Məhkəmə qərarları › İş №2(049)-1341/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1341/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1341/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə 16 may 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-764/2023 saylı qətnaməsi ilə cavabdeh X3 xx.xx.2009-cu il təvəlllüdlü X1 üçün onun xeyrinə tutulmuş aliment məbləği artıraraq 235 manat miqdarında müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, X6 ilə xx.xx.2008-ci il tarixində ailə qurmuşdur. Bu evlilikdən xx.xx.2009-cu il təvəllüdlü qızları X9 doğulmuşdur. Sonradan onlar ayrılmışlar, qızı isə onun himayəsindədir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli iş № 2(049)-764/2023 saylı qətnaməsi ilə X3 hər ay 140 manat pul vəsaitinin tutularaq ona ödənilməsi qət etmişdir. Hal-hazırda 140 manat bir uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın saxlanılması xərcləri günü-gündən çoxalır, qızları Zeynəbin saxlanılması, müalicəsi və əlavə təhsili üçün daha çox məbləğə ehtiyac duyulur. Çünki, Zeynəb məktəbdən əlavə fərdi qaydada ödənişli hazırlığa gedir. Cavabdehin mediasiya prosesində iştirakı tələb olunmasına baxmayaraq tərəf kimi iştirakdan imtina edərək gəlməmişdir, qızının saxlanılması üçün əlavə məbləğ tələb etdikdə etiraz etdiyini, yalnız məhkəmə tərəfindən təyin edilmiş məbləği ödəyə biləcəyini, artıq köməklik göstərməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun çıxış edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin həmin alimenti ödəmək iqdidarında olmasını, lakin bu barədə sübutunu məhkəməyə təqdim edə bilmədiyini qeyd etmişdir. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X8» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-764/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanıması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh X3 hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Medican Hospital” tibbi müəssisəsinin verdiyi rentgenoqrafiya sənədindən görünür ki xx.xx.2009-cu il təvəllüdlü X7 döş fəqərələrinin 2-ci dərəcəli skoliozu və hipokifozu, bel fəqərələrinin 2-ci dərəcəli skoliozu diaqnozu qoyulmuşdur. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin 235 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilərdi. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. 2023-cü ilə nisbətdə 2024-cü ildə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu 7 % artmışdır. 2023-cü ildə qət olunmuş 140 manat alimentin 7%-i 09 manat 80 qəpik təşkil edir. Yəni, başqa hal olmadığı halda hazırda cavabdehdən 149.80 manat aliment tutulmalıdır. Lakin 2023-cü ildə aliment qət edildikdən sonra, tərəflərin maddi və ailə vəziyyətlərində dəyişikliyin baş verdiyinə dair hər hansı bir sübut təqdim edilməsə də, həmin aliment qət edildikdən sonra tərəflərin qızında döş fəqərələrinin 2-ci dərəcəli skoliozu və hipokifozu, bel fəqərələrinin 2-ci dərəcəli skoliozu xəstəliyi aşakar edilmişdir. Məhkəmə məhz bu halı nəzərə alaraq hesab edir ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X12» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanması üçün ayda 175 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 2100 manat təşkil eləyir (175 manat x 12 aya = 2100). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (2100- 1000=1100) 1100 manat məbləğin 1%-i olan 11 manat, cəmi (30+11=41) 41 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq X3 xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul miqdarında aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X2 üçün cavabdehdən hər ay uşaq üçün 175 manat sabit pul miqdarında alimentin tutulması, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 41 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar