı ona təklikdə qaytarmışdır. Bunu təsdiqləyəcək heç bir sübutu məhkəməyə təqdim edə bilmir. Polisdə aparılan araşdırma zamanı izahatında Elnarədən aldığı pulun məbləğini səhvən 5.500 manat əvəzinə 8.500 manat kimi qeyd etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iddiaçının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, qızı X3 ilə birlikdə “Böyük bazar”da işləmişdir. Elnarə pullarını saxlaması üçün Leylaya verirdi, qızı Leyla da həmin pulları saxlaması üçün ona vermişdir və lazım olduqda ondan alaraq aparmışdır. Elnarə özü evində pullarını saxlaya bilmirdi. Qızı Leyla pandemiyadan əvvəl xatırlamadığı ildə ona bildirmişdir ki, Elnarə ev almaq istəyir, bunun üçün pul verməlidir. Bunun üçün qızı Leyla pandemiyadan əvvəl xatırlamadığı tarixdə ondan Elnarənin pulundan 5.500 ABŞ dolları məbləğində pulu alıb aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Leyla həmin pulu Elnarəyə çatdırmışdır. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsini təhqiqatçısı, polis mayoru Ruslan Əfəndiyevin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “araşdırma zamanı izahatı alınmış Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı tanıyır. Lənkəran şəhərində olan bazarda ona məxsus olan dükan olmuşdur. Həmin dükan Elnarənin dükanı ilə yaxın olmuşdur. Elnarə ona yaxınlaşaraq evdə pulunun olduğunu, sələmə (faizə) vermək olub olmadığını soruşmuş, o da olar deyə cavab vermişdir. Elnarə hər ay 740 manat pul almaq şərti ilə ona 8500 manat pul vermişdir.İddiaçı 13 ay 740 manat pul ödəmişdir. Həmin pulu xx.xx.2016-cı il tarixdə vermişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhərinə köçmüşdür. Həmin vaxtdan etibarən Elnarə ilə nə telefonla danışmış, nə də ki, görüşmüşdür. Lənkəran rayonunda Elnarədən 190 manat pul almamışdır.Elnarədən faiz qarşılığında götürdüyü pulu qaytaran zaman yanında kəs olmamış, sonuncuya pul verməsini təsdiqləyən şahidi yoxdur. Elnarədən pulu mənzil alınmasında kömək etməsi üçün almamışdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdehnın polisdə aparılan araşdırma zamanı onun özünün ifadəsində etiraf etdiyi kimi İddiaçı 8.500 manat məbləğində pul alaraq, onun iddiaçının qarşısında 8.500 manat məbləğində pul öhdəliyi yaranmışdır. Cavabdeh məhkəmə iclasında İddiaçı aldığı pul vəsaitini qaytarmasını bildirsə də buna dair heç bir dəlil gətirə bilməmişdir və öz etirazının əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. Eyni zamanda İddiaçı iddia tələbində Cavabdeh ona 20.190 manat məbləğində pul borclu olduğunu qeyd etməsinə baxmayaraq, işin həmin mübahisəli halına dair cavabdehin onun qarşısında tam həmin məbləğə dair öhədiliyinin yaranmasına dair hər hansı mötəbər sübutu məkəməyə təqdim edə bilməmişdir və öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 150,57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8.500 manat və iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 105 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8.500 (səkkiz min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (bir yüz beş) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1111/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1111/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver