Məhkəmə qərarları › İş №2(049)-1167/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1167/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1167/2024 24.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1 Söhrab oğlu və İddiaçı2 müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 cəlb edilməklə Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Söhrab oğlu və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 1070 manat miqdarında maddi ziyan və ödənilmiş 31 manat dövlət rüsumu, cəmi 1101 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində “Mersedes-Benz E220” CDİ minik markalı ** CG *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın vardır. Həmin avtomobili digər iddiaçı olan əmisi oğlu İddiaçı2 etibarnamə əsasında idarə edir. İddiaçı2 etibarnamə əsasında 05 may 2023-cü il tarixdə saat 15:00-da sözügedən dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Lənkəran şəhəri, F.Məmmədov küçəsi ilə hərəkət edərkən qarşıda piyada keçidi olduğu üçün qarşısında hərəkət edən markasını və nömrəsini xatırlamadığı avtomaşın saxladığı üçün əyləci basmış, bu zaman arxadan gələn Lənkəran şəhər sakini Cavabdeh idarə etdiyi “Vaz-21074” markah ** BZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qabaq hissəsi idarə etdiyi avtomaşının arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, onun maşını əzilərək ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə barədə dövlət yol polis əməkdaşları gələrək araşdırma aparıb, yol-nəqliyyat hadisəsinin sxemini çəkmiş və hadisənin Cavabdeh təqsiri nəticəsində baş verdiyi müəyyən edilmişdir. Cavabdeh idarə etdiyi avtomaşının sahibi Lənkəran rayonu, İstisu qəsəbəsi sakini X1r. Yol polis əməkdaşları bu barədə inzibati xəta haqqında protokol tərtib edib və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Hadisə nəticəsində ona məxsus avtomaşına dəymiş maddi ziyanı müəyyən etmək üçün onu "xxxx" MMC-yə göndərmişlər. "Kamran” MMC-də onun idarə etdiyi avtomaşına baxış keçirilmiş və avtomaşına dəymiş ümumi ziyanın məbləği 1070 manat olduğu müəyyən olunmuşdur. Əvvəlcə Cavabdeh dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. O, maddi ziyanla bağlı dəfələrlə cavabdehə müraciət etsə də o, vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən yayınır. Odur ki, Cavabdeh vurduğu ziyanın məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib iddia ərizəsində uyğun məzmunlu çıxış edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı yeri barədə lazımi qaydada məlumatlandırılmış digər İddiaçı1, Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçı, cavabdeh və üçüncü şəxsin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək, ziyan məbləğinin düzgün hesablanmadığını bildirərək, iddianı qismən qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* №-li qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ 21074” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ara məsafəsi qaydalarını pozduğuna görə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. ƏN-İX, 467245 nömrəli etibarnamədən görünür ki, İddiaçı1 **-CG-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz E220 CDİ” minik markalı nəqliyyat vasitəsini idarə etməyi İddiaçı2 etibar etmişdir. Etibarnamənin 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək verilmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər idarə etmək, bağışlamaq, sərəncam vermək və s. ibarətdir. "xxxx" MMC tərəfindən verilmiş 05 may 2023-cü il tarixli rəydən görünür ki, **-CG-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz E220 CDİ” markalı minik maşınına 1070 manat maddi ziyan dəymişdir. Mədaxil qəbzindən görünür ki, iddianın verilməsi üçün 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Tərəflərin izahatlarından da müəyyən edilir ki, tərəflər arasında ziyanın kim tərəfindən vurulması, ziyanın mövcudluğu barədə mübahisə yoxdur, mübahisə vurulmuş ziyanın məbləği ilə əlaqədardır. Məhkəmə hesab edir ki, Cavabdeh təqsiri iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* №-li qərar ilə öz təsdiqini tapır. Tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İddiaçılar vurulmuş zərərin məbləği kimi "xxxx" MMC tərəfindən verilmiş 05 may 2023-cü il tarixli rəyə əsaslanmış və həmin rəydə zərərin məbləğinin 1070 manat müəyyyən edilmişdir. Cavabdeh həmin rəyə etiraz etdiyindən onun tərəfindən verilmiş vəsatət təmin edilərək məhkəmənin 07 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/445 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2000-ci il buraxılışlı “Mercedes-Benz E220 CDİ” minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən 870 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 04 №-li məktubda və əlavə edilmiş izahatda 19/445 nömrəli ekspert rəyində texniki səhv nəticəsində avtomobilin arxa baqajının kilidinin qeyd edilmədiyi, həmin avtomobilin arxa baqajının kilidinin qiymətinin 40 manat müəyyən edildiyini, bu qiymətləndirmə də nəzərə alınaraq ümumilikdə avtomobilə dəymiş ziyanın təxminən 910 manat təşkil etdiyi göstərilmişdir. Ekspertin rəyində onun qeyri-mötəbər olmasını təsdiq edən hər hansı hal olmadığından məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği də ekspert rəyi əsasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı dəymiş ziyanı İddiaçı2 ödədiyindən və o, qanuni sahib olduğundan dəymiş zərərin məbləği kimi pul vəsaiti həmin şəxsə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 910 manat və 31 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə rədd edilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəymiş ziyana görə 910 manat və 31 manat pul Cavabdeh oğlundan alınaraq İddiaçı2 verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar