Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-115/2025 13.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10000 manat pul, əldən çıxmış faydaya görə 423 manat maddi ziyan, məhkəməyə müraciət edərkən ödənilmiş 122 manat dövlət rüsumu cəmi 10545 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində kirayədə yaşayır və yaşadığı ünvana yaxın, bələdiyyə ərazisinə aid 320 kv.metrdən ibarət torpaq sahəsi vardır. Həmin sahədə ev tikdirmək üçün tikinti şirkətləri barədə internet səhifələrindən maraqlandıqda hazırki iş üzrə cavabdeh şəxsin elanına rast gəlmiş və elanda göstərilən nömrə ilə əlaqə saxlamışdır. Telefona cavab verən şəxs Cavabdeh işdə olmadığını və ona məlumat verəcəyini bildirmişdir. Bir müddətdən sonra Cavabdeh ona zəng edərək onu iş yerinə dəvət etmiş və o da arvadı ilə Cavabdeh, yəni cavabdehin iş yerinə gedərək nəzərdə tutduğu evin layihəsi barədə ona məlumat vermişdir. Tikiləcək evlə bağlı xərclər hesablanaraq evin cəmi 58000 manata başa gələcəyi müəyyən edilmişdir. O, digər şirkətlərin də təkliflərini dəyərləndirmiş, lakin cavabdehin təklifi onun maddi vəziyyətinə uyğun olduğundan və onu qane etdiyindən onunla razılaşmış və o, həmin pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Cavabdeh nəzərdə tutulan layihə üzrə ödəniləcək cəmi 58000 manat vəsaitin 10000 manatdan ibarət hissəsinin ilkin ödəniş kimi, qalan məbləğin isə 45 ay müddətində ödənilyəcəyini bildirmiş, bundan sonra onlar aralarında müqavilə bağlamışlar. O, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri H.Əliyev prospektində yerləşən Sumqayıt Biznes Mərkəzində cavabdehin iş otağında ona 10000 manat pul vermişdir. Cavabdeh işə başlayacağını və xx.xx.2024-cü il tarixdə evi tam hazır vəziyyətdə ona təhvil verəcəyini bildirmişdir. O, cavabdehlə razılığa gələrkən torpaq sahəsinin mülkiyyət sənədinin olmadığını bildirdikdə cavabdeh qazi və şəhid ailəsi olduğunu, buna görə də hər hansı bir qurumun onun işinə müdaxilə etməyəcəyini və bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Bir müddət sonra Cavabdeh torpaq sahəsində evin bünövrəsinə başlamış, lakin tam başa çatdırmamış və bu günədək də onun gördüyü iş yalnız yarımçıq bünövrədən ibarətdir. Cavabdeh 7 ay müddətinə evi tam hazır vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüş, lakin bu günədək evin bünövrəsini də başa çatdıra bilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirməklə vəd etdiyi işi yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyini gördükdən sonra o da hər ay nəzərdə tutulmuş ödənişi verməmişdir. Çünki o, ilk aydan cavabdehin öhdəliyinin icrasını yerinə yetirmək iqtidarında olmadığını, ona ödənilmiş 10000 manat ilkin ödənişin müqabilində heç bir əsaslı iş görmədiyini bilmişdir. Buna baxmayaraq cavabdehin yenə də vədinə əməl edəcəyini bir neçə ay ümidlə gözləmişdir. Bir müddət gözlədikdən sonra isə tikinti işlərində heç bir irəliləyiş olmadığını görüb cavabdehdən pulunu tələb etməyə başlamış, cavabdeh isə müqavilənin müddətinin başa çatmadığını bildirmişdir. Hazırda isə müqavilənin müddəti də başa çatmışdır, lakin cavabdehin gördüyü işdə heç bir dəyişiklik yoxdur və o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Hazırda da cavabdehdən pulu qaytarmasını tələb etsə də, o, müxtəlif bəhanələrlə bundan yayınır. Hətta, cavabdeh bir neçə ay əvvəl pulu qaytaracağı adı ilə onu metronun “Elmlər Akademiyası” stansiyasının yanına dəvət etmiş, lakin o, həmin yerə gəlib çatdıqdan sonra cavabdehə zəng etdikdə telefonunun bağlı olduğunun və zəng çatmadığının şahidi olmuşdur. Daha sonralar da cavabdeh bu cür hərəkətlərlə bir neçə dəfə onu get-gələ salmış və nəticədə pulunu qaytarmamışdır. Sonuncu dəfə isə müqavilənin müddətinin sentyabr ayında başa çatacağını və o vaxta kimi işi tam yerinə yetirəcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməklə ona həm də maddi ziyan vurmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi cavabdeh qanunsuz olaraq onun pulunu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçən 7 aydan artıq müddətdə özündə saxlamış və bu da 10000 manat pulun faiz uçot dərəcəsi nəzərə alınmaqla həmin müddət üçün 423 manat maddi zərərin yaranmasına gətirib çıxartmışdır. Hazırda cavabdehin ona qayatarmalı olduğu pul vəsaiti 10423 manat təşkil edir və o, həmin məbləğin, həmçinin, məhkəməyə müraciət edərkən ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib iddia tələbinin həcmini artıraraq 10000 manat pul, əldən çıxmış faydaya görə 423 manat maddi ziyan, məhkəməyə müraciət edərkən ödənilmiş 122 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 200 manat - cəmi 10745 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş 01 nömrəli tikinti üçün podrat müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC-nin direktoru Cavabdeh ilə sifarişçi İddiaçı arasında 4 otaqlı mənzilin tam şəkildə tikilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 2.3-cü maddəsinə əsasən tərəflər iş və xidmətlərin ümumi dəyəri olaraq 58000 manat, ilkin ödəniş olaraq 10000 manat, inşaat işlərinə başladıqdan sonra 7 ay ərzində hər ay 1500 manat, sonradan isə 38 ay ərzində hər ay 1000 manat olmaqla, qalan 48000 manat məbləği də ödəmək şərtilə razılaşmışlar. Müqavilənin 3.4-cü maddəsinə əsasən müqavilə üzrə işlərin başlanma tarixi xx.xx.2024-cü il, bitmə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. Həmin müqavilə sifarişçi qismində hazırki iş üzrə iddiaçı tərəfindən, podratçı qismində isə hazırki iş üzrə cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi Eldar Şükürovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hazırki iş üzrə iddiaçı polis idarəsinə müraciət edərək ev tikintisi üçün cavabdehə verdiyi 10000 manat pulu onun ələ keçirdiyini, lakin verdiyi vədə əməl etməyib işi yerinə yetirməyərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. İddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən (cinayət tərkibi olmadığına görə) rədd edilmiş, iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardan görünür ki, hazırki iş üzrə cavabdeh polis idarəsində verdiyi izahatında qeyd etmişdir ki, o, ev tikintisi üçün iddiaçıdan 2024-cü ilin fevral ayında 2000 manat, sonradan isə 8000 manat olmaqla, cəmi 10000 manat nağd pul almışdır. İş görməyə başladıqdan sonra iddiaçı gəlib əraziyə baxanda bünövrə yerinin əyri qazıldığını, artırma üçün armatur qoyulmadığını deyərək işi bəyənmədiyini bildirmiş, bundan sonra o, işi davam edə bilməyəcəyi barədə 2024-cü ilin mart ayında iddiaçıya məlumat verərək onunla müqaviləni pozmuşdur. İddiaçıdan aldığı 10000 manat puldan 2000 manatı tikintiyə icazə almaq üçün sənədlərə, 1000 manatı tikinti materialı və ustalara, 4000 manatı tenderdə udduğu layihəyə, 3000 manatı isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 122 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən və xx.xx.2024-cü il tarixli orderdən müəyyən edilir ki, iddiaçı ona hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Nümayəndə ilə müqavilə bağlamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında fərdi yaşayış evinin tikintisi ilə əlaqədar xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək olan müddət üçün podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində 4 otaqlı mənzili tam şəkildə inşa edib başa çatdıraraq ona təhvil verməsi üçün sifariş vermişdir. Cavabdeh də iddiaçı ilə iş və xidmətlərin cəmi dəyəri olaraq 58000 manata - ilkin ödəniş olaraq 10000 manat, inşaat işlərinə başladıqdan sonra 7 ay ərzində hər ay 1500 manat, sonradan isə 38 ay ərzində hər ay 1000 manat olmaqla, qalan 48000 manat məbləği də ödəmək şərtilə razılaşmışdır. Bir müddət sonra tərəflər arasında olan razılaşma pozulmuşdur. İddiaçı ilkin ödəniş olaraq verdiyi 10000 manat pulu cavabdehdən tələb etmiş, cavabdeh pulu qaytarmadığına görə iddiaçı hüquqmühafizə orqanlarına müraciət etmişdir. Onun müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və müki mühakimə icraatı qaydasında məhkəməməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı hazırki iddia tələbi iilə məhkəməyə müraciət etmək üçün 122 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehə verdiyi sifarişə görə ödədiyi 10000 manat ilkin ödəniş məbləği, həmin məbləğ üçün əldən çıxmış faydaya görə 423 manat maddi ziyan, məhkəməyə müraciət edərkən ödənilmiş 122 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 200 manat - cəmi 10745 manat məbləği cavabdehdən tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq tərəflər arasında bağlanmış podrat müqaviləsinə, tikintiyə aid layihə sənədlərinə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara, və ödəniş qəbzlərinə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh podratçı olaraq sifarişçinin, yəni iddiaçının ona tapşırdığı işi müqavilədə müəyyən edilmiş müddətdə tam, keyfiyyətli və qüsurlardan azad şəkildə yerinə yetirərək ona təhvil verməli, bununla bağlı üzərinə düşən vəzifəni tərəflər arasında razılaşdırılmış müqavilənin şərtlərində nəzərdə tutulan qaydada yerinə yetirməli idi. Lakin iddiaçı sifarişçi olaraq öz müqavilə öhdəliklərini tərəflər arasında olan razılaşmanın pozulduğu anadək yerinə yetirməklə həmin vaxtadək ödəməli olduğu vəsaiti kəsirsiz olaraq ödədiyi halda, cavabdeh podratçı olaraq həmin məbləğin müqabilində icra etməli olduğu işi yerinə yetirməmişdir. Cavabdehin müqavilə öhdəlikləri üzrə faktiki olaraq yerinə yetirdiyi iş (yarımçıq bünövrənin inşa edilməsi) onun aldığı vəsaitin müqabilində görülmüş iş (xidmət) kimi qənaətbəxş hesab edilməyib qüsurlu icra kimi qəbul edilir. Bununla da cavabdeh üzərinə düşən öhdəliyini tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun qaydada və müddətdə yerinə yetirməmişdir. İddiaçının verdiyi sifariş müqavilə ilə müəyyən edilmiş müddətdə cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilmədiyindən iddiaçı ona verdiyi pulu geri tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh iddiaçı ilə razılaşdığı işi müqavilədə müəyyən edilmiş müddət çərçivəsində və keyfiyyətli görməyi öhdəsinə götürməsinə və yerinə yetirəcəyi işin əvəzində iddiaçıdan müəyyən miqdarda vəsait almasına baxmayaraq öz üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öz öhdəliyini qüsursuz icra etmədiyinə görə həmin işlərin (xidmətlərin) əvəzi olaraq cavabdehə qabaqcadan ödənilmiş vəsait ondan tutularaq iddiaçıya qaytarılmalıdır. İş materiallarından görünür ki, cavabdehə ilkin ödəniş məbləği olaraq verilmiş vəsaitin miqdarı tərəflər arasında bağlanmış podrat müqaviləsində dəqiq qeyd edilmiş, cavabdeh özü də polis idarəsində verdiyi izahatında iddiaçıdan cəmi 10000 manat məbləği ilkin ödəniş məbləği kimi nağd olaraq aldığını təsdiq etmişdir. Cavabdeh qeyd olunan izahatında evin inşasına başlamaq üçün həmin məbləğdən müəyyən qədər xərclədiyini qeyd etsə də, onun bu və ya digər səbəbdən qüsurla icra etdiyi podrat nəticəsi (yarımçıq bünövrə) sifarişçi, yəni iddiaçı tərəfindən qəbul edilmədiyinə, yəni görülmüş işdə sifarişçinin marağı olmadığına görə 10000 manat ilkin ödəniş məbləği cavabdehdən tam şəkildə tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırılmış faktlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, cavabdehin öz üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi zərər vurduğu iddiaçının dəlilləri ilə, iş materialları və işin faktiki halları ilə, eyni zamanda, cavabdehin polis idarəsində verdiyi etirafedici izahatı ilə təsdiq edildiyindən iddia tələbinin 10000 manat ilkin ödəniş məbləğinə dair hissəsi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçının 2024-cü ilin fevral ayında cavabdehə verdiyi vəsaitin xx.xx.2024-cü il tarixdə müqavilə müddəti başa çatanadək, hətta ondan sonrakı dövrdə də, cavabdehdə olmuş, həmin məbləğ indiyədək də iddiaçıya qaytarılmamış, qeyd olunan məbləğin müqabilində cavabdehin yerinə yetirdiyi işlərə (xidmətlərə) isə iddiaçının sifarişçi olaraq hazırki vəziyyətdə hansısa marağı olması müəyyən edilməmişdir. Belə olan halda, 10000 manat məbləğində vəsaitin bu müddət ərzində cavabdehdə qalması nəticəsində ona əldən çıxmış fayda qismində 423 manat maddi ziyan dəyməsi də ağlabatan və qəbulediləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin 10000 manat məbləğində vəsaitin cavabdehdə qalması nəticəsində əldən çıxmış faydaya görə cavabdehdən 423 manat maddi ziyan məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla dövlət rüsumu kimi ödənilmiş 122 manat məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və işin konkret halları, habelə, hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ödənildiyi, həmçinin zəruri və ağlabatan olduğu nəzərə alınmaqla iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 200 manat məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 manat pul, əldən çıxmış faydaya görə 423 manat maddi ziyan, məhkəməyə müraciət edərkən ödənilmiş 122 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 200 manat - cəmi 10745 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-115/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-115/2025
13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver