Məhkəmə qərarları › İş №2(049)-1351/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1351/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1351/2024 02.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il tarixdə X7 və xx.xx.2009-cu il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq bir uşağa görə hər ay 300 manat olmaqla, iki uşağa cəmi 600 manat sabit pul məbləğində aliment müəyyən edilməklə alınıb onun xeyrinə verilməsi və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2009-cu il tarixdə Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu münasibətdən xx.xx.2011-ci il tarixdə X7 və xx.xx.2009-cu il tarixdə X5 adlı iki övladı doğulmuşdur. Uşaqlar hazırda salamat olmaqla onun himayəsində yaşayır. Aşağıda göstərilən əsaslar Lənkəran Rayon Məhkəməsinin 16 fevral 2016-ci il tarixli 2(049)-5283/2021 saylı qətnaməsinə əsasən, bir uşağa 80 manat olmaqla, iki uşağa cəmi 160 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi əsasında məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iki uşağına görə cəmi 160 manat aliment qət edilmişdir. Məlumdur ki, həmin dövrün yaşayış minimumu ilə hazırki dövrün yaşayış minumumu arasında əhəmiyyətli fərq var. Yəni yaşayış minumumu haqqında qəbul olunmuş qanuna əsasən 2016-cı ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu 117 manat olubsa, hazırki dövr üzrə həmin məbləğ 235 manat təşkil edir. Yenidən məhkəməyə müraciət etməsi və 16 fevral 2016-cı il ildə Lənkəran Rayon Məhkəməsi tərəfindən sabit pul məbləğində müəyyən edilmiş alimentin yeni əsaslar üzrə artırılması barədə tələbi də bununla bağlıdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, yenidən daxil olduğu nikahdan iki azyaşlı uşağının olduğunu, hər ay 400 manat məbləğində əmək haqqı aldığını bildirərək, aliment məbləğinin hər ay bir uşağa görə 125 manat olmaqla, cəmi 250 manat artırılmasına razı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İİİ 849576 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İİİ 849577 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 18 mart 2024-cü il tarixli, MŞL/MT014/2024-00371 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişdirlər. 18 mart 2024-cü il tarixli, MŞL/MT014/2024-00371 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-5283/2016 saylı qətnaməsindən görünür ki, 10 may 2015-ci il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə sabit pul məbləğində hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. AZ-İİ 291986 №-li nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı xx.xx.2018-ci il tarixdə Siyavar KİƏD üzrə nümayəndəlikdə 06 sayla qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. AZ-T 122890 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. AZ-T 405045 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. “X10” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01-24 №-li arayışdan görünür ki, Cavabdeh “X10” MMC-də ofis meneceri vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və xx.xx.2009cu il tarixli X5 adlı uşaqları vardır. Lənkəran Rayon Məhkəməsinin 16 iyun 2016-ci il tarixli, 2(049)-5283/2016 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş Əsnad və Fatimə adlı uşaqların iddiaçının yanında qalması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu, məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq alimentin məbləğinin bir uşağa görə 300 manat, iki uşağa görə 600 manat məbləğində artırılmasını tələb edir. Cavabdeh isə iddianı qismən qəbul edərək, yenidən daxil olduğu nikahdan iki azyaşlı uşağının olduğunu, hər ay 400 manat məbləğində əmək haqqı aldığını bildirərək, aliment məbləğinin hər ay bir uşağa görə 125 manat olmaqla, cəmi 250 manat artırılmasına razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 8 ilə yaxın müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqların böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Digər tərəfdən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş və iddiaçı ilə birgə yaşayan Əsnad və Fatimə adlı uşaqların saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-5283/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin ümumi miqdarı, yəni 160 manat hazırki dövr üçün (2024-cü il) bir uşağa görə nəzərdə tutulmuş yaşayış minimumunun məbləği olan 235 manatdan azdır. Ona görə də məhkəmə yetkinlik yaşına çatmayan uşaqların üstün mənafeyi baxımından cavabdehin aliment məbləğinin iki uşağa münasibətdə cəmi 90 manat civarında artırılmasına dair razılığı da hazırki dövr üçün Əsnad və Fatimə adlı uşaqların artan maddi ehtiyaclarının ödənilməsi üçün mütənasib olmamaqla, onların saxlanması xərcləri ilə uzlaşmır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda Əsnad və Fatimə adlı uşaqların böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-5283/2016 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə təyin edilmiş 80 manat , hər ay iki uşağa görə cəmi 160 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Əsnad və Fatimənin adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşağa görə 160 manat olmaqla, hər ay iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinin tələbinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 160 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 1920 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 39,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-5283/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 160 manat olmaqla, iki uşağa üçün cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 39,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar