Məhkəmə qərarları › İş №2(049)-1346/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1346/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1346/2024 07.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh Adıgözəl oğlundan xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üzrə alimentin (məhkəməyə müraciət etdiyim tarixdən başlayaraq) bir uşağa hər ay 300 manat olmaqla iki uşağa hər cəmi 600 manat sabit pul məbləğində aliment müəyyən edilməklə alınıb onun xeyrinə verilməsi və 60 (altmış) manat mediasiya xərcinin cavadehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdə Cavabdeh Adığözəl oğlu ilə fatiki nikaha daxil olmaqla evlənmişdir. Bu münasibətdən xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2016-cı il tarixdə X4 doğulmuşdur. Uşaqlar hazırda salamat olmaqla iddiaçının himayəmdə yaşayır. Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(049)-471/2021 saylı qətnaməsinə əsasən bir uşağa 120 manat olmaqla iki uşağa cəmi 240 manat manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılması (yeni əsaslar üzrə) tələbinə dair iddia ərizəsi əsasında məhkəməyə müraciət etmişdir. İzah edir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən iki uşağıma görə cəmi 240 manat aliment qət edilmişdir. Məlumdur ki, həmin dövrün yaşayış minimumu ilə hazırki dövrün yaşayış minumumu arasında əhəmiyyətli fərq var. Yəni “Yaşayış minumumu haqqında” qəbul olunmuş qanunlara əsasən 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu 175 manat idisə, hazırki dövr üzrə həmin məbləğ 235 manat təşkil edir. Yenidən məhkəməyə müraciət etməyinin və 16 fevral 2021-ci il ildə Lənkəran Rayon Məhkəməsi tərəfindən sabit pul məbləğində müəyyən edilmiş alimentin yəni əsaslar üzrə artırılması barədə tələbi də bununla bağlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində göstəriklərini təsdiq edib, cavabdehin uşağını uzun müddətdir görmədiyini, uşağı ilə maraqlanmadığını, cavabdehin aşpaz olduğunu və kifayət qədər yaxşı qazanc əldə etdiyini bildirərək alimentin miqdarının artırılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, aşpaz köməkçisi işləyir və aylıq 300 manat maaş alır ki, onun da 240 manatını alimentə verir. Hazırda maddi imkanı olmadığına görə artıq aliment ödəyə bilmir, buna görə də iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2021-cü il tarixli, 2(049)-471/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh Adığözəl oğlu ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli 08 saylı nikah qeydi pozulması, Cavabdeh Adığözəl oğlundan xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay hər uşağa görə 120 manat olamqla sabit pul məbləğində hər ay 240 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 15 oktyabr 2020-ci il tarixli, 2199 saylı arayışdan görünür, xx.xx.2016-cü il tarixdə X4 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 15 oktyabr 2020-ci il tarixli, 2198 saylı arayışdan görünür, xx.xx.2014-cü il tarixdə X3 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00374 saylı mediasiya arayışından görünür ki, iddiaçı cavabdehə qarşı “alimentin artırılması” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya xərci kimi 60 manat ödənilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən 3 il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimentin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən 11 il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşaqların hazırda iddiaçının yanında olmasını, cavabdehin isə işləyərək sabit gəlir əldə etməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılması barədə müraciət olunmadığını və alimentin miqdarının artırılmadığını, habelə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 180 manat olamqla hər ay iki uşaq üçün 360 manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 360 manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 120 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1440 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 34.40 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ, yəni 60 manat, alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 34.40 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2021-cü il tarixli, 2(049)-471/2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, hər ay iki uşağa hər ay cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh Adıgözəl oğlundan tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xərci 60 manat məbləğində pul Cavabdeh Adıgözəl oğlundan tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar