Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1145/2023 25.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Xalid Fəxrəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinə qarşı «ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə hazırlıq iclasını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Lənkəran rayon Mərkəzi Xəstəxanasının işçilərinin ona maddi zərər kimi vurduqları 2302 manat pulun, dövlət rüsumuna görə ödədiyi 43 manat pulun, cəmi 2345 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə ona anadangəlmə sağ bud çanaq oynağının çıxığı, sağ aşağı ətrafının 20 sm qısalması, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının mühüm dərəcədə pozulması, ÜİX gərginlik stenokardiyası İİİ fs diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmişdir. Növbəti tibbi müayinədən xx.xx.2020-ci il müəyyən edilmişdir. Növbəti dəfə ötən ilin mart ayının 17-də tibbi müayinədən keçsə də sənədlər TSEK-na vaxtında göndərilməmişdir. Nəticədə əlilliyin yenidən təyini bir neçə ay yubadılmış və nəhayət ona ömürlük əlillik təyin edildikdən sonra pensiyanın avqust ayının 21-dən hesablanması, ötən ilin yanvar ayından avqust ayının 21dək isə, yəni 8 ay üçün pensiya təyinatı aparılmaması məlum olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, əvvəlki dövrü ala bilməməyinin səbəbi əlilliylə bağlı bildirişin TSEK-nin əlilliklə bağlı qərarından 6 ay sonra göndərilməsi olmuşdur. Bu isə cavabdehin səhlənkarlığı olmaqla o 8 ay ərində cəmi 2302 manat (8x269+150) pensiyadan məhrum olub. Həmin pensiyanın ona ödənilməsi barədə müraciəti isə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iddia tələbinə qarşı etiraz verərək, iddian rəd edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə ona anadangəlmə sağ bud çanaq oynağının çıxığı, sağ aşağı ətrafın 20 sm qısalması, sağ aşağı ətrafın dayaq hərəkət funksiyasının mühüm dərəcədə pozulması. UİX gərginlik stenokardiyası İİİ fs diaqnozu ilə 2-ci qrup əlillik təyin edilmişdir. Növbəli tibb müayinədən xx.xx.2020-ci il müəyyən edilmişdir. Növbəti dəfə ötən ilin mart ayının 17-də tibbi müayinədən keçsədə sənədlər TSEK-na vaxtında göndərilməmişdir. Nəticədə əlilliyin yenidən təyini bir neçə ay yubadılmış və nəhayət ona ömürlük əlillik təyin edildikdən sonra pensiyanın avqust ayının 21-dən hesablanması, ötən ilin yanvar ayından avqust avının 21-dək isə, yəni 8 ay üçün pensiya təyinatı aparılmaması məlum olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki. əvvəlki dövrü ala bilməməyinin səbəbi əlilliyilə bağlı bildirişin TSEK-nin əlilliklə bağlı qərarından 6 ay sonra göndərilməsi olmuşdur. Bu isə guya cavabdehin səhlənkarlığı olmaqla 8 ay ərzində cəmi 2302 manat (8x269+150) pensiyadan məhnım olmuş, həmin pensiya ona ödənilməmiş və nəticədə məhkəməyə müraciət etməmişdir. İddia tələbi əsassız olduğundan tərəflərindən iddia qəbul edilmir. Belə ki, iddia tələbinin qanuni əsası mövcud deyildir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçıya növbəti tibbi müayinə xx.xx.2020-ci il müəyyən edilmişdir. 17 mart 2021-ci il tarixdə Lənkəran RMX PHŞ-nin konsultativ poliklinika şöbəsində səhətində olan xəstəliklə bağlı müalicə və müayinədən ötrü müraciət edtmiş aidiyyəti həkim ona müalicə yazmışdır. İddiaçı əlilliyin yenidən təyin olunması üçün müvafiq sənədlərini xx.xx.2021-ci il tarixdə Lənkəran RMX PHŞ-nin həkim məsləhət komissiyasına təqdim etmişdir. HMK-sı da öz növbəsində xx.xx.2021-ci il tarixində təqdim etdiyini sənədləri aidiyyəti üzrə TSEK-in məlumat bazasına daxil edilmiş, xx.xx.2021-ci il tarixdə Həkim məsləhət komissiyası xəstənin təqdim etdiyi sənədləri Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş “TQS №088” formanı tərtib edərək aidiyyəti üzrə TSEK-in məlumat bazasına göndərmiş, cavab olaraq xx.xx.2021-ci il tarixdə TSEK tərəfindən xəstəyə əlillik təyin edilməmişdir. HKM xəstəyə bu barədə cavab verilmiş, xəstənin müraciətinə əsasən xx.xx.2021-ci il tarixdə yenidən forma 88 doldurulması üçün ona ixtisaslaşdırılmış xəstəxanadan rəy alınması üçün göndəriş verilmiş lakin xəstə bundan istifadə etməmişdir. İddiaçı əlavə tələb olunan sənədləri yenidən təqdim etdikdən sonra xx.xx.2021-ci il tarixində forma 88 doldurularaq TSEK-ə göndərilmiş və nəticədə xx.xx.2021-ci il tarixdə imtina qərarı verilmişdir. Göründüyü kimi əlilliyin təyin olunmasında “Lənkəran RMX” PHŞin HMK-nın heç bir səhlənkarlığı olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddianın əsaslandırıldığı hallara uyğun izahat vermişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun çıxış etmişdir. Cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyib, iddiaya qarşı etirazın dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq ümumi məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməldir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iddia tələbindən görünür ki, inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi ilə bağlı publik hüquqi şəxs olan cavabdehin hərəkətsizliyi nəticəsində (İPM-nin 2.2.7-ci maddəsi) ona vurulmuş ziyanın ödənilməsini tələb edir ki, qeyd olunan tələblə bağlı işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, hazırki iddia tələbi publik hüquq sahəsində hüququn əldə edilməsi ilə bağlı inzibati orqanın faktiki xarakterli hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan və həmin məsələyə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbi baxımından mülki məhkəmə icraatı qaydasında baxılması istisna olunduğundan İddiaçı cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinə qarşı «ziyanın ödənilməsi» tələbinə dair mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmçinin həmin iddia ilə əlaqədar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməzliyi iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «Lənkəran rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsinə qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 43(qırx üç) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir, iddia ilə əlaqədar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-1145/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1145/2023
25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver