Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1419/2023 16.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katib: X1, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdan 7.800 manat məbləğində pulu və ödənilmiş 98 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı Bakı şəhəri 1 saylı vəkillər bürosuna müraciət edərək, vəkil Cavabdehla müxtəlif işlərdə hüquqi köməklik göstərməsi üçün ümumillikdə 7.800 azn vermişdir. Lakin vəkillik vəzifəsindən sui-istifadə edərək onu aldadaraq, heç bir iş görməyərək, müqavilə və orderlərə ödənilmiş pulları ələ keçirmişdir. Qeyd etdiyi pul məbləği daha çoxdu, tərəfindən 7.800 AZN sübuta yetirə bildiyi üçün Cavabdeh təsdiq edən bank hesablarına ödəniş qəbzləri, ona vatsapda yazdığı mesajları, audi səsyazi mövcuddur. Şikayəti ilə bağlı Səbail RPİ-nin İŞ-nin araşdırmada üzləşmə zamanı Cavabdeh izahat verərək ərizəsi ilə bildirmişdir ki, ondan ümumillikdə 7.800 manat pul məbləğində götürmüşdür və yaxın günlərdə xx.xx.2022-ci il tarixinədək həmin məbləği gaytardığma söz vermişdir. Lakin, söz versə belə, yalan vədləri ilə, daha sonra heç telefon zənglərinə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə Səbail rayon Prokurorluğuna şikayət ərizəsi əsasında Səbail RPİ-nin 9-cu PB-də 1 saylı HK-da 245 nömrəsilə alınmışdır. Daha sonra Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru X4 icraatına havalə olunan HK/1-245 saylı materialı üzrə 02 aprel 2022-ci il tarixli qərarı ilə əvvəllər vəkil olmuş Cavabdeh iddiaçıya müxtəlif işlərdə köməklik göstərməsi üçün ümumilildə 7.800 manat pul almış, lakin vəkillik vəzifəsindən sui-istifadə edərək sonuncunu aldadıb heç bir iş görməyərək pulları ələ keçirdiyini şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Müstəntiq hesab etmişdir ki, bu məsələ mülki xarakterlidir və mülki qaydasında məhkəmədə baxılmalıdır. İşin qısa halları ondan ibarətdir ki, 2019-cu il tarixdə hüquqlarının müdafiə edilməsi üçün Baki şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 26 ünvanında yerləşən "1 saylı" vəkil bürosunda vəkil işləyən Cavabdeh oglu ilə məsləhətləşib, həmin ərəfədə iddiaçının hüquqlarının X5 tərəfindən pozulması ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işi həll edə biləcəyini demiş, bunun qarşılığında guya müqavilə əsasında ondan 1.500 manat və işi görməsi üçün 3.000 manat pul almışdır. Cavabdeh bildirmişdir ki, ərizələri yazan şəxsə hər ərizəyə 40 manat verəcəkdir. 2019-cu ilin sentyabr ayında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazılmış, poçt vasitəsi ilə göndərilmiş, daha sonra gözləməsini və nəticənin olacağını bildirmişdir. 2019-cu ilin sentyabr ayinda X2 şikayət əsasında Sumqayıt şəhər Polis idarəsində 400 manat, daha sonra oktyabr, noyabr aylarında xüsusi ittiham qaydasında aparılan məhkəmə prossesində hüquqlarımı müdafiə edilməsinə 500 manat order üçün Cavabdeh vermişdir. Lakin, Polis idarəsinə və məhkəməyə telefonu söndürüb, gəlməmişdir. (Daha sonraki məhkəmələrdə başqa vəkil onu təmsil edirdi.) 2019-cu ilin həmin noyabr ayında, Qurbanov Elmir qabaqdan gəlmişdik edib onu Sabunçu Məhkəməsinə mülki işə cavabdeh qismində cəlb etmişdir. İddiaçı məhkəmə prossesində hüquqlarımı müdafiə edilməsinə Cavabdeh order üçün 500 manat vermişdir. Həmin ilin noyabr, dekabr ayları mülki işdə birinci prosesə Elnur gəlməmişdir, sabahki gün müəyyən bəhanələr gətirərək, onu inandırmışdır ki, mülki işdə qızı Şixaliyeva Günelə məxsus mülkiyyətinə məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinə görə həbs qoyulmuş qərardadı Apellyasiya məhkəməsində bərpa edəcək. Order üçün 400 manat ondan almışdır. (Apellyasiya məhkəməsi 2020-ci ilin yanvar-fevral ayında oldu, Elnurun telefonuna artiq zəng çatmırdı.) Həmin ərəfələrdə idarə etdiyi avtomobildən "GPRS" cihazı aşkar olundu. Bu məsələ ilə bağlı Polis orqanlarında hüquqlarının müdafiəsi üçün 400 manat aldı (başqa vəkil onu təmsil etdi). Həmin zaman Nərimanov rayon məhkəməsinə "GPRS" məsələsi ilə bağlı vurulmuş ziyanın tələbi ilə hüquqlarımı müdafiəsi üçün 500 manat aldı. Bundan əlavə xüsusi ittiham qaydasında qərar onun xeyirnə, işə xitam verildiyi üçün, o, yox, onu Qurbanov Elmir şərlədiyi üçün, məhkəmə prosesində yalan ifadə verdiyinə görə apellyasiya şikayət verərək məndən 200 manat aldı, (gəlmədi). 2021-ci ilinin iyun aymadək Elnur telefon zənglərimə cavab vermirdi. İyun ayında gəldi ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yazılmış ərizəyə baxılıb, ona bildiriş gələcək, və sonuncu dəfə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən "1 saylı" poçtun qarşısında (sonuncu ərizə-məktubu göndərdikdən sonra) oğlunun adından etibarnamə və 400 manat pul vermişdir. Baki şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 26 ünvanında yerləşən "1 saylı" vəkil bürosunun müdriyyətinə şikayət etmiş, cavab olaraq bildirmişlər ki, Cavabdeh bir neçə vətəndaşı aldadaraq pullarını mənimsəmişdir, həmin şəxslər tərəfindən məhkəməyə şikayət edib və Cavabdeh vəkillik fəaliyyətinə xitam verilmişdir. Məhkəmə iclasında dindiriliən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədədə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 02 aprel 2022-ci il tarixli Bakı şəhəri Səbail rayon Polis Şöbəsinin qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələb etməsi ilə bağlı xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı almış olduğu 7800 manatı 2022-ci ilin sentyabr ayının 1-ə kimi qaytaracağına söz vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Şirvan İnzibati məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki,Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvülüyündən xaric edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş SMS yazışmalarından görünür ki,Cavabdeh İddiaçıya 7800 manat İddiaçı alınmasını etiraf etmişdir. Məhkəmə iddiaçını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 7800 manat pulu bir necə dəfəyə almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmışdır. Buna görə də həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni vatsap ani mesajlaşma tətbiqi yazışmaları mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən vatsap ani mesajlaşma tətbiqi yazışmalarına dair çıxarış, işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq ona ödənilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7800 manat borc pul və ödənilmiş 98 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-1419/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1419/2023
16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver