Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1347/2023 05.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı X1 Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı X1 Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X1 Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən hazırda banka olan əsas borcu üzrə 908.84 (doqquz yüz səkkiz manat, 84 qəpik) manat, faiz borcu üzrə 129.61 (bir yüz iyirmi doqquz manat, 61 qəpik) manat, cəmi 1038.45 (bir min otuz səkkiz manat, 45 qəpik) manat və 30.38 (otuz manat otuz səkkiz qəpik) məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC- keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-108 saylı, 16 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 454/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3065 (üç min altımış beş) manat məbləğində pul vəsaiti verilmişdir. Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya № li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə Bank 3065 (üç min altımış beş) manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) “Borcalan”a verilən borc vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır.Qeyd olunan Borc müqaviləsinin 5.1-ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 20 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borcu üzrə 908.84 (doqquz yüz səkkiz manat, 84 qəpik) manat, faiz borcu üzrə 129.61 (bir yüz iyirmi doqquz manat, 61 qəpik) manat, cəmi 1038.45 (bir min otuz səkkiz manat, 45 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İddiaçı QSC onun adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh qızma qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2306/2019 saylı qətnaməsi ilə İddiaçı QSConun adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı X1 Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qeyd etdi ki, o, "xxxx" ASC ilə arasında bağladığı xx.xx.2014-cü il tarixli borc müqaviləsi əsasında “Kirby” firmasının istehsalı olan “Sentria” modelli avtomatik yuyucu aparatı almışdır. 2015-ci ilədək həmin borca dair banka ödənişlər etmişdir. Sonradan həmin aparat yararsız hala düşdüyü üçün onu iddiaçı təşkilata qaytararaq təhvil vermişdir və bu səbəbdən mbanka olan ödənişlərini dayandırmışdır. Lakin hazırda onda həmin aparatı qaytardığına dair təhvil-təslim aktı qalmamışdır. 2019-cu ildə bank ona qarşı Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və məhkəmənin qətnaməsi ilə həmin tələbə dair iddia müddəti keçdiyinə görə iddia tələbi rədd edilmişdir. Sonradan həmin qətnamə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmiş və iddia tələbi baxılmaış saxlanılmışdır. Hazırda İddiaçı ASC BOKT-nın ona qarşı olan iddia tələbi üzrə iddia müddəti keçmişdir. Bu barədə Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək, hazırki iddia tələbi üzrə iddia müddəti keçdiyi üçün iddia müddəti tətiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İş materiallarına əlavə edilmiş “Vakala” borc müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 454/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3065 (üç min altımış beş) manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCkeçmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixli “Vakala” borc müqaviləsinə dair banka sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-2306/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli Qətnaməsinin surtindən görünür ki, İddiaçı ASC-nin adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC-nin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Həmin mülki iş materiallarında olan iddia ərizəsinin surətindən və mülki işin üzlüyündən müəyyən edilir ki, həmin iş üzrə iddia məhkəməyə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1901/2022 saylı, 04 oktyabr 202-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, həmin qətnamə əsasında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2306/2019 saylı qətnaməsi ləğv edilərək həmin iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbinin məhkəməyə təqdim edilməsi üçün İddiaçı QSC BOKT tərəfindən 30.38 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Məhkəmə Cavabdeh 05 may 2023-cü il tarixli “iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi” barədə məhkəməyə ünvanlamış ərizəsinə münasibətdə bildirərək nəticəyə gəlir ki, iş üzrə iddia müddəti tətbiq edilməlidir və aşağıdakıları qeyd edir: İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 454/13 saylı “Vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3065 (üç min altımış beş) manat məbləğində pul vəsaiti verilmişdir. Borc Müqaviləsinin 2.2-ci bəndinə əsasən borc alan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya № li avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə Bank 3065 (üç min altımış beş) manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin icra müddəti 14 yanvar 2016-cı il tarixdə bitmişdir. Hazırki iddia tələbinə dair ilkin olaraq İddiaçı X1 Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi Lənkəran Rayon Məhkəməsinə 29 iyul 2019-cu il tarixdə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi xx.xx.2014-ci il tarixdə 24 ay müddətinə bağlanılmış və müqavilənin icra müddəti 14 yanvar 2016-cı il tarixdə bitməsinə baxmayaraq iddiaçı «Aqrarkredit”ASC BOKT tərəfindən hazırki tələblə bağlı iddia ərizəsi ilkin olaraq 29 iyul 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da iddiaçı təşkilat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı müqavilənin icra müddəti bitdiyi tarixdən, yəni 14 yanvar 2016-cı ildən başlanılmışdır. Bu isə onu deməyə əsas verir ki, təşkilat tərəfindən ilk dəfə məhkəməyə müraciət olunan zaman iddia müddəti ötürülmüşdür. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı X1 Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia rədd edildiyindən iddiaçı təşkilat tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30.38 manat dövlət rüsumu İddiaçı ASC BOKT-na aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1347/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1347/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver