Məhkəmə qərarları › İş №2(049)-1400/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1400/2024

20.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1400/2024 20.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2277,40 manat maddi ziyan məbləğinin tutularaq Bakı Şəhər Maliyyə idarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Xətai Rayon Məhkəməsinin 1(011)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinib 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair göstəriş xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2023-cü il tarixdə İddiaçındə qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və xx.xx.2023-cü tarixdə ona “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilmiş, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı hazırki iş üzrə cavabdeh, yəni məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh elektron nəzarət vasitəsinə baxış keçirlimiş və həmin vaxt mobil qurğunun qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilərək şəxsi işə əlavə edilmişdir. Məhkum Cavabdeh tətbiq edilmiş elektron qolbaq üzərindən açılmış və digər avadanlıqlarla birlikdə təhvil alınaraq xx.xx.2023-cü il tarixli aktla birlikdə Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydə elektron elementlərin korroziyası müşahidə olunduğu, təmirinin mümkün olmadığı və bu səbəbdən həmin cihazın istifadəyə tam yararsız olduğu bildirilmişdir. Xətai Rayon Məhkəməsinin 7(011 )-65/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Cavabdeh cəzasının çəkilməmiş qalan 01 il 01 ay 21 gün hissəsi 06 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Məhkum tərəfindən dəymiş ziyan ödənilmədiyindən və mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmiş, onun tərəfindən məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması və iş materialları ilə müəyyən edildi ki, Cavabdeh Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-75/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Həmin hökm üzrə məhkum Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmuşdur. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin hökm 14 aprel 2024-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Cavabdeh 19 aprel 2024-cü il tarixdə İddiaçındə məhkum kimi qeydiyyata alındıqdan sonra xx.xx.2023-cü il tarixdə ona “Attenti V6” markalı 35653468 seriya nömrəli elektron nəzarət vasitəsi işlək vəziyyətdə quraşdırılmışdır. Cavabdeh onun üzərində quraşdırılmış qolbağı, mobil qurğunu, ev siqnal ötürücüsünü qeyri-işlək, yararsız vəziyyətə salmışdır. Cavabdeh üzərində quraşdırılmış “Attenti V6” markalı 35653468 seriya nömrəli elektron nəzarət vasitəsi xx.xx.2023-cü il tarixdə qeyri-işlək vəziyyətdə ondan təhvil alınmışdır. Elektron nəzarət vasitəsini qeyri-işlək vəziyyətdə olması ilə bağlı Cavabdeh izahat tələb olunmuş və izahatında qurğunun qeyri-işlək olduğu müəyyən eildiyi halda onun dəyərini ödəməyə etirazının olmadığını bildirmişdir. Cavabdeh hökmlə onun üzərinə qoyulmuş vəzifələrinin tələblərini dəfələrlə pozduğuna ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 1 ay 21 gün hissəsi Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(011)- 65/2024 nömrəli qərarı ilə 6 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cavabdeh yararsız vəziyyətə saldığı elektron nəzarət vasitəsinin dəyəri ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsindən texniki rəy alınmış və həmin elektron nəzarət vasitəsinin dəyərinin 2277,40 manat olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı 2277.40 manat maddi ziyan məbləğinin cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsini tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinin mahiyyətinə münasibət bidirilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.3-cü maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarıından görünür ki, cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş vəzifələri qəsdən yerinə yetirməməsi və bununla bağlı hüquqazidd hərəkətləri nəticəsində üzərinə quraşdırılmış elektron nəzarət vasitəsini yararsız hala salmaqla 2277.40 manat miqdarında maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, 2277.40 manat miqdarında maddi ziyan məbləğinə görə məhz cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə iddia tələbi təmin edilməli, cavabdehdən 2277.40 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələbin məbləği nəzərə alınmaqla cavabdehdən 43 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2277.40 manat maddi ziyan məbləği tutularaq Azərbaycan Respublikası Bakı Şəhər Maliyyə idarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) ödənilsin. Cavabdeh 43 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar