Məhkəmə qərarları › İş №2(049)-1139/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1139/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1139/2023 02.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5200 (beş min iki yüz) manat borc, 3000 (üç min) manat cərimə və dövlət rüsumu olaraq ödədiyi 102 (bir yüz iki) manat olmaqla, cəmi 8302 (səkkiz min üç yüz iki) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2020-ci ildən tanımışdır. Belə ki, o, 2020-ci ilin avqust ayında Lənkəran rayonu ərazisində yaşayış evi tikmək qərarına gəlmiş və bu barədə əvvəlcədən tanıdığı Qasımov Çingiz ibrahim oğlu ilə söhbət etdikdə, o, Rövşən Əzimov adlı tanışının Lənkəran rayonu Göyşaban kəndində 0,3 ha torpaq sahəsi satdığını bildirmişdir. Çingiz Qasımov ilə birlikdə Lənkəran rayonu Göyşaban kəndinə getmişlər. Onlar həmin torpaq sahəsinə baxdıqdan sonra, o, həmin torpaq sahəsini almaq istədiyini Çingiz Qasımova bildirmişdir. Bundan sonra onlar Cavabdeh və Rövşən Əzimov ilə Lənkəran rayonu Göyşaban kəndi ərazisində görüşmüşlər. Onlarla həmin torpaq sahəsini 6500 manata almağa razılaşmışdır. Çingiz Qasımovdan xahiş etmişdir ki, sonradan ona qaytarmaq şərti ilə həmin torpağın pulundan 4000 manatını o versin. Razılaşmaya əsasən 15 avqust 2020-ci il tarixdə o, Çingiz Qasımov ilə birlikdə Cavabdehla və X2 şəhərində yerləşən “Asan Xidmət” Mərkəzinin yaxınlığında görüşmüşlər. Orada torpağa görə 4000 manat Çingiz Qasımov, 2500 manatını isə o, Cavabdeh və Rövşən Əzimova vermişdir. Torpağı onun adına sənədləşdirmək üçün Cavabdeh ilə Masallı “Asan Xidmət” Mərkəzinə getmiş, orada notarius həmin torpaq sahəsi ilə bağlı sənədlərin tam olmadığı səbəbindən sənədləşdirməmişdir. Odur ki, 26 avqust 2020-ci il tarixdə cavabdeh həmin torpaq sahəsi ilə bağlı Lənkəran rayonu 1 saylı notariat ofisində ona etibarnamə vermişdir. 16 avqust 2020-ci il tarixdə o, ‘Kapital bank”dan və "Unibank’dan kreditə götürdüyü ümumilikdə 4000 manat pulu Çingiz Qasımova geri qaytarmışdır. 2021-ci ilin sentyabr ayında o, həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Buna görə də bir neçə yerə elan da vermişdir. Sonra Saleh adlı şəxs mobil telefonuna zəng edərək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh və Rövşən Əzimov həmin torpaq sahəsini Saleh adlı şəxsə də satmışlar. Daha sonra o, Çingiz Qasımov, Cavabdeh və Rövşən Əzimovla telefon vasitəsi ilə əlaqə saxlamış və sonda da DİN-nin 102 xidmətinə bu barədə məlumat verərək, ərizə ilə Masallı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciətinə əsasən Masallı Rayon Polis Şöbəsində təhqiqat aparılmışdır. İddia ərizəsinə əlavə etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh ondan torpağa görə 6500 manat aldığını etiraf etmişdir. Cavabdeh və digərlərinin pulunu ələ keçirməklə ona qarşı dələduzluq etmələri cinayət məsuliyyəti yaratsa da Cavabdeh çoxsaylı xahişini nəzərə alaraq o, şikayətini davam etdirməmiş və onunla aralarında 11 may 2022-ci il tarixdə 17 saylı “yaranmış borc pulun gələcəkdə ödənilməsinə dair razılıq” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 6500 manat borcu 30 sentyabr 20-22-ci il tarixədək ödəmək öhdəliyini üzərinə götürmüşdür. Həmçinin o, müqavilə üzrə öhdəliyi icra etmədiyi təqdirdə gecikdirilən hər gün üçün ümumi məbləğin 1%-i cərimə ödəmyə də razılaşmışdır. Cavabdeh 6500 manatdan 1300 manat qaytarsa da, lakin üzərinə götürdüyü öhdəliyin son günündən, yəni 30 sentyabr 2022-ci il tarixədən dörd aydan da çox vaxt keçməsinə baxmayaraq qalan məbləği qaytarmır. Cavabdehlə dəfələrlə telefonla əlaqə saxlamaqla pulunu tələb etməyinə və hətta ona 01 fevral 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərməyinə baxmayaraq qalan 5200 manat pulumu ödəməyərək, müxtəlif bəhanələr gətirərək ancaq vədlər verir. Qeyd etdiklərinə görə də məhkəmədə idda qaldımaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin 5200 (beş min iki yüz) manat borc hissəsində etiraf etdiyini, lakin tələbi cərimə hissəsində qəbul etmədiyini bildirərək, iddianın qismən təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib iddia tələbinin dəlillərinə qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Cavabdeh ilə İddiaçı arasında 11 may 2022-ci il tarixli, 17 №-li “Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi”ndən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən borc verən Ağayev X1 Zahir Tahir oğlu tərəfindən yaranmış 6500 (altı min beş yüz) manat borc məbləğini 4 ay müddətində (30 sentyabr 2022-ci ilə qədər) hissə-hissə ödəməsinə Cavabdeh möhlət verməsi üçün razılığa gəlir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borc alan Cavabdeh yaranmış 6500 (altı min beş yüz) manat borc məbləğini 4 ay müddətində (30 sentyabr 2022-ci ilə qədər) hissə-hissə ödəməyə razılığını bildirir. Həmin müqavilənin 1.3-cü bəndində müqavilə üzrə öhdəliyin icra olunmadığı təqdirdə hər gün üçün ümumi məbləğin 1%-i cərimə olaraq hesablanacağı göstərilmişdir. Qeyd olunan müqavilənin 1.4-cü bəndinə əsasən əgər müqavilə öhdəliyi 3 ay (90 gün) müddətində icra olunmazsa müqavilənin ləğvi, yaranmış borc və cərimənin tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı göstərilmişdir İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixdə ünvanlanmış pretenziya qaydasında xəbərdarlıq məktublarından görünür ki, cavabdehə borcunu ödəməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünürki, iddiaçı tərəfindən 102 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında 11 may 2022-ci il tarixdə yazılı borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdeh 6500 manat borc məbləğini etiraf etmiş və müqaviləyə uyğun qaydada 6500 manat borc məbləğini 4 ay müddətində (30 sentyabr 2022-ci ilə qədər) hissə-hissə ödəməyə razılıq bildirmişdir. Cavabdeh 6500 manat borc məbləğindən 1300 manat hissəsini iddiaçıya ödəmiş, hazırda borc məbləğinin iddiaçıya ödənilməmiş hissəsi 5200 manat təşkil edir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 3000 (üç min) manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 500 (beş yüz) manat həcmində tutulmasını daha ədalətli hesab edir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 5200 manat əsas borc, 500 (beş yüz) manat cərimə, iddia qismən təmin edildiyindən 77 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat borc, 500 (beş yüz) manat cərimə, 77 (yetmiş yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar