Məhkəmə qərarları › İş №2(049)-118/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-118/2025

03.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-118/2025 03.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər X5 və Cavabdeh2 və cavabdehlərin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X6 tərəfindən maneənin aradan qaldırılması, ölçmə işlərinin aparılması üçün reyestr xidmətinin mütəxəsisinin torpaq sahəsinə giriş-çıxışına maneə törədilməməsi, faktiki yerində müayinə keçirilməsi üçün şəraitin yaradılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ona Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində Lənkəran rayonu Gərmətük kənd "Həzi Aslanov" adına sovxozun xx.xx.1987-ci il tarixli, 217 № - li əmrdən və Lənkəran Gərmətük kənd "Həzi Aslanov" adına sovxozun 25 sentyabr 1992 -ci il tarixli 64 №-li əmrdən çıxarışı əsasında (Lənkəran rayon Dövlət Arxivinin xx.xx.2019-cü il tarixli 639 saylı arxiv arayışları əlavə olunur) iki 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət sənədlərini almaqdan ötrü o, Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi idarəsinin əməkdaşı çöl ölçmə işlərini aparmaq istəsə də cavabdehlər Cavabdeh1 və X6 Xidmət əməkdaşlarına çöl ölçmə işlərinin aparılmasına maneələr törətmiş və xidmət əməkdaşları ölçmə işlərini apara bilməmişlər. Bu səbəbdən də Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi 16 sentyabr 2024-cü il tarixdə 3-21-3-43/2-2836/2024 və 3-21-3- 43/2-2839/2024 saylı məktublarla mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında ona məktublar ünvanlanmışdır. Məktubda qeyd olunur ki, sənədlərin qanunanmüvafiqliyi onlar tərəfindən araşdırılarkən məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Ərazi idarəsinə təqdim etdiyi sənədlə faktiki yerində olan vəziyyət müayinə (çöl ölçmə işləri) aparılmadığından müəyyən edilməmişdir. Bu səbəbdən də ona imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd olunur ki, tərəflər arasında mübahisə mövcud olduğu üçün müayinənin aparılması mümkün olmamışdır. Həmin hərəkətlərin həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və X6 mane olurlar. Bu hərəkətləri ilə də onlar onun mülkiyyət hüquqnu pozurlar. İşin məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, 2021-ci ildə də qeyd etdiyi, Gərmətük kənd “Həzi Aslanov” adına sovxozun xx.xx.1987-ci il tarixli 217 saylı və 25 sentyabr 1992-ci il tarixli 64 saylı əmrləri ilə ona ayrılmış torpaq sahələrində reyestr xidmətinin əməkdaşlarının ölçmə və digər işlər aparmalarına maneçilik törətdikləri üçün hazırki iş üzrə cavabdeh olan qardaşları Çingiz və Namiqə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə həmin iddia tələbi təmin edilmişdir. Həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra məmuru tərəfindən həmin qətnamə icra edilmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. Lakin qeyd edilən torpaq sahələri ilə əlaqadar sənədləşdirmə işləri yarımçıq qalmışdır. Hazırda qardaşları Çingiz və Namiq yenə də reyestr xidmətinin əməkdaşlarını sənədləşdirmə aparmaları üçün həmin torpaq sahəsinə buraxmırlar və bu səbəbdən də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Odur ki, iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında Cavabdeh1 ona qarşı iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, onun tərəfindən reyestr xidmətinin əməkdaşlarına sözügedən torpaq sahələrində ölçmə işlərinin aparılmasına maneçilik törədilməmişdir. Belə ki, reyestr xidmətinin əməkdaşları tərəfindən ölçmə işləri aparılmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında Cavabdeh2 ona qarşı iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, əvvəllər də iddiaçı onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Reyestr xidmətinin əməkdaşları tərəfindən əvvəllər də iki dəfə onlara atasından qalmış torpaq sahələrində ölçmə işləri aparılmışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında cavabdehlərin vəkili Vəkil çıxışında bildirdi ki, hazırki iş üzrə iddia ərizəsində İddiaçı tərəfindən tələb dəqiq olaraq qeyd edilməmişdir. Belə ki, hansı torpaq sahəsi ilə əlaqadar olan tələb dəqiq olaraq qeyd edilməmişdir. Həmçinin iddiaçı əvvəllər də hazırki iş üzrə cavabdehlərə qarşı eyni tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırki iddia tələbinin həll edilməsi ilə əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda həmin eyni olan iddia tələbi ilə əlaqadar təkrar məhkəmə qətnaməsinin qəbul edilməsi yolverilməzdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-484/2021 saylı 30 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı , İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, X7 və X3 qarşı «Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına mülkiyyət hüquqlarını rəsmiləşdirmək üçün ölçü işlərinin və digər hərəkətlərin aparılmasına mane olmamaq öhdəliyinin qoyulması və qanunsuz hərəkətlərə son qoyulması» tələbinə iddiası təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, X7 və X2 üzərinə Lənkəran rayonu, Gərmətük kənd Həzi Aslanov adına sovxozunun 18 sentyabr 1987-ci il tarixli 217 saylı və 25 sentyabr 1992-ci il tarixli 64 saylı əmrlərinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən torpaq sahəsi barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına mülkiyyət hüquqlarının müayinəsini həyata keçirmək üçün ölçü işlərinin və digər hərəkətlərinin aparılmasına mane olmamaq öhdəliyinin qoyulması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. X9 filialı tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli Arxiv Çıxarışından görünür ki, Lənkəran rayonu, Gərmətük kənd Həzi Aslanov adına sovxozun 18 sentyabr 1987-ci il tarixli 217 saylı əmri ilə X1 istifadəsində olan Gərmətük qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi doğma oğlu İddiaçı adına köçürülmüşdür. X9 filialı tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli Arxiv Çıxarışından görünür ki, Lənkəran rayonu, Gərmətük kənd Həzi Aslanov adına sovxozun 25 sentyabr 1992-ci il tarixli 64 saylı əmri ilə Cavabdeh1 istifadəsində olan Gərmətük qəsəbəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi qardaşı İddiaçı torpağı ilə birləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 16 sentyabr 2024-cü il tarixli 3-21-3-43/2-2836/2024 və 3-21-3- 43/2-2839/2024 saylı məktublarla «mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında» İddiaçı ünvanlanmış məktublarından görünür ki, faktiki müayinə üçün şərait yaradılmadığından və mübahisə olduğundan mütəxəssislər tərəfindən torpağın ölçü müayinəsinin aparılması mümkün olmamışdır. Ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə İddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-484/2021 saylı 30 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X7 və X2 üzərinə Lənkəran rayonu, Gərmətük kənd “Həzi Aslanov” adına sovxozunun 18 sentyabr 1987-ci il tarixli 217 saylı və 25 sentyabr 1992-ci il tarixli 64 saylı əmrlərinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən torpaq sahəsi barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına mülkiyyət hüquqlarının müayinəsini həyata keçirmək üçün ölçü işlərinin və digər hərəkətlərinin aparılmasına mane olmamaq öhdəliyinin qoyulması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırki mülki iş üzrə də İddiaçı iddia tələbi Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-484/2021 saylı mülki iş üzrə tərəf (cavabdeh) olan eyni şəxslərə: Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. Hazırki iddia tələbi üzrə iddia predmeti də 2(049)-484/2021 saylı mülki iş üzrə eynilik təşkil edir. Hər iki iddia tələbi üzrə iddia predmetini Lənkəran rayonu, Gərmətük kənd “Həzi Aslanov” adına sovxozunun 18 sentyabr 1987-ci il tarixli 217 saylı və 25 sentyabr 1992-ci il tarixli 64 saylı əmrlərinə əsasən İddiaçı adına qeydə alınmış Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən torpaq sahələri təşkil edir. Eyni zamanda hər iki iddia tələbi üzrə iddianın mahiyyəti “həmin torpaq sahələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşlarına mülkiyyət hüquqlarının müayinəsini həyata keçirmək üçün ölçü işlərinin və digər hərəkətlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması” iıə əlaqadardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1 maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin məcəllənin 262.4 maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məcəllənin 262.5 maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edildiyindən İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair hazırki mülki iş üzrə icrata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla mülki iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı tərəfindən “KapitalBank” vasitəsilə ödənilmiş (14 oktyabr 2024-cü il, saat 11:47, mədaxi qəbzi № 7675, büdcə təsnifat kodu:14221301, büdcə səviyyəsi kodu: 1, xəzinə hesabı: AZ74CTRE********************, terminal № K0138012) 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “KapitalBank” vasitəsilə ödənilmiş (14 oktyabr 2024-cü il, saat 11:47, mədaxi qəbzi № 7675, büdcə təsnifat kodu:14221301, büdcə səviyyəsi kodu: 1, xəzinə hesabı: AZ74CTRE********************, terminal № K0138012) 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardadın “dövlət rüsumunun geri qaytarılması” hissəsində icrası Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, “icraata xitam verilməsi” hissəsindən onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar