Məhkəmə qərarları › İş №2(049)-1318/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1318/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1318/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi və pul tələbi üzrə əldən çıxmış mənfəətin tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 12699 saylı kredit müqaviləsi üzrə 858 manat əsas borc, 111,54 manat faiz borcu, 204,00 manat cərimə (dəbbə) borcu və 47,00 manat gecikdirilmiş vaxt üçün AR MM-nin 445.7 maddəsi üzrə hesablanmış 5% əldən çıxmış mənfəət borcu olmaqla ümumlikdə 1120,54 (bir min yüz iyirmi manat 54 qəpik) manat borcu və ödənilmiş 31,60 (otuz bir manat 60 qəpik) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən “Qala Electroniks” məişət əşyaları və elktonika mallarının satışı dükanında faəliyyət göstərir. Fiziki şəxs kimi 6 saylı vergilər idarəsində qeydiyyatdadır və ********** saylı VÖEN üzrə fəaliyyət göstərib vergi ödəyir. “Qala Electroniks” dükanında məişət əşyaların, teknika malların və ona lazımı avadanlıqlarının nağd və ödənişini hissə-hissə ödəmək şərtilə kredit kimi malların satışını həyata keçirir. İşlədiyi müddətdə ondan, ünvan 2i ünvanında qeydiyyatda olan və hazırda yaşayan Cavabdeh alış məqsədilə 15 yanvar 2022-ci il tarixində “Samsung” 65K52E69S markalı 888,00 manat dəyərində məişət avadanlıqları almışdır. İlkin məbləğ olaraq 50,00 manat ödəniş etmişdir. Vətəndaş 888,00 manat məbləğində məişət avadanlığı kreditlə aldığı üçün 20 manat komissiya xidmət haqqı olaraq hesablanmışdır. Ümumilikdə borclu 888,00 manat dəyərində əmlakı almış və 858,00 manat məbləği 12 ay müddətinə illik faizi 12 faiz olmaqla, vaxtında ödəmədiyinə görə faktiki faiz məbləğindən əlavə olaraq 22% cərimə faizi olmaq şərtilə xx.xx.2022-ci il tarixli 12699 saylı kredit müqaviləsi bağlamışdır. Vətəndaş Cavabdeh bu günə kimi aldığı əmlakın ödənişindən xx.xx.2023-ci il tarixində heç bir məbləğ ödəməmişdir və qalan 858,00 manat geri qaytarmamışdır. Cavabdeh ilə 888,00 manat məbləğində məişət avadanlıqlarını təhvil aldığını imzası ilə təsdiq etmişdir. Ona dəfələrlə etdiyi şifahi xəbardarlıqlar və özünə etdiyi zənglər borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır. Vətəndaş Cavabdeh yaşadığı ünvana poçt vasitəsilə xəbardardarlıq göndərilmiş və kredit müqaviləsi üzrə yaramış borcun istər əsas, istər faiz və istərsə də cərimə borcunun qaytarılmasında heç bir irəliləyiş olmamışdır. Hazırda vətəndaş Cavabdeh xx.xx.2023-ci il tarixinə müştərinin xx.xx.2022- ci il tarixli 12699 saylı kredit müqaviləsi üzrə mağaza qarşısında 858,00 manat əsas borc, 111,54 manat faiz borcu, 204.00 manat cərimə (dəbbə) borcu və 47,00 manat gecikdirilmiş vaxt üçün AR-nın MMnin 445.7 maddəsi üzrə hesablanmış 5% əldən çıxmış mənfəət borcu olmaqla ümumlikdə 1120,54 manat borcu mövcuddur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 858,00 manat yerinə 570,0 manat, faiz borcunun 70,0 manat, cərimə borcunun 126,00 manat və 47,00 manat gecikdirilmiş vaxt üçün AR-nın MM-nin 445.7 maddəsi üzrə hesablanmış 5% əldən çıxmış mənfəət borcu olmaqla, ümumlikdə 813,00 (səkkiz yüz on üç manat) manat borcun və ödənilmiş 31,60 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 12699 №-li alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 1 ədəd Samsung 65K52E69S markalı məişət avadanlığını 888,00 manata almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə olunmuş 012699 №-li ödəniş planından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, hər ay 71,5 manat, cəmi 858 manatı Cavabdeh ödəməyi öz üzərinə götürmüşdür. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1960-cı ildə doğulmuşdur və o, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatdadır. Hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 31,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sübutları tədqiq edərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 12699 №-li nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan 1 ədəd Samsung 65K52E69S markalı məişət avadanlığını 888,00 manata 12 ay müddətində ödəmək şərti ilə cavabdehinin mülkiyyətinə verməyi, sonuncu isə satılmış malın dəyərini 12 ay müddətində ödəməyi öhdəliyinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, razılaşdırılmış malı Cavabdeh mülkiyyətinə vermiş, lakin sonuncu üzərinə götürdüyü malın dəyərini tam şəkildə ödəmək öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin alqı-satqı müqaviləsini tənzimləyən müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 126 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 50 manat həcmində tutulmasını daha ədalətli hesab edir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 570,0 manat əsas, 70,0 manat faiz borcu, 50 manat cərimə, 47,00 manat gecikdirilmiş vaxt üçün hesablanmış 5% əldən çıxmış mənfəət borcu olmaqla, ümumilikdə 737 manat borc və ödənilmiş 31,60 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 570,0 manat əsas, 70,0 manat faiz borcu, 50 manat cərimə, 47,00 manat gecikdirilmiş vaxt üçün hesablanmış 5% əldən çıxmış mənfəət borcu olmaqla, ümumilikdə 737 manat borc və ödənilmiş 31,60 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar