Məhkəmə qərarları › İş №2(049)-1422/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1422/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1422/2025 15.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7500 manat borc məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 95 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat xidmət haqqı - cəmi 7895 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma qardaşı oğludur. Təxminən, 2021-ci ilin sentyabr ayının sonlarında cavabdeh avtomobil almaq istədiyini və pulunun çatışmadığını bildirib ondan borc olaraq 8500 manat pul istəmişdir. O da həmin məbləğdə nağd pulunun olmadığını, sonradan hissə-hissə qaytarmaq şərti ilə ona 2-3 min manat miqdarında maddi yardım edə biləcəyini demişdir. Həmçinin, cavabdehə atası Tofiqdən, qardaşı Mahirdən və bibisi oğlu Elvindən (hansı ki, həmin avtomobili almağı cavabdehə həmin şəxs məsləhət bilmişdi) hərəsindən müəyyən məbləğdə pul alaraq avtomobili almasını tövsiyə etmişdir. Bu zaman cavabdeh ona “dədəmdə pul yoxdur, Mahir də vermir, Elvinə necə ağız açım ki, doğma qardaşım pul vermir” şəklində cavab vermişdir. Bu barədə onlar arasında olan “WhatsApp” yazışmaları da vardır. Cavabdeh demişdir ki, ona tam olaraq 8500 manat pul lazımdır. Cavabdeh əlavə olaraq bildirmişdir ki, avtomobili lizinq yolu ilə alsa, sənədləşmə, bank sığortası və faizlərlə birlikdə əlavə olaraq 7500 manat artıq ödəməli olacaqdır. Bu səbəbdən də cavabdeh ondan tanışlarından kimdənsə pul alıb ona verməsini xahiş etmiş və həmin pulun üstündə 2500 manat da əlavə olaraq qaytaracağını demişdir. O da dostunun bankdan özü üçün pul götürmək istədiyini bildiyindən həmin şəxsdən xahiş etmişdir ki, əlavə olaraq 8500 manat da götürsün və həmin məbləğə münasibətdə krediti ödəməyə görə qardaşı oğlu 2500 manat əlavə pul verəcəkdir. Həmin şəxs də onunla razılaşmış və götürdüyü 8500 manat pulu ona vermiş, o da həmin pulu cavabdehə vermişdir. Cavabdeh, həqiqətən də, həmin miqdarda, yəni 8500 manat miqdarında pulu ondan alması və əlavə olaraq 2500 manat pul verib cəmi 11000 manat pulu ona qaytaracağı barədə rəsmi olaraq öz xətti ilə qəbz yazaraq imzası ilə təsdiq etmişdir. Daha sonra cavabdeh 2021-ci ilin noyabr, dekabr aylarında, eləcə də 2022-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında - cəmi 7 ay müddətində və hər ayda 500 manat olmaqla ümumilikdə 3500 manat pul qaytarmışdır. Ancaq sonrakı aylarda qardaşı Tofiq İsayevlə, yəni cavabdehin atası ilə arasında narazılıq düşdüyündən cavabdeh ona olan borcunun qalan hissəsini verməmişdir. Cavabdeh açıq-aşkar bildirmişdir ki, avtomobili satıb pulu vermək istəsə də, atası buna imkan vermir. Cavabdeh ona olan borcunu könüllü olaraq ödəmədiyindən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyir ki, cavabdeh özü də ona 7500 manat borcu olduğunu etiraf edir. Bu barədə səs yazıları vardır və məhkəmədə təqdim edəcəkdir. Bundan başqa o, mübahisə ilə əlaqədar cavabdehə iki dəfə pretenziya məktubu göndərmiş və ona olan borcunu könüllü olaraq ödəməsini təklif etmişdir. Lakin hər iki halda cavabdeh pretenziya məktublarına cavab verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmiş və qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasların iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclaslarında verdiyi izahatında göstərdi ki, iddiaçı onun doğma əmisidir. Eyni zamanda, o, əvvəllər iddiaçı ilə eyni oteldə işləmiş və iddiaçı onun müdiri olmuşdur. 2021-ci ilin sentyabr ayının sonlarında o özünə avtomobil almaq istəmiş, lakin pulu çatışmadığı üçün iddiaçıdan ona 4000 manat borc pul verməsini xahiş etmişdir. Aralarında olan razlığa əsasən iddiaçıya həmin borca görə əlavə faiz kimi 2000 manat da ödəməyi öhdəsinə götürmüşdür. Sonra da gedib iddiaçının tanışından 4000 manat məbləğində pulu götürmüşdür. Həmin şəxsin adını və kimliyini bilmir, sadəcə olaraq iddiaçının tanışı olduğunu bilir. İddiaçıya ondan aldığı borcu işləyib ödəyəcəyini demiş və işlədiyi müddətdə borclu olduğu məbləğdən hər ay 500 manat olmaqla, iddiaçıya 8 ay pul ödəmişdir. O, iddiaçıya olan borcundan 4000 manatı geri qaytarmış, hazırda ona 2000 manat qalıq borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma vərəqədə “Verilib 8500 + 2500 faiz = 11000 AZN. Borcumu imzamla təsdiqləyirəm. Cavabdeh”, eyni zamanda, “500 AZN verdim (Bronto qabağında) noyabr”, “500 AZN verdim (Küçə qapısında) dekabr”, “500 AZN verdim (Boranının qabağnda) yanvar”, “500 AZN verdim (Qarajın qabağında) fevral”, “500 AZN verdim (Oliqarxın qabağında) mart”, “500 AZN verdim (Qalada) aprel” və “500 AZN verdim (Ofisdə) may” (cəmi 7 sətir), bundan əlavə həmin vərəqənin arxa tərəfində “450 AZN də borcum var. Mən, Cavabdeh Tofiq oğlu, bu borcu (450) yaxın müddətdə ödəyəcəm. İmzamla təsdiq edirəm. İmza” məzmunlu qeydlər vardır. (450) qeydinin alt hissəsində sonradan “450 - 150 = 300. xx.xx.2022” rəqəmləri yazılmışdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma vərəqədə olan imza və xətt nümunələrinin ona məxsus olmadığını iddia edərək həmin qəbzin məzmununu mübahisələndirdiyinə görə imza və xətt nümunələrinin kim tərəfindən icra edildiyini dəqiqləşdirmək üçün iş üzrə məhkəmənin müvafiq qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Mülki iş ekspertiza keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi üçün ekspert vəsatəti əsasında tədqiqat obyekti olaraq cavabdehin sərbəst imza və xətt nümunələri tələb olunmuşdur. Həmin vəsatət əsasında qeyd olunan tədqiqat obyektlərinin (sərbəst imza və xətt nümunələrinin) məhkəməyə və ya ekspertizaya təqdim edilməsi üçün cavabdehə həm şifahi məlumat verilmiş, həm də rəsmi məktub göndərilmişdir. Lakin cavabdeh tələb olunan tədqiqat obyektlərini (sərbəst imza və xətt nümunələrini) məhkəməyə və ya ekspertizaya təqdim etməmişdir. Məhkəmə iclasının gedişində sərbəst imza və xətt nümunələrinin təqdim edilməsi cavabdehə bir daha təklif edilsə də, o, sərbəst imza və xətt nümunələrini təqdim etməyəcəyini bildirmişdir. Bu səbəbdən məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsindən imtina edilərək mülki iş həmin qərardad icra olunmadan məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə cavabdehin iddiaçıdan aldığı məbləğin 8500 manat deyil, faizi ilə birlikdə 6000 manat miqdarında olması, həmin vəsaitdən 4000 manat qaytarması, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma vərəqədə olan imza və xətt nümunələrinin ona məxsus olmaması barədə iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh sərbəst imza və xətt nümunələrini ekspertiza keçirilməsi üçün zəruri tədqiqat predmeti kimi təqdim etmədiyindən həmin əlyazma vərəqədə olan imzaların cavabdeh tərəfindən icra edilib-edilmədiyi ilə bağlı ekspertiza keçirmək mümkün olmamışdır. Eyni zamanda, cavabdeh özü də 2021-ci ilin sentyabr ayında öznə avtomobl almaq üçün iddiaçıdan pul aldığını, həmin məbləği iddiaçıya hər ay 500 manat olmaqla qaytarmaq barədə iddiaçı ilə razılaşdıqlarını və bu qayda ilə bir neçə ay, hər ay 500 manat olmaqla ödəniş etdiyini inkar etməmişdir. Ancaq cavabdeh aldığı pulun miqdarının 8500 manat deyil, 4000 manat olduğunu və ödəniş edilən aylar üzrə qaytarılan məbləğin 3500 manat deyil, 4000 manat olduğunu iddia etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma vərəqədə olan qeydlərin məzmunu da məhz cavabdehlə iddiaçı arasında pul alınıb-verilməsi ilə bağlı razılaşmaların gedişatını əks etdirir. Ona görə də məhkəmə həmin məsələ üzrə ekspertiza təyin edilən faktı, yəni iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma vərəqədə olan qeydlərin cavabdehə aid olması faktını sübuta yetirilmiş hesab edir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri, həmçinin, iş materiallarına əlavə edilmiş əlyazma qeydlər və səs yazışmaları, xx.xx.2025-ci il tarixli pretenziya məktubu, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı 2021-ci ilin sentyabr ayından sonrakı dövrdə cavabdehə müəyyən məbləğdə pul vermişdir. İddiaçı cavabdehə verdiyi pul məbləğinin bir hissəsinin geri qaytarılmadığını iddia edərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 95 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə 300 manat xidmət haqqı ödəmişdir. Hazırda iddiaçı 7500 manat borc məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 95 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat xidmət haqqı - cəmi 7895 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları olaraq onunla cavabdeh arasında olan şifahi danışıq və razılaşmalara, mobil telefonla olan yazışmalara, həmçinin əlyazma qəbzdə olan qeydlərə istinad edir. Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıya ümumilikdə 6000 manat borcu olduğunu etiraf etdiyini, həmin məbləğin 4000 manatdan ibarət hissəsini qaytardığını, qalan 2000 manat məbləği də ödəyəcəyini bildirir. Cavabdeh iddia tələbinə (tələbin bir hissəsinə) etirazının əsası olaraq məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının nümayəndəsi və vəkili, cavabdehin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 2021-ci ilin sentyabr ayında cavabdehə müəyyən məbləğdə pul vermiş, bundan sonra cavabdeh bir neçə ay ərzində, hər ay 500 manat olmaqla, həmin məbləğin bir hissəsini iddiaçıya qaytarmışdır. Tərəflər arasında pul alınıbverilməsi ilə bağlı danışıq və razılaşmaların olduğu və bu razılaşmanın real olaraq həyata keçirildiyi iddiaçının dəlilləri və iş materialları ilə tam sübuta yetirilmiş, cavabdeh də bunu inkar etməmişdir. Məhkəmə ilk növbədə hazırki iddia tələbinin əsaslandırıldığı hallarla bağlı cavabdehin iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatın iddiaçıdan aldığı məbləğin 8500 manat deyil, faizi ilə birlikdə 6000 manat miqdarında olması, həmin məbləğdən 4000 manat qaytarması, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma vərəqədə olan imza və xətt nümunələrinin ona məxsus olmaması barədə göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh sərbəst imza və xətt nümunələrini ekspertiza keçirilməsi üçün zəruri tədqiqat predmeti kimi təqdim etmədiyindən həmin əlyazma vərəqədə olan imzaların cavabdeh tərəfindən icra edilib-edilmədiyi ilə bağlı ekspertiza keçirmək mümkün olmamışdır. Eyni zamanda, cavabdeh özü də 2021-ci ilin sentyabr ayında özünə avtomobl almaq üçün iddiaçıdan pul aldığını, həmin məbləği iddiaçıya hər ay 500 manat olmaqla qaytarmaq barədə iddiaçı ilə razılaşdıqlarını və bu qayda ilə bir neçə ay, hər ay 500 manat olmaqla ödəniş etdiyini inkar etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma vərəqədə olan qeydlərin məzmunu da məhz cavabdehlə iddiaçı arasında pul alınıb-qaytarılması ilə bağlı razılaşmaların gedişatını əks etdirir. Ancaq cavabdeh aldığı pulun miqdarının 8500 manat deyil, 4000 manat olduğunu və ödəniş edilən aylar üzrə qaytardığı məbləğin 3500 manat deyil, 4000 manat olduğunu iddia etmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbinə dair həmin məzmunlu etirazlarını əsaslandırmaq üçün məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunan əsaslara görə də məhkəmə hazırki iş üzrə ekspertiza təyin edilən, lakin cavabdehin hərəkəsizliyi üzündən nəticə əldə edilməsi mümkün olmayan faktı, yəni iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma vərəqədə olan qeydlərin məhz cavabdehə aid olması faktını sübuta yetirilmiş hesab edir. Eyni zamanda, məhkəmə iddiaçının iddia tələbində göstərdiyi, cavabdeh ondan pul istəyərkən o da öz dostunun bankdan özü üçün pul götürmək istədiyini bildiyindən həmin şəxsdən əlavə olaraq 8500 manat götürməsini xahiş etdiyi və həmin şəxsin də əlavə olaraq götürdüyü 8500 manat pulu ona verdiyi, onun da həmin pulu cavabdehə verdiyi barədə xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehə verdiyi məbləğin digər şəxsdən alıb verdiyi ilə bağlı məhkəməyə heç bir sübut (həmin şəxsin adı, soyadı, şahid qismində dindirilməsi ilə bağlı vəsatət və ya özünün dediyi kimi kredit müqaviləsi və s.) təqdim etməmişdir. Həmçinin, iddiaçı cavabdehə verdiyi pul məbləğini digər şəxsdən alıb verdiyi təqdirdə, sonradan bu məbləği həmin şəxsə qaytarması, bununla da qeyd olunan pul vəsaitinə münasibətdə tələb hüququnun onun özünə keçməsini də iddia tələbində qeyd etməmişdir. Cavabdeh özü də digər hər hansı şəxsə deyil, iddiaçıya borclu olduğunu bildirmişdir. Bu baxımdan məhkəmə həmin məbləğin cavabdehə məhz iddiaçının özü tərəfindən verilmiş olması faktını, habelə pulun qaytarılmasını tələb etmək hüququnun da məhz ona məxsus olması faktını qəbul edir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və bir-biri ilə müqayisəli olaraq və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə verilən pul məbləğinin 8500 manat olması, sonradan həmin məbləğin iddiaçıya qaytarılan hissəsinin isə 3500 manat olması faktını iddiaçının dəlilləri və iş materialları ilə tam təsdiq olunmuşdur. Hazırki işdə iddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, 2021-ci ilin sentyabr ayında cavabdehə 8500 manat məbləğində borc vermiş, həmin borcun üzərində 2500 manat əlavə faiz məbləği ödəyəcəyini öhdəsinə götürmüş, cavabdeh həmin məbləğdən 3500 manat qaytarmış, bundan sonra cavabdehin ona 7500 manat miqdarında borcu qalmışdır. Cavabdeh isə iddiaçıdan borc aldığını inkar etməmiş, lakin qaytarılmalı olan borcun ümumi miqdarının 6000 manat olduğunu, həmin borcun 4000 manatdan ibarət hissəsini qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinin tərəflər arasıda mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə və hazırda da qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Məhkəmə hazırki iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin əsasına qiymət verərkən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında pul alınıbverilməsi ilə bağlı şifahi razılaşma olduğu müəyyən olunmuşdur. Cavabdeh özü də belə bir razılaşmanın olduğunu, iddiaçıdan borc pul aldığını inkar etməsə də, borc müqaviləsinin qanunvericilikdə müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyinə və mübahisəli hüquq münasibətləri etibarlı borc müqaviləsi əsasında rəsmiləşdirilmədiyinə görə məhkəmə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma borc müqaviləsi kimi nəzərə alına bilməz və bu müqavilə özü-özlüyündə etibarsız bir əqddir. Belə ki, iddiaçı tərəfindən cavabdehə verilmiş pul məbləği, istər iddiaçının iddia etdiyi kimi 8500 manat miqdarında, istərsə də, cavabdehin etiraf etdiyi kimi 4000 manat miqdarında olsaydı da, hər bir halda bu məbləğ üç min manatdan çox olduğuna görə borc müqaviləsi yazılı formada bağlanılmalı idi. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarında qeyd etmişdir ki, “... Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Məhkəmə hazırki iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə qiymət verərkən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında pul alınıb-verilməsi ilə bağlı şifahi razılaşma olduğu müəyyən olunmuşdur. Cavabdeh özü də belə bir razılaşmanın olduğunu, iddiaçıdan borc pul aldığını inkar etməsə də, borc müqaviləsinin qanunvericilikdə müəyyən olunmuş forma və məzmununa riayət edilmədiyinə görə məhkəmə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma borc müqaviləsi kimi nəzərə alına bilməz və bu müqavilə özü-özlüyündə əhəmiyyətsiz bir əqddir. Belə ki, iddiaçı tər əfindən cavabdehə verilmiş pul məbləği, istər iddiaçının iddia etdiyi kimi 8500 manat miqdarında, istərsə də, cavabdehin etiraf etdiyi kimi 4000 manat miqdarında olsaydı da, hər bir halda bu məbləğ üç min manatdan çox olduğuna görə borc müqaviləsi yazılı formada bağlanılmalı idi. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin borc müqaviləsindən irəli gələn müddəaları deyil, əsassız varlanmadan irəli gələn müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 və 1092.1.2-ci maddələrinin məzmununa görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından, məhkəmə hesab edir ki, 8500 manat vəsaitin iddiaçı tərəfindən cavabdehə verildiyi andan sonuncu iddiaçının hesabına varlanmışdır. Həmin məbləğ cavabdehə hər hansı hüquqi əsasa söykənmədən verildiyi və onun bu məbləğ üzərində sərbəst şəkildə sərəncam vermək imkanı yarandığı andan etibarən cavabdeh iddiaçının hesabına əsassız varlanmış şəxs hesab olunur. Hazırki işdə 8500 manat vəsaitin 2021-ci ilin sentyabr ayından sonrakı dövrdə iddiaçı tərəfindən cavabdehə verildiyi təsdiq olunduğundan, əsassız varlanma predmeti olan vəsaitin qaytarıldığını sübut etmək vəzifəsi isə əsassız varlanmış şəxsin öz üzərinə düşür. Cavabdeh isə həmin vəsaitin tam şəkildə qaytarıldığını sübuta yetirə bilmədiyi, eyni zamanda, iddiaçıya müəyyən qədər borclu qaldığını özü də etiraf etdiyi üçün məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanan şəxs olmaqla, iddia tələbi iddiaçı tərəfindən cavabdehə verilmiş 8500 manat vəsaitin qaytarılmayan hissəsi olaraq 5000 (8500 - 3500 = 5000) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehə verilən pul məbləğinə görə əlavə olaraq cavabdehdən 2500 manat faiz məbləği tələb olunmasına dair hissəsi ilə əlaqədar bildirir ki, qeyd olunduğu kimi, iddiaçının cavabdehə verdiyi pul məbləğini digər şəxsdən alıb verdiyi, həmin şəxsin də bu məbləği kredit alaraq ona verdiyi və o şəxsin (və ya iddiaçının özünün) bu məbləğə görə faiz ödədiyi (ödəməli olduğu) ilə bağlı xüsusat məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddiaçının hansı hüquqi əsasla həmin məbləğə görə cavabdehdən həm də əlavə faiz məbləği tələb etməsi bəlli deyildir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı cavabdehdən ona verdiyi pul məbləğinin onda qalmasına görə əldən çıxmış fayda şəklində hər hansı məbləğ deyil, məhz həmin məbləğə görə əlavə faiz məbləği tələb edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbi 8500 manat pul məbləğinə görə 2500 manat əlavə faiz məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 95 manat dövlət rüsumu məbləğinin 70 manatdan ibarət hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 25 manatdan ibarət hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və işin konkret halları, habelə, hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ödənildiyi, həmçinin zəruri və ağlabatan olduğu nəzərə alınmaqla, iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsassız varlanmaya görə 5000 manat, ödənilmiş dövlət rüsumunun 70 manatdan ibarət hissəsi və hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat - cəmi 5370 manat tutularaq İddiaçı ödənilsin. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 95 manat dövlət rüsumu məbləğinin qalan 25 manatdan ibarət hissəsi onun özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar