Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1210/2025 04.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə iştirakı ilə, İddiaçı Lənkəran Rayon İcra və Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Lənkəran Rayon İcra və Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2277,40 manat maddi ziyan məbləğinin tutularaq Bakı Şəhər Maliyyə idarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 1(049)- 251/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Lənkəran rayonu, Şürük kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə onun üzərinə yaşadığı Lənkəran rayonu, Şürük kəndindəki ünvanı təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla saat 23:00-dan saat 08:00-dək tərk etməmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müaviq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Hökmün icrası ilə bağlı hakimin göstərişi xx.xx.2022-ci il tarixində İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixində şöbəyə gələrək qeydiyyatdan keçmiş, izahatı alınmış və xx.xx.2022-ci il tarixində Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş və ona 1 ədəd 35650132 nömrəli elektron nəzarət vasitəsinin mobil qurğusu, 1 ədəd adapter və 1 ədəd sadə elektron qolbaq təhvil verilmişdir. Cavabdeh Cəzaların İcrası Məcəlləsinin 51-1.3-cü maddəsinin tələbləri yəni, məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi izah edilmiş, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət etməli olduğu barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Buna baxnmayaraq sözügedən elektron nəzarət vasitəsi (mobil nəzarət qurğusu) enerji yığmayan vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır. Bu barədə protokollar tərtib edilmişdir. Bundan sonra həmin elektron nəzarət vasitəsininin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Rəqəmsal monitorinq idarəsinə göndərilmiş, texniki rəyin nəticəsinə əsasən mobil qurğuda zərbə nəticəsində qolbaq ilə əlaqə saxlayan antenanın pinləri yerindən qopub. Təmiri mümkün deyil və istifadəyə tam yararsız olduğu göstərilmişdir. Vurulmuş maddi ziyanın müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Məhkum Cavabdeh İddiaçınə dəvət edilmiş və avadanlığın dəyəri ondan tələb edilərək 2277,40 manat məbləğində pulun ödənilməsi təklif olunsa da, Cavabdeh elektron nəzarət vasitəsinin mobil nəzarət qurğusunun onun təqsirinə görə yarasız vəziyyətə düşmədiyini bildirərək təklifdən imtina etmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığı üçün elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş və Ədliyyə Nazirliyinə ziyan dəymişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə hazırlıq iclasında cavabdeh iddianı qəbul etməyib bildirmişdir ki, noyabr ayında ona tətbiq edilmiş elektron nəzarət vasitəsi cərayan yığmadığı üçün bu barədə icra məmuruna müraciət etmişdir. Həmin cihaz cəmi bir dəfə əlindən düşsə də, yenə də işlək vəziyyətdə olmuşdur. Özü cihaza müdaxilə etməmişdir. Bununla yanaşı nasazdırsa onu özü təmir etdirməyə hazırdır. Futbol oynadığı zaman cihaz deyil, ayağındakı qolbağın kəməri zədələnmişdir. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı maddi zərərin qiymətinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmış, lakin xx.xx.2026-cı il tarixdə Lənkəran Rayon Məhkəməsinə ekspertizanın aparılmasının mümkün olmaması barədə məlumat daxil olduğundan, iş üzrə icraat təzələnərək məhkəmə baxış iclası xx.xx.2026-cı il tarixə, saat 10:30-a təyin edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması və iş materialları ilə müəyyən edildi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və ona elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Sonradan mobil nəzarət qurğusu zədələnmiş vəziyyətdə təhvil alınmış, texniki rəyə əsasən cihaz zərbə nəticəsində yararsız hala düşmüşdür. Avadanlığın dəyəri 2277,40 manat müəyyən edilsə də, məhkum bu məbləği ödəməkdən imtina etmişdir. Hazırda iddiaçı 2277.40 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq Lənkəran Rayon İcra və Probasiya İdarəsinin hesabına ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri qəsdən yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız hala salmaqla 2277.40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 2277.40 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277.40 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələbin məbləği nəzərə alınmaqla cavabdehdən 43 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Bakı Şəhər Maliyyə idarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE**********0002107131; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) ödənilsin. Cavabdeh 43 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(049)-1210/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1210/2025
04.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver