Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1339/2025 02.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə. müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 3000 manat pulun və 50 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər onun etibarından sui istifadə edərək ondan xeyli miqdarda köçürmə yolu ilə pul almışlar, bu aliəni tanıdığı üçü borc vermişdir. Pulların bir qismini qaytarsalar da, 3000 manat pulu qaytarmaqdan imtina etmişlər. Dəfələrlə məsələni həll etməvə çalışsa da heç bir nəticəsi olmamışdır. Məcbur qalıb mülki qaydada məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavavdeh X4 ilə yaxın rəfiqəlik münasibətləri olmuşdur. O, Nərminə və Nərimin əri Cavabdeh1 dəfələrlə borca pul vermiş və sonuncular da qaytarmışlar. 2023-cü ilin iyul – avqust aylarında o, cavabdehlərə on min manatdan çox borca pul vermiş, sonuncular həmin borcun bir qismini qaytarsalar da, qalan 3000 manatı qaytarmamışlar. Pulu Elnur və Nərminin kartlarına göndərmiş və həmin qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdeh X2 və Cavabdeh1 poçt vasitəsi ilə, habelə SMS bildiriş vasitəsi ilə çatdırılmaqla rəsmi məlumat veriləmisənə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 51436 nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, qəbzlərdən görünür ki, cavabdehlər X3 məxsus 416973** ****3443 nömərli kart hesabına cəmi 5240 manat, 1650 manat və 1000 manat və Cavabdeh1 məxsus 416973** ***0586 nömrəli kart hesablarına 2000 manat pul köçürülmüşdür. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş qəbzlərdən görünür ki, iddiaçı məhkəmə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddia tələbini, məhkəməyə sübut kimi təqdim edilmiş sənədləri araşdırıb, habelə tərəfləri dinləyib nelə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Elektron Məhkəmə Sistemindən çıxarışdan (qohumluq münasibətlərinə dair althissə) görünür ki, cavabdeh X4 və Cavabdeh1 ər-arvaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, qeyd olunan normalara, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut - pulların köçürülməsi barədə ödəniş qəbzləri -işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu 50 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydasında 3000 manat məbləğində pul və 50 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1339/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1339/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver