Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1434/2025 01.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əsas qapıdan girəndə gün batan tərəfdə yerləşən və atasının tikdiyi 1 otağını, həmçinin həmin fərdi yaşayış evinin əsas və yardımçı sahələrindən, evin, həyətin ümumi girişindən, həyətdə yerləşən sanitar qovşaqdan və sanuzeldən maneəsiz istifadə etməyi barədə istifadə qaydalarının müəyyən edilməsi, Cavabdeh 60 manat ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş mediasiya xərcinin və 40 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilə köcrülməyi ilə bağlı Lənkəran Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi vardır. Sözügedən qətnamə üzrə həmin mənzilə köcrülsə də cavabdeh ona evin arxa hissəsində 1 otaq ayırıb və həmin otağın qapısı artıq qonşunun həyətinə acılır. Əvvəllər həmin hissə qardaşına aid olsa da, o, öz payını satmışdır və onun otağa giriş hissəsi artıq qonşunun həyətindəndir. Həmçinin onun köcrüldüyü hissəyə günəş şüaları düşmür, qışda yaşadığı otağın altı su olur və rütübətdən həmin hissədə yaşamaq mümkün deyildir. Yaşadığı ev 2 mərtəbəli birinci mərtəbədə 3 otaqdan və bir yardımçı sahədən, ikinci mərtəbədə isə dörd otaq və bir yardımçı sahədən ibraət olmasına baxmayaraq Cavabdeh onun həmin evdə yaşamağına dolayı yolla mane olur və onu pis durumda saxlamaqla evdən çıxmağına nail olmaq istəyir. O, 1958-ci ildən həmin ünvanda yaşamış və qeydiyyatda olmuşdur. Qeyd olunan ünvan 1 ünvanında yerləşən, atasının tikdiyi fərdi yaşayış evinin gün batan tərəfdən 1 otaq, həmçinin əsas və köməkçi sahələrdən, evin və həyətin ümumi girişdən eyni zamanda həyətdə olan sanitar qovşaqdan maneəsiz istifadə etməlidir. İşin məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun mübahisəli evə köçürülməsi barədə məhkəmə qətnaməsi mövcud olmasına və həmin evə köçürülməyinə baxmayaraq, Cavabdeh onun həmin evdə rahat yaşaması üçün lazımi şərait yaratmamışdır və o, da məcburiyyət qarşısında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köcrülməsinə dair Lənkəran rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Həmin qətnamə ilə İddiaçı iddia tələbi həmin evdən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilmişdir. İddiaçı 6-7 ay onun üçün ayırdığı otaqda yaşadıqdan sonra Bakı şəhərinə işləməyə getmişdir. Sonradan İcra və Probasiya şöbəsinin təşəbbüsü ilə İddiaçı onu dəfələrlə məhkəməyə vermiş və hər dəfə məhkəmə birinci məhkəmənin qərarını qüvvədə saxlamışdır. Dəfələrlə o, icra məmurundan xahiş və tələb etmişdir ki, İddiaçı barədə məhkəmənin qərarını yerinə yetirsin. Onun təkidlərindən sonra 30 aprel 2024-cü il tarixdə onun evinə gəlib Zahirə üçün ayırdığı otağa baxış keçirtmiş və qeyd etmişdir ki, yaşamaq üçün normal şərait mövcuddur. İddiaçı məhkəməyə müraciət etmiş iddia ərizəsində qeyd edir ki, onun üçün ayırdığı otağın qapısı qonşunun həyətinə açılır. Bu həqiqəti əks etdirmir. Belə ki, evin arxasında həyət boyu 2.9 metr enində həyətin uzununa doğru torpaq sahəsi iddiaçının istifadəsindədir. Bu evin texniki pasportunda da qeyd olunmuşdur. Qeyd edilən mübahisəi ev hazıradək onun xüsusi mülkiyyətindədir və o, həmin evdə yaşaması üçün İddiaçı hər bir şərait yaratmışdır. Zahirənin məqsədi evə köçmək deyil, onu şantaj etmək yolu ilə iyirmi min manat pul almaq istəyir. Odur ki, ona qarşı irəli sürülmüş iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsinə küçə hissədən iki giriş qapısı mövcuddur. Bir giriş qapsından Cavabdeh və onun ailə üzvləri, digər giriş qapısından İddiaçı istifadə edir. Fərdi yaşayış evi iki mərtəbəlidir. Fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən iki otaqdan ibarət hissə evin digər hissəsindən təcrid edilmiş formada İddiaçı istifadəsindədir. Həmin otaqlar həyətyanı sahədən ayrıca giriş qapısı vardır və qarşısında həyətyanı sahə mövcuddur. İddiaçı qeyd edilən istifadəsində olan otaqlara daxil olmaq üçün küçədən həyətyanı sahəyə sərbəst, maneəsiz daxil olmaq və qeyd edilmiş otaqlardan sərbəst istifadə etmək imkanına malikdir. İddiaçının və cavabdehin istifadələrində olan həyətyanı torpaq sahələri bir-birindən təcrid edilmişdir. Həyətyanı sahədə sanitar qovşaq mövcuddur. Qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaka dair tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” Texniki pasportunda “torpaq sahəsinin planı” hissəsində təsvir edilmiş sxemdən görünür ki, həmin fərdi yaşayış evində yerləşən İddiaçı istifadəsində olan otaqlara küçədən daxil olması üçün torpaq sahəsi mövcuddur. İddiaçının hazırki iddia tələbində istifadəsinə verilməsini istədiyi hissə iş üzrə Cavabdeh və ailə üzvlərinin istifadəsində olan və küçədən həyətyanı sahəyə digər girişdən olan hissədə yerləşən yaşayış otağı və sanitar qovşaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-467/2020 saylı 11 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı evə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və iddia tələbi qalan hissədə mücərrəd olduğundan təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir və qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilmiş 212 nömrəli, 19-958 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 5 ünvanda yerləşən iki mərtəbəli, üç otaqlı, ümumi sahəsi 199,5 kv.metr, o cümlədən yaşayış sahəsi 57,3 kv.metr olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Evin həyətyanı sahəsi 553 kv.m. təşkil edir. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə” arayışdan və ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X2 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (20 mart 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Ülkər Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, MMnin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası bu Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 467/2020 saylı 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı evə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən olunması tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə qətnaməsi qəbul edildiyi tarixdə mübahisəli ev Cavabdeh mülkiyyətində olmuşdur. Hazırda da həmin fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İddiaçı sözügedən məhkəmə qətnaməsinin icrası ilə əlaqadar ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüş və həmin evin iki otağı və onun istifadəsinə verilmişdir. Hazırda iddiaçı sözügedən fərdi yaşayış evinin iki otağından istifadə edir və həmin otaqlardan istifadə etməsi üçün küçədən həyətyanı sahəyə ayrıca girişi mövcuddur. İddiaçının hazırki iddia tələbində istifadəsinə verilməsini istədiyi hissə iş üzrə Cavabdeh və ailə üzvlərinin istifadəsində olan və küçədən həyətyanı sahəyə digər girişdən olan hissədə yerləşən yaşayış otağı və sanitar qovşaqdır. Cavabdeh isə fərdi yaşayış evinin həmin hissəsinin iddiaçının istifadəsinə verilməsinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunur ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Vurğulanmalıdır ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Beləliklə məhkəmə hesab edir ki, fərdi yaşayış evinin 1 otağının, həmçinin əsas və yardımçı sahələrin, həyətin ümumi girişinin və sanitar qovşağın iddiaçının istifadəsinə verilməsi tələbi mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulması və mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının «fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi» iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1434/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1434/2025
01.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver