Məhkəmə qərarları › İş №2(049)-1506/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1506/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1506/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Şahüseyn qızı və Cavabdeh iştirakı ilə, İddiaçı Şahüseyn qızının Cavabdeh qarşı «sabit pul məbləğində təyin edilmiş alimentin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şahüseyn qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(049)-241/2020 nömrəli qətnaməsi ilə iki uşağa görə nəzərdə tutulmuş 300 manat sabit pul məbləğndə aliment pulunun artırılaraq 01 iyul 2012-ci il tarixdə anadan olmuş X6 və 18 mart 2014-cü il tarixdə anadan olmuş X9 adlı 2 uşağa görə 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1981 -ci il tarixdə Lənkəran rayonu Osaküçə kəndində anadan olub. Cavabdeh ilə 27 avqust 2010-cu il tarixdə valideynlərinin məsləhəti ilə nişanlanıblar. 17 sentyabr 2010-cu il tarixdə onun toyu olduqdan sonra o cavabdehin atası evinə köçüb. Cavabdeh isə bildirdi ki, müvəqqəti olaraq yaşadığı Rusiya Federasiyası Sankt-Peterburq şəhərinə gedir. Belə ki, o, orada taksi sürücüsü işləyir, Rusiyadan qardaşı ilə birlikdə rayona qaydacaq və kənddə özünə toy edəcəkdir. Ancaq onun qardaşının sənədləri qaydasında olmadığından belə qərara gəldilər ki, Rusiyada oğlan toyunu etsinlər. Bu səbəbdən də o onun anası və bibisi ilə birlikdə 16 noyabr 2010-cu il tarixdə Sankt-Peterburq şəhərinə getdilər və 26 noyabr 2010cu il tarixdə orada cavabdeh toy etdikdən sonra orada tutduğu kirayə evdə yaşamağa başladılar. Nikahları isə 13 oktyabr 2012-ci il tarixdə Lənkəran rayonu Osaküçə kənd İƏDdə 15 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından 01 iyul 2012-ci il tarixdə X6 və 18 mart 2014-cü il tarixdə X9 adlı 2 övladları anadan olmuşdur. Hər iki uşaq sağ-salamat olmaqla onun himayəsində yaşayır. Cavabdehlə Rusiyada yaşadığları müddətdə cavabdehin əsəbi olduğu, heç bir əsaslı səbəb olmadan ailədə dava-dalaş saldığının şahidi olub. O, Rusiyada yaşadığları müddətdə dəfələrlə onu söyüb təhqir etmiş, döyüb incitmişdir. Sonralar bu mütəmadi hal olduğundan hətta o 102 xidmətinə müraciət də edib. Polis əməkdaşları gəlib cavabdehdən izahat aldıqdan sonra onu buraxdılar. Onun da izahatını aldıqdan sonra ekspertin yanına göndərdilər. Polis şöbəsində həmin şikayətiylə əlaqədar araşdırma aparıldı. Son nəticədə cavabdeh 300 manat cərimə edilmişdir. Bir sözlə cavabdeh ilə yaşadığları müddətdə cavabdehin anasının da ailələsinə müdaxilələrindən sonra o, ona qarşı mütəmadi olaraq şiddət (psijoloji və fiziki) göstərmiş, heç bir şeyə görə ailədə dava-dalaşlar salmışdır. Yaşadığları müddətdə cavabdeh ailəyə qarşı laqeyd olmuş, nə ona, nə də ki, övladlarına qayğı göstərməmişdir. Onun anasının ailəsinə müdaxiləsi vəziyyəti daha da dözülməz səviyyəyə çatdırmışdır. Ancaq bütün bunlara uzun müddət dözməyinin səbəbi yalnız uşaqları olmuşdu. Cavabdeh övladlarının yalnız qida tələbatını müəyyən qədər ödəyir və bununla da vəzifəsinin bitdiyini düşünürdü. Nəhayət cavabdehlə aralarındakı bütün münasibətlər, o cümlədən də ər-arvadlıq münasibətləri kəsilməklə nikahları formal xarakter daşımaqla münasibətlər gərginləşib ciddi hal aldığından o aralarındakı nikahın pozulması və aliment tələbinə dair iddialarla məhkəməyə müraciət edib və Lənkəran rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(049)-241/2020 nömrəli qətnaməsi ilə nikahları pozulmaqla birgə nikahdan 01 iyul 2012ci il tarixdə anadan olmuş X6 və 18 mart 2014-cü il tarixdə anadan olmuş X9 adlı 2 uşağlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 150 manat olmaqla iki uşağa 300 manat sabit pul məbləğində aliment qət edildi. Hazırkı iddia ilə müraciət edərək bildirir ki, artıq təyin edilmiş həmin alimentlə dolana bilmir. Belə ki, hazırkı çətin şəraitdə uşaqların böyümələri ilə yanaşı onların problemləri də çoxalmışdır. O onları saxlamaqda çətinlik çəkir. Cavabdeh qət edilən alimenti də doğru-düzgün ödəmir. O, mütəmadi olaraq Rusiya Federasiyasına mövsümü işlərə, Moskva şəhərinə gedib gəlir. Bildiyinə görə orada o, şirkətdə sürücü işləməklə normal qazancı vardır. Onun aylıq əmək haqqının və qazancının konkret olaraq nə qədər olması barədə onun heç bir məlumatı yoxdur. Hazırda o cavabdehin qazancı barədə sənədləri əldə edə bilmədiyinə və cavabdeh həmin sənədləri ona vermədiyinə görə iddia ərizəyə həmin sənədləri əlavə edə bilmir. Məhkəmə iclasında İddiaçı Şahüseyn qızı izahat verərək bildirib ki, onun cavabdehlə olan nikahından iki uşaqları var. X5 xəstəliyindən əziyyət çəkir. Gözləri də görmür. Cavabdehdən alimentdən başqa onlara heç bir maddi yardım göstərmir. Cavabdeh Rusiya Federasiyasında sürücü işləyir və yüksək gəlir əldə edir. Onların yaşamağa da evləri yoxdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirib ki, alimenti vaxtı vaxtında ödəyir. O, vərəm dispanserində qeydiyyatda olub. 2019-cu ildən pensiyası kəsilib. İkinci qrup əlil olub. Uşaqlarının alimentini anasının aldığı 300 manat pensiya ilə ödəyir, hazırda isə pensiyası da kəsilmişdir. Aliment məbləği artırılacağı təqdirdə ödəmək imkanı olmayacaqdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz verərək bildirib ki, iddia tələbini ümumilikdə qəbul etmir. Çünki, o hal-hazırda heç bir yerdə işləmir və heç bir gəliri yoxdur. 300 manat aliment tələbini belə ödəməyə çətinlik çəkir. Anasının təqaüdündən ödəyir. Lənkəran Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli 2(049)-241/2020 saylı qətnaməsi qəbul edilərkən o xəstəliylə əlaqədər 260 manat pensiya alırdı. 40 manatda anasının pensiyasından ona əlavə edib 300 manat alimenti ödüyürdü. Lakin ona ayrılan pensiyanın verilməsi uzun müddətdir ki dayandırlıb. Onun heç bir gəliri yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuşdur. Anası İddiaçı Şahüseyn qızı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuşdur. Anası İddiaçı Şahüseyn qızı, atası Cavabdehdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı Şahüseyn qızının nikahları xx.xx.2024-cü il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 33 sayla ləğv edilmişdir. Lənkəran ŞİHB-nın Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı Şahüseyn qızı həqiqətən o, Lənkəran rayonu Osaküçə kəndində yaşayır. Ailə tərkibi qızı X6 və oğlu X7r. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonu Osaküçə kənd sakini 1981-ci il təvəllüdlü Nəcəfli X8 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Vərəm xəstəlik şöbəsində xx.xx.2022-ci il tarixdən “ocaqlı sağ ağciyər vərəmi bərkimə mərhələsində” diqnozu ilə qeydiyyatda durur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-241/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Şahüseyn qızı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 16 sayla qeydə alınmış nikah qeydi pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X4 İddiaçı Şahüseyn qızının himayəsində saxlanılsın. xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Şahüseyn qızına verilməsi qət edilib. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından Xatirə və Tahir adlı iki uşaqları doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-241/2020 saylı qətnaməsi ilə, adıçəkilən uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh isə iddianın rədd edilməli olmasını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 235 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan, yəni 21 may 2020-ci il tarixdən artıq 4 ilə yaxın müddət keçməsi iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X3 və X2 böyüdükcə hər il artan xərclərini, habelə həmin 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin (2020-ci ildə 300 manat həddində müəyyən edilmişdir) hazırki dövrlə müqayisədə artmasını nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay 2 uşağa görə 300 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Xatirə və Tahir adlı uşaqın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 360 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 4320 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 56 manat təşkil edir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 63.2 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 63.2 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Mediasiya prosesinə görə ödənilmiş 55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-241/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Şahüseyn qızına ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün iddianın verilməsi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı Şahüseyn qızına ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği 63.2 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar