Məhkəmə qərarları › İş №2(049)-1162/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1162/2023

10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1162/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh 700 manat məbləğində vurulmuş maddi ziyan və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı xeyrinə onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həmkəndlisi Cavabdeh ona məxsus “Passat” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının ön və arxa şüşələrini qırdığından xx.xx.2022-ci il tarixdə onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunaraq, barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmiş və məhkəmənin xx.xx.2022ci il tarixli, 3(049)-1047-2022 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində vurulmuş ziyanın 1 misli miqdarında, yəni 700 manat məbləğində inzibati qaydada cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta törədən Cavabdeh ona dəymiş 700 manat məbləğində ziyanı ödəməmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh 700 manat məbləğində vurulmuş maddi ziyan və iş üzrə ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutlmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə olan qərardan görünür ki, Lənkəran r, İstisu qəsəbəsində yaşayan İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3(049)-1047/2022 saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməklə təqsirli bilinib, barəsində vurulmuş ziyanın 1 misli miqdarında, yəni 700 manat məbləğində inzibati cərimə tənbeh tədbiri qət edilmişdir. Belə ki, sözü gedən məhkəmə qərarı ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı 700 manat məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 218.3 maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 700 manat məbləğində vurulmuş maddi ziyan və iş üzrə ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh 700 manat məbləğində vurulmuş maddi ziyan və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar