Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-149/2025 07.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil itirakı ilə İddiaçı Cavabdeh qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli 7E-1357 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, təqribən 20 il bundan əvvəl onun dostu Elxan adlı şəxs ona demişdir ki, Ədalət adlı adam var işçi axtarır. O, da həmin vaxtlar işsiz olduğuna görə Elxanla razılaşıb Ədalətin iş yerinə getmişdir. Sonra orada Ədalətlə danışaraq işin şərtləri barədə razılığa gəlmişlər. Bundan sonra Ədalət onunla əmək müqaviləsi bağlayaraq onu işçi kimi işə götürmüşdür. O, işləyə-işləyə Ədalət ona əmək haqqı vermirmiş, ondan əmək haqqını istəyəndə ona demişdir ki, işlə yaxşı olacaq. Ədalət ona demişdir ki, satdığı hər malın üzərinə 2 qəpik pul qoysun və həmin iki qəpik pul ona çatacaq. O, bu minvalla bir xeyli müddət Ədalət ilə işləmişdir. Təqribən 2014-cü il tarixdə Ədalət onun yanına gələrək demişdir ki, onun, yəni Ədalətin Roşen firmasına borcu yaranıb. Ədalət ondan xahiş etmişdir ki, sənədlərə imza etsin ki, həmin pul dükanlara nisyə verilmiş mallardadır. Ədalət onu inandırmışdır ki, həmin borcun ona heç bir aidiyyəti yoxdur. Özü sonra həmin məsələni qaydasına qoyacaq. O, da inanmışdır ki, Ədalət əgər malın dükanlarda olduğunu göstərirsə bunun həqiqətən ona aidiyyəti ola bilməz. Ən uzağı malın nisyədə olduğunu deyəcək və həmin pulun ona aidiyyəti ola bilməz. Ona görə də Ədalətə inanaraq müəyyən sənədlərə imza etmişdir. Sonradan o, bilmişdir ki, əslində həmin pulu Ədalət mənimsəmiş və çıxış yolu kimi həmin pulu onun adına yazmaq istəmişdir. Onun savadsız olduğunu bildiyi üçün bu məsələlərdən başının çıxmayacağını bilərək ona qəsdən həmin sənədlərə imza etdirmiş və özünü borc məsələsindən təmiz çıxarmışdır. Bundan sonra Ədalət 2015-ci ildə onu notariusa apararaq demişdir kı, bu borcun ona dəxli yoxdur. Bunu firmaya göstərəcək və firma dükanlardan nisyələri yığacaq. O, da artıq 10 ilə yaxın müddətdə Ədaləti tanıdığı üçün ona inanaraq notariusda sənədləri imzalamışdır. Lakin 2023-cü ilin sonlarında onun məlumatı olub ki, Ədalət həmin pulun ondan alınması üçün notariusa müraciət edib və icra qeydi verilib. Bundan sonra o, şifahi olaraq icra şöbəsinə müraciət etsə də bunun heç bir faydası olmayıb. Həmçinin Lənkəran Rayon Məhkəməsinin onun barəsində qəbul etdiyi qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasıya Məhkəməsi şikayətini təmin etmişdir. O, Lənkəran Rayon Məhkəməsində iştirak edərkən Ədalətin ondan həmin icra qeydinə əsasən pul istəməsini bilməmişdir. Lənkəran Rayon Məhkəməsi də işə yekun verərkən ona bunu izah etməmişdir. Onun Ədalətə borcu olmadığı üçün və Lənkəran Rayon Məhkəməsi onun Ədalətə pul verməli olduğunu yazdığı üçün o, da həmin qətnamədən apellyasiya şikayəti vermişdir. X2 Məhkəməsi 14 fevral 2024-cü ıl tarixdə yekun məhkəmə qərarı çıxardıqdan sonra hakimlər ona qətnaməni izah etmişlər və demişlər ki, Ədalətin ondan 35.000 (otuz beş min) manat tələb etməsi ilə bağlı icra qeydi vardır. Ədalət həmin icra qeydinə əsasən ondan pulu tələb edir. Həmin icra qeydi ola-ola yenə mülki iddia verib. Ona görə də Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. O, həmin vaxt bilmişdir ki, barəsində icra qeydi vardır. Notarius icra qeydini verərkən “Notariat haqqında Azərbaycan Respublikasının Qanunu"nun 76-cı maddəsini əsas götürmüş, lakin sənədlərin yoxlanılması zamanı həmin maddənin tələblərizi pozmaqla qanunsuz və əsassız icra qeydi vermişdir. Belə ki, həmin qanunun 76-cı maddəsində qeyd edilmişdir ki, borcludan pul məbləğlərini tutaraq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan miiddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa miiddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı giindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi giindən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə biİdiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahiisələndirilə bilər. Tələbkar hazırkı vaxta kimi onun yaşadığım ünvana (qeyd edir ki, qeydiyyatda olduğu yer həm də faktiki yaşadığı ünvandır) icra qeydinin aparılması ilə bağlı hər hansı bildiriş, və ya xəbərdarlıq göndərməmiş, notarius da icra qeydini aparakən həmin halı nəzərə almamışdır. Bundan əlavə notarius barəsində apardığı icra qeydini məlumat üçün ona göndərməli olduğu halda onu da etməmiş, həmin icra qeydini birbaşa icraya yönəltmişdir. İcra qeydində yazılmış borc müqaviləsinə əsasən onun Ədalətlə aralarında 2014-cü il tarixdə borc müqaviləsi bağlanmışdır. İcra qeydi isə 2018-ci il tarixdə verilmişdir. Yəni ki, icra qeydinin verilməsi üçün nəzərdə tutulmuş müddət lap çoxdan keçmişdir. Bu səbəbdən də notarius icra qeydi verməli olmadığı halda bunu etmişdir. Məhkəmənin qərardadı ilə Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran regional “ASAN Xidmət” Mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu məhkəməyə müraciət edərək ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.4-cü maddəsinə əsasən işə cavabdeh X1 və Lənkəran regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tərəflərin izahatları : İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, əlavə olaraq bildirdi ki, nə Cavabdeh, nə də ki, notarius tərəfindən ona qeydiyyatda olduğu və yaşadığı ünvana heç vaxt heç bir bildiriş, məktub göndərilməmişdir, o, belə bir göndərişi almaqla əlaqədar heç vaxt heç bir sənədi imzalamamışdır. Eyni zamanda mübahisələndirdiyi icra qeydi barədə heç vaxt məlumatlandırılmamışdır. Onun barəsində belə bir icra qeydinin tərtib edilməsi barədə yalnız Şirvan Apellyasiya Məhkəməsində ona qarşı iddia tələbinə baxılarkən məlumatlandırılmışdır və bundan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddia tələbində mübahisələndirilən icra qeydi tərtib edilərkən notarius tərəfindən bu sahədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən, icra qeydi verilməmişdən əvvəl tələbkar Cavabdeh tərəfindən İddiaçı bu barədə bildirişin göndərilməsi və bu barədə təsdiqləyici sənədləri notariusa təqdim etməsi tələb edilsə də Cavabdeh bunları etməmiş, notarius da öz növbəsində qeyd edilən tələbə riayət edilməsini yoxlamadan, yəni İddiaçı bildirişin göndərilmədiyi halda icra qeydi vermişdir. Eyni zamanda notarius icra qeydini tərtib edərkən həmin tələblə əlaqədar icra qeydi verilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçdiyinə diqqət yetirməmişdir. Qeyd edilənlərdən görünür ki, icra qeydinin qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasındakı izahatında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, İddiaçı o, uzun müddət əvvəl tanımışdır və onlar bir yerdə işləmişlər. Birlikdə işlədikləri vaxt Zaid borca pul istəmişdir. O, da öz növbəsində Zaidə inanaraq 2014-cü ildə ona 35.000 manat borc pul vermişdir. Sonradan 27 oktyabr 2015-ci ildə İddiaçıla birlikdə Lənkəran rayon 1 saylı notariat kontoruna gedərək, aralarında olan borcu rəsmiləşdirmişlər. Sonradan İddiaçıla arasında bağladığı həmin kredit müqaviləsini Lənkəran rayon 1 saylı notariat kontoruna təqdim etmişdir və notarius tərəfindən icra qeydi tərtib edilmişdir. O, icra qeydinin verilməsi ilə əlaqadar İddiaçı heç bir bildiriş, məktub göndərməmişdir. Eyni zamanda bununla əlaqədar notariusa heç bir sənəd təqdim etməmişdir. İcra qeydinin verilməsi üçün notarisa yalnız Zaidlə arasında bağladığı kredit müqaviləsini təqdim etmişdir. Onaqarşı irəli sürülmüş iddia tələbi əsassız olduğundan onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materialları : İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən : Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş 3M-573 reyestr nömrəli 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi” nin şərtlərinə əsasən, borc alan İddiaçı borc verən Cavabdeh ilə ona 2014-cü ildə borc verilmiş 35.000 (otuz beş min) manat pulu 18 ay müddətinə hər ayın sonu 1944 manat olmaqla qaytarması barədə razılığa gəlmişlər. Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən aparılmış 7E-1357 reyestr nömrəli 23 yanvar 2018-ci il tarixli icra qeydinə əsasən, İddiaçı Cavabdeh xeyrinə 35.010 manat pul vəsaitinin tutulması qeyd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2168/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası təmin edilərək, İddiaçı 35.00 manat borc və 195 manat dövlət rüsumunun alınaraq Cavabdeh ödənilməsi qət edilmiş, 2(106)-196/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadla Lənkəran Rayon Məhkəməsinin 2(049)-2168/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilmişdir. ********** saylı ödəniş qəbzindən görünür ki, İddiaçı hazırki iddia təlləbi üzrə “Hökümət ödəniş portalı” vasitəsilə xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödəmişdir. İşin faktiki halları : İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi”nə əsasən, İddiaçı, Cavabdeh aldığı 35.000 manat borc pul vəsaitini 18 ay müddətinə ona qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında notarius tərəfindən 23 yanvar 2018-ci il tarixdə icra qeydi aparılmışdır. İddiaçı hazırki iddia tələbində sözügedən icra qeydini mübahisələndirərək, iddia tələbini onunla əsaslandırmışdır ki, həmin icra qeydinin aparılması ilə əlaqadar Cavabdeh və notarius tərəfindən ona heç vaxt bildiriş göndərilməmişdir. Eyni zamanda onun həmin icra qeydinin aparıldığı barədə yalnız ona qarşı olan iddia tələbinə dair mülki işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən məlumatlanmışdır. Cavabdeh də məhkəmə iclasında izahatında bildirmişdir ki, sözügedən icra qeydinin aparılması ilə əlaqadar o, heç vaxt İddiaçı bildiriş təqdim etməmiş, göndərməmişdir. Həmçinin icra qeydinin aparılması üçün notariusa yalnız kredit müqaviləsini təqdim, başqa bir sənəd təqdim etməmişdir. Hazırki iddia tələbinə dair mülki işin icraatı ilə əlaqadar zərurət yarandığından məhkəmə tərəfindən Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinə və dəfələrlə Lənkəran “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisinə sorğu göndərilsə də mübahisələndirilən xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş 7E-1357 reyestr nöməli icra qeydinə dair notariat işi məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin hüquqi əsası: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”:
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi :
Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı iddia tələbində mübahisələndirilən icra qeydinin verilməsi ilə əlaqədar ona Cavabdeh tərəfindən heç bir bildiriş təqdim edilmədiyini bildirdiyi halda, Cavabdeh də məhkəmə iclasında həmin icra qeydi ilə əlaqadar İddiaçı heç bir bildiriş göndərmədiyini bildirmişdir. Eyni zamanda sözügedən icra qeydinə dair notariat işidə notariat ofisi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sözügedən halları təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli, bildirişin surətini, onun borcluya çatdırıldığını təsdiq edən sənədi və borclunun cavab məktubunu (cavab məktubu olduğu halda) icra qeydinin aparılması barədə notariat ofisinə ünvanladığı ərizəyə əlavə etməli idi. Qeyd edilən hallardan belə müəyyən edilir ki, hazırki iddia tələbində mübahisələndirilən icra qeydi qanunvericiliyin tələblərinə riayət edilmədən aparılmışdır. Buna görə də məhkəmə hesab edir ki, qanunvericiliklə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət etdiyi üçün hazırkı iş üzrə icra qeydinin aparılması ilə əlaqadar qanunvericiliklə müəyyən edilmiş şərtlərə riayət edilmədiyi üçün iddia təmin edilməli, icra qeydi etibarsız hesab edilməlidir.
Məhkəmə xərcləri :
İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
Məhkəmənin gəldiyi nəticə :
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli 7E-1357 reyestr nömrəli icra qeydi etibarsız hesab edilməlidir. Həmçinin iddia tələbi təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli 7E-1357 reyestr nömrəli icra qeydi etibarsız hesab edilsin. İddia tələbi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Anar Pənahov