Məhkəmə qərarları › İş №2(049)-15/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-15/2025

05.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-15/2025 05.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı metal torla hasarlanmış hasarın cavabdehin hesabına sökülməsi, törədilən maneələrin aradan qaldırılması və torpağın qanunsuz sahiblikdən azad edilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə iddia verərək xx.xx.2018-ci il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmazın Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** saylı Çıxarışa əsasən onun mülkiyyətində olan Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0.17189 ha torpaq sahəsində yerləşən yaşayış evin arxa və yan hissələrinin müəyyən hissəsinin Cavabdeh tərəfindən qanunsuz zəbtdən azad edilməsi, metal torun cavabdehin hesabına sökülməsi, törədilən maneələrin aradan qaldırılması və torpağın qanunsuz zəbtdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, hazırda ailəsi ilə birlikdə Bakı şəhərində qeydiyyatda olmaqla orada yaşayır. Atası Nümayəndə valideyinləri sağlıqarında torpaq sahələrini övladları arasında bölüşdürmüşdür. Atası Nümayəndə düşən torpaq sahəsini və üzərində olan bir mərtəbəli evi nənəsi ona hədiyyə etmişdir. Həmin torpaq sahəsini adına rəsmiləşdirmişdir. Bundan sonra sözü gedən torpaq sahəsinə DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinin əməkdaşları mülkiyyət hüquqlarının qeydiyyatı barədə texniki pasport tərtib etmiş və müvafiq Çıxarışın verilməsi məqsədi ilə faktiki yerində müayinə aparmaqla koordinat nöqtələrini dəqiqləşdirmiş, mövcud vəziyyətə uyğun həmin torpaq sahəsinin texniki pasportunu tərtib etdikdən sonra ona xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində yerləşən yaşayış evin arxa və yan hisssələrinin müəyyən hissəsi zəbt edilmiş, həmin torpaq sahəsinə metal tordan çəpər çəkmişdir. Torpaq sahəsinə qəsdən yaş mal təzəyini tökmüşdür. Bunun nəticəsində evi qəzalə vəziyyətə gətirilmişdir. Torpaq sahəni zəbt etdiyinə görə yaşayış evin arxa və yan hissəsinə keçib təmir işləri aparılması mümkün deyildir. Bu barədə Xolimli kənd icra nümayəndəsinə və yaxın qohumlarına müraciət etsə də, cavabdeh ona məxsus torpaq sahəsini azad etmək istəmir. Cavabdehin torpağa dair mülkiyyət hüququ olmadan, ona maneələr yaradır. Dəfəflərlə torpağına daxil olmağına imkan verməmişdir. O, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək məhkəməyə müvafiq rəyin təqdim edilməsi üçün müayinənin (çöl ölçmə işlər) aparılmasını onların əməkdaşlarından xahiş etsə də, mübahisə olduğunu göstərməklə müvafiq məhkəmə sorğusu daxil olduğu təqdirdə cavab verə biləcəklərini göstərmişlər. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, 2005-ci ildə mərhum atasına dövlət tərəfindən 31 sot torpaq sahəsi verilmiş, 2018-ci ildə həmin torpaq sahəsi özəlləşdirlmişdir. Anası öz torpaq sahəsini Əzizzulla ilə onun oğlu Rəşada bağışlamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh həmin torpaq sahəsinin ona ata-babasından qaldığını bildirərək iddianın təmin olunmamasını xahiş etmişdir. Hazırki məhkəmə iclasında o,bir daha idianı qəbul etməyib onun təmin olunmamasını xahiş etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR : RX seriyalı, ******* nömrəli ƏMDK yanında DƏDRX-nin “Hüquqların Dövlət qeytdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışının və “Texniki Pasport”un surətlərindən görünür ki, Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,17198 ha həyətyanı torpaq sahəsi və həmin sahədə yarləşən, sahəsi 70,4 kv.m. olan daşınmaz əmlak (ev) xüsusi mülkiyyət hüququ əsasında tam olaraq İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və R publik hüquqi şəxsi 10 saylı Lənkəran Əİ-nin xx.xx.2024-cü il tarixli mütəxəssis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2377 saylı rəylərindən,eləcə də cizgi planlarından görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73- 10301 reyestr nömrəli “Texniki Pasporta (xx.xx.2018-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən İddiaçı mülkiyyətində olan 0,17189 ha torpaq sahəsinin (məhkəmə predmeti olan mübahisəli hissəsi istisna olmaqla) sənəd üzrə koordinatları ilə İddiaçı naturada istifadə etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı İddiaçı mülkiyyətində olan 0,17189 ha torpaq sahəsinin 0,01 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0,17189 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,01 ha hissəsinin metal torla çəpərlənməsi müəyyən olunmuşdur. Həmin rəylərə əlavə edilmiş müvafiq olaraq xx.xx.2024-cü il tarixli qəbz və xx.xx.2025-ci il tarixli bildirşdən görünür ki, İddiaçı mütəxəssis rəyinin verilməsi üçün 95 manat ödəmiş, ekspertiza xərci 50 manat təşkil edir. Məhkəmə işdə olan digər sübutlarla bağlı qeyd edir ki, həmin sübutların tədqiqi işin obyektiv həlli üçün əhəmiyyət kəsb etmədiyindən, onların tədqiqinə zərurət yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə və cavabehi dinləyib, mütəxəssis və ekspert rəylərini, cizgi planını tədqiq edib və işdə olan materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının adına dövlət qeydiyyatına alınmış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış hal-hazırda qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənçam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsas vəzifələrindən və prinsiplərindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək (maddə 1.2), mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yartmaq (maddə 6.1.7), pozulmuş hüquqların bərpasını təmin etməkdir (maddə 6.1.8). Qeyd edilən hüquq normalarının mənasına görə mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs çəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Lənkəran rayonu, Xolmili kəndində yerləşən, mübahisə predmetinə aid olan 0,17189 hektar həyətyanı torpaq sahəsi “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin 0,01 ha hissəsini Cavabdeh qanunsuz istifadə edərək oranı metal torla hasarlamışdır. Buna görə də, iddia təmin edilməklə Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,17189 hektar həyətyanı torpaq sahəsinin 0,01 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən İddiaçı sahibliyinə qaytarılmalı, cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.01 ha hissəsini ayıran metal torla hasarlanmış hasar cavabdehin öz hesabına sökülməli, cavabdeh tərəfindən iddiaçıya törədilən maneələr aradan qaldırılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 95 manat mütəxəssis xərci cavabehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməli və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Lənkəran rayonu, Xolmili kəndində yerləşən 0,17189 hektar həyətyanı torpaq sahəsinin 0,01 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən İddiaçı sahibliyinə qaytarılsın. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0.01 ha hissəsini ayıran metal torla hasarlanmış hasar cavabdehin hesabına sökülsün. Cavabdeh tərəfindən İddiaçı törədilən maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 95 manat mütəxəssis xərci cavabehə aid edilsin və ondan tutularaq iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat Cavabdeh aid edilsin və ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar