Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1467/2024 15.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim olunduğu gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Masallı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(050)-2401/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 235 manat olmaqla sabit pul məbləğində Cavabdeh oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu ildə Rusiya Federasiyasının tərkibində olan Dağıstan rRespublikasında anadan olmuşdur. İş üzrə cavabdeh Masallı rayonunun Mahmudavar kəndində yaşayan Cavabdeh oğlu ilə 2018-ci ilin iyun ayında qeyri rəsmi nigaha daxil olmuşlar. Onlar üçün el adəti ilə toy olmuşdur. O, cavabdehin Mahmudavar kəndində olan evinə gəlin köçmüşdür. Birgə nigahılarından xx.xx.2019-cu ildə X5 doğulmuşdur. Uşaq hazırda sağ-salamat olmaqla onun himayəsində yaşayır. Cavabdeh həmişə ona qarşı aqressiv olub və kobud rəftar edirmiş. Hətta onun valideynləri də onun bu hərəkətlərinə göz yumur və bəzən onu müdafiə edirdilər. Son vaxtlar ona qarşı laqeyidlik göstərir və ona bir qadın kimi hörmət etmirdi. O, məcbur olub valideynlərinin evinə qayıtmışdır. Sonra o, Masallı Rayon Məhkəməsinə "Atalığın müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə 30 iyun 2019-cu il təvəllüdlü X1 atasının Cavabdeh oğlu olması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh oğlunun aylıq qazancının 1/4 hissəsi və sabit pul məbləğində 40 manat aliment tutulmuşdur. O, Masallı Rayon Məhkəməsinin qətnaməsindən narazı qalaraq, qətnamənin aliment hissəsindən Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. 27 aprel 2021-ci il tarixli Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda 110 manat aliment alır. Hazırda bir uşaq üçün 110 manat alimenti real hesab etmək olmaz. Hazrki dövrə qədər qiymətlər dəfələrlə artmışdır. Uşaq üçün geyim, ərzaq və dərman vasitələrinin qiyməti çox bahadır. Bütün bunları Cavabdeh oğlunun verdiyi 110 manat alimentlə almaq mümükün deyil. O, bir tək qadın olaraq bütün bu xərcləri tək ödəyə bilmir. Cavabdeh isə bir valideyn (ata) kimi övladına maddi yardım göstərməkdən imtina edir. Heç vaxt övladı ilə maraqlanmır. Uşağın bütün ehtiyaclarını özü tək ödəyir. Bu da onun üçün çox çətindir. Buna görə də cavabdehdən tutulan alimentin məbləği artırılmalıdır. Bu məqsədlə o, alimentin məbləğinin artırılması barədə hazırki iddia ərizəm ilə məhkəməyə müraciət etmək qərarına gəlib. Cavabdeh hazırda Masallı Rayon Xəstəxanasında tibb işçisi kimi işləyir. Yüksək əmək haqqı alır. Özünün şəxi apteki və mağazası vardır. Eyni zamanda o, tibb işçisi kimi yardım etdiyi şəxslərdən zəhmət haqqı alır. Aylıq qazancı kifayət qədərdir. Ancaq doğma övladı ilə heç maraqlanmır. Övladına heç vaxt maddi yardım etmir. Buna görə də uşağın bütün problemlərini özü tək həll edir. Bütün bunları nəzərə alaraq hesab edir ki, Cavabdeh oğlundan tutulan alimentin məbləği artırılaraq 235 manata çatdırılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında, iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehın nümayəndəsi Nümayəndə1 qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, Cavabdeh onun oğludur. X12 Xəstəxanasında tibb qardaşı vəzifəsində işləyir və aylıq maaşı 441 manat təşkil edir. Onun başqa heç yerdən gəliri yoxdur. Bundan əlavə Nicat başqa bir qadınla ailə qurmuşdur və onun həmin rəsmi nikahdan iki uşağı da vardır. Himayəsində valideynləri, həyat yoldaşı və iki azyaşlı uşağı vardır. Belə ki, iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cı il təvəllüdlüdür. Atası - Cavabdeh oğlu, anası - İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-cı il təvəllüdlüdür. Atası - Cavabdeh oğlu, anası - İddiaçıdır İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-cı il təvəllüdlüdür. Atası - Cavabdeh oğlu, anası - İddiaçıdır İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)- 2401/2020 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə Cavabdeh oğlundan 30 iyun 2019-cu il təvəllüdlü X1 atasının Cavabdeh oğlu olması müəyyən edilmiş və həmin uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh oğlunun aylıq qazancının 1/4 hissəsi miqdarında və sabit pul məbləğində 40 manat alimentin alınaraq iddiaçi İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İş materiallarında olan Şivan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1186/2021 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-2401/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Cavabdeh oğlu həmin xəstəxananın Reanimasiya şöbəsində tibb qardaşı işləməklə 441 manat əmək haqqı alır. İş materiallarında olan “ailə tərkibi haqqında” arayışdan görünür ki, Cavabdeh oğlunun ailə üzvləri: atası Nümayəndə1, anası X2, həyat yoldaşı X3, qızı X6 və oğlu X4r. Məhkəmə təyin olunacaq aliment miqdarını müzakirə edərək qeyd edir ki, Cavabdeh 441 manat əmək haqqı alır, hal-hazırda yenidən ailə qurmuşdur və həmin nikahdan da iki uşağı doğulmuşdur. Ona görə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq, aylıq alimentin cavabdehin aylıq qazancının 1/4 hissəsi və sabit pul məbləğində 80 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh oğlundan tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-2401/2020 saylı qətnaməsinə əsasən hazırda Cavabdeh oğlundan 30 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh oğlunun aylıq qazancının 1/4 hissəsi tutularaq və sabit pul məbləğində 40 manat aliment alınaraq iddiaçi İddiaçı ödənilir. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-2401/2020 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)- 2401/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək 30 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh oğlunun aylıq qazancının ¼ (dörddə bir) hissəsi tutularaq və sabit pul məbləğində 80 (səksən) manat aliment alınaraq iddiaçi İddiaçı ödənilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-1467/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1467/2024
15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver