Məhkəmə qərarları › İş №2(049)-1438/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1438/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1438/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 34.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının vəkili və nümayəndəsi Vəkil tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər bir yerdə aptekdə işləmiş, bu səbəbdən də aralarında münasibət və etibar yaranmış və Tamerlan ondan 34.000 manat borc almışdır. O, həmin pulu tezliklə qaytaracağını bildirsə də qaytarmamışdır. Nəhayət 19 avqust 2022-ci il tarixdə Cavabdeh ondan xahiş etdiyi, həmin pulu bütövlükdə qaytara bilməyəcəyini deyərək onunla həmin pulu hissə-hissə, yəni hər ayda 2833.33 manat olmaqla razılıq müqaviləsi bağlamağı xahiş etmişdir. Aralarındakı münasibətə görə o da bu barədə cavabdehin rəsmi olaraq notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi verdiyini görüb birlikdə həmin məsələni rəsmiləşdirmək üçün Beynəlxalq Hüquq agentliyinə müraciət etmiş və həmin tarixdə də, yəni 19 avqsut 2022-ci il tarixdə yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi bağlamışlar. Həmin razılıq müqaviləsinin 1.1-ci bəndinin şərtinə görə Cavabdeh ilə hər ay ona olduğu borcdan 2833.33 manat olmaqla hissə-hissə ödəyəcəyi üçün möhlət verilməsinə dair razılığa gəlmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh yaranmış 34.000 manat borcu etiraf edərək müqaviləyə uyğun olaraq ayda 2833.33 manat olmaqla hissə-hissə ödəməyə razılığını bildirdi. Qeyd edilən müqavilənin 1.3-cü bəndinə görə öhdəlik icra edilməyəcəyi təqdirdə Cavabdeh hər gün üçün ümumi məbləğ 1% cərimə olunacağı qeyd edildi. Eləcə də həmin müqavilənin 1.4-cü bəndinə əsasən əgər müqavilə öhdəliyi 3 ay gün ərzində icra olunmazsa, müqavilənin ləğvi və yaranmış borc və cərimənin tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı da qeyd edildi. Həmin müddət bitsə də, Cavabdeh keçən müddət ərzində heç bir ödəniş etməyərək borcunu qaytarmadı, yenidən ona müxtəlif vədlər verərək pulu qaytarmaqdan yayındı. Bu səbəbdən də məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o həqiqətən də borc olaraq 34000 manat məbləğində pul almış, həmin borc məbləğini etiraf edir. Məlum edir ki, hazırda həmin pulu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Xahiş edir ki, həmin 34000 manat borc məbləğini ayda 2833.33 manat olmaqla hissə-hissə ödəməyindən ötrü onunla razılıq müqaviləsi bağlasın. Yaranmış borc pulun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli 18 № razılıq müqaviləsindən görünür ki, borc verən İddiaçı Cavabdeh tərəfindən yaranmış 34.000 manat borc məbləğini ayda 2.833,33 manat olmaqla hissə ödəmək üçün Cavabdeh möhlət verməsi üçün razılağa gəlir. Borc alan Cavabdeh yaranmış 34.000 manat borcu etiraf edir və müqaviləyə uyğun qaydada ayda 2.833,33 manat olmaqla hissə ödəməyə razılığını bildirir. Müqavilənin doğruluğunu tərəflər imzasıyla təsdiq etmişdir. Lənkəran ŞİHB-nın İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 rayonun İstisu qəsəbəsində yaşayır. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlardan müəyyən olunur ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı 34.000 manat məbləğində pulu cavabdehə borc verməyi, cavabdeh isə həmin borc məbləğini aldıqdan sonra hər ay 2833.33 manat olmaqla hissəhissə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş və 34.000 manat pulu cavabdehə vermişdir. Cavabdeh də həmin halı notarial qaydada təsdiq edilmiş yazılı ərizə və yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi ilə rəsmiləşdirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc aldığı 34.000 manat pulu qaytarmalı olduğu halda qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizə və Yaranmış borc pulun ödənilməsinə dair razılıq müqaviləsi yuxarıda qeyd olunan işinin faktiki hallarını sübuta yetirir. Cavabdeh isə məhkəmə iclasında gəlməmiş, həmçinin iddianın təmin edilməsini istisna edən əks sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 34.000 manat manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 192 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 34.000 (otuz dörd min) manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 192(bir yüz doxsan iki) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar