Məhkəmə qərarları › İş №2(049)-1392/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1392/2023

10.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1392/2023 10.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi:X5, iddiaçının İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması və caavbdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən Lənkəran Bürcəli kəndində yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki yerində müayinə olunmasına (0.18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə) Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılması və digər qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı evlidir, iki öladı var. ünvan 1i ünvanında ailəmlə birlikdə yaşayır. Lənkəran rayon AİK- nın xx.xx.1998-ci il tarixli, 01 saylı Qərarı əsasında JN-622F saylı, KOD 80203038 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ünvan 1i ünvanında ailə üzvülərinin ümumbirgə mülkiyyətinə verilmiş 0,18 ha. həyətyanı torpaq sahəsi və miras əmlak olaraq həmin torpaq sahəsinin üzərində valideynləri tərəfindən tikilmiş fərdi yaşayış evi vardır. X3 xx.xx.2010-cu il tarixdə, anası- X4 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfat etmiş valideynlərindən qalmış mirası qəbul edən yeganə vərəsələr İddiaçı və cavabdeh qardaşı- Cavabdehdur. Odur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 həqiqətəndə qanun üzrə ddiaçı İddiaçı vərəsəsi olmağı barədə xx.xx.2023-cü il tarixli, № 40 nömrəli Lənkəran rayon 1 saylı Notariat Kontoru tərəfindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə, müraciət də daxil olmuşdur. Həmin müraciətdə X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin - İddiaçı adnma verilməsi 10 saylı Lənkəran Ərazi İdarəsindən xahiş olunmuşdur. Odur ki, həmin ünvan 1i ünvanında 0,18 ha. həyətyanı torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və həmin torpaq sahəsinin üzərində tikilmiş evə qanun üzrə vərəsə olmağım barədə Lənkəran rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş ilkin hüquqmüəyyənedici sənədlər əsasında ünvan 1i ünvanında ailə üzvülərinin ümumbirgə mülkiyyətinə verilmiş həmin 0,18 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik üzrə yaranmış mülkiyyət pay hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınmasından ötrü, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə 17 yanvar 2023-ci il tarixdə müraciət etmişdir. Lakin, Cavabdeh tərəfindən, həmin 0,18 ha. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin müayinə edilməsinə şərait yaradılmamışdır. Cavabdeh üzərinə, ölçü işlərinin və digər hərəkətlərinin aparılmasına mane olmamaq öhdəliyi və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, bildirişindən görünür ki, Lənkəran rayonu Bürcəli kədində yerləşən 0.18 ha torpaq sahəsinin və üzərində inşa edilmiş yaşayış evinin sənədləşdirilməsi ilə bağlı aidiyyəti mütəxəssislər tərəfindən müayinə olunmamasına şərait yaradılmadığından müayinə mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, eləcə də cavabdehin etirafedici izahatından müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunur ki, atasından miras kimi qalmış evə və həyətyanı sahəyə mütəxəssislər tərəfindən baxış keçirilməsi zərurəti yaranmış, lakin cavabdeh tərəfindən buna şərait yaradılmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən Lənkəran Bürcəli kəndində yerləşən həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki yerində müayinə olunmasına (0.18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ölçülməsinə) Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və digər qanunsuz hərəkətlərinə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar