Məhkəmə qərarları › İş №2(049)-1526/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1526/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1526/2024 20.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.000 manat pulun və hər gecikdirilmiş il üçün illik 5% pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 onun həyat yoldaşı olmuşdur. xx.xx.2017-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində nikahları qeyd olunmuşdur. Birgə yaşayış dövründə övladları olmamışdır. Lənkəran rayon məhkəməsinin 2(049)- 176/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə olarkən X1 atası cavabdeh Əliyev X5 şəhəri, Vidadi küçəsi, ev 53 ünvanında özünə məxsus evin olduğunu bildirmişdir. Özü ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığından ona bildirmişdir ki, ünvan 1 olan evini ona sata bilər. O, da cavabdehlə razılaşaraq hissə-hissə pulu ödəməklə evi keçmiş qayınatasından almışdır. Ona görə də cavabdehə telefon vasitəsilə Whatsap ani mesajlaşma sosial şəbəkəsinə aid çıxarışda “onun sizə ev pulundan 17.000 manat borcu qaldı, onu da sizə ən qısa müddətdə qaytaracam” sözlərini göndərmişdir. Evin ümumi dəyəri 34.000 manat qiymətləndirilmişdir. Lakin, keçmiş qayınatası Cavabdeh tərəfindən həmin ev, ünvan 1 ünvanında olan ev ona verilməmişdir və cavabdehdə onun 17.000 manat pulu qalmışdır. Hal-hazırda həmin məbləği cavabdehdən tələb edir. Dediyi fikirləri şahid X3 (Ş/V AA0278760, 28HQQW3) təsdiq edə bilər. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə Cavabdeh onun keçmiş həyat yoldaşı Xəyalənin atasıdır. Nurəddin Rusiya Federasiyasında yaşadığını və Azərbaycan Respublikasına qayıtmayacağını ona bildirərək, Lənkəran şəhərində yerləşən evini ona satmağı təklif etmişdir. O, Nurəddindən həmin evi hissəhissə ödəniş etmək şərtilə almağa razılaşmışdır. Evin dəyərini 35.000 manata razııaşmışlar, sonradan 1.000 manat da ona güzəşt edərək, 34.000 manata razılaşmışlar. Nurəddin ona bildirmişdir ki, Rusiyayaya qayıtmalıdır və evin pulunun bir hissəsini ona ödəsin. Onun özündə 14.000 manat pul olmuşdur, 3.000 manat da bibisi oğlu Pərvizdən alaraq, onunla birlikdə dəqiq xatırlamadığı tarixdə evin pulunun yarısını ödəmək üçün Cavabdeh yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Pərvizin iştirakı ilə Nurəddinə 17.000 manat pul vermişdir, bundan sonra Pərviz həmin pulu Nurəddindən aldığı ev üçün ödədiyini bilmişdir. Nurəddin ona xeyir-dua vermişdir və bir müddətdən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Həmin vaxt evin Nurəddinin xüsusi mülkiyyətində olduğunu bilmişdir, lakin aralarında heç bir müqavilə bağlamamışlar. Bir müddətdən sonra məhkəmənin qətnaməsi ilə onunla Cavabdeh qızı Xəyalə Əlizadə arasında nikahları pozulmuşdur. Bu səbəbdən o, Nurəddinə pulun qalan hissəsini ödəməmişdir, Nurəddin də evi ona satmaqdan və ona ödədiyi 17.000 manat pulu qaytarmaqdan imtina etmişdir. Nurəddinə evin pulundan 17.000 manat borcunun qaldığı barədə mesaj da yazmışdır və həmin mesaj Ali Məhkəmənin qərarında da öz əksini tapmışdır. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, İddiaçı onun dayısı oğludur. İli, ayı və gününü dəqiq xatırlamadığı tarixdə Orxan ona zəng edərək 3.000 manat pul istəmişdi və həmin pulun ona xeyir iş üçün lazım olduğunu bildirmişdi. Təxminən 1 saat yarım sonra Orxan onlara gəlmişdir, o, 3.000 manatı Orxana vermişdir və onlar birlikdə Orxanın qaynatası olan Nurəddinin evinə getmişlər. Orxan həmin vaxt 17.000 manat pulu Nurəddinə vermişdir və söhbət əsnasında o, başa düşmüşdür ki, Nurəddin özünə məxsus olan evi Orxana satır və pul həmin evin qarşılığında ona verilir. Evin qiymətini 34.000 manata razılaşdıqlarını bilmişdir. Nurəddin qeyd etmişdi ki, o, onsuz da Rusiyada yaşayır və Azərbaycana qayıtmayacaq, gələndə evi Orxanın adına rəsmiləşdirəcək. Sonradan Orxanın ailəsi dağılmışdır, Nurəddin isə Orxanın pulunu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçını izahatını və şahidin ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 2(049)-328/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X1 cavabdehlər İddiaçı Çakir qızı, X6 və X4 qarşı “qızıl-zinət əşyaları, cehiz əmlakı və birgə yaşayış dövründə əldə edilmiş mənzildə payların müəyyən edilməsi tələbinə” dair iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-591/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsinin 39-cu bəndində qeyd edilmişdi ki, “Məhkəmə kollegiyası cavabdehin qaynatası Nurəddinə məxsus Lənkəran şəhərində yerləşən evi 34000 manata alması ilə bağlı razılaşmaya tənqidi yanaşır və hesab edir ki, qeyd edilən 34000 manat pul vəsaiti məhz Nurəddinin qızı Xəyaləyə hədiyyə etmiş olduğu pul vəsaitidir. Belə ki, belə qısa zamanda cavabdeh İddiaçı 2 mənzili əldə edə bilməzdi. Çünki İddiaçı kollegiyanın iclasında bildirmişdir ki, Ford avtomobili ilə yük daşımaqla ayda 200- 300 manat qazanc əldə edir.” Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 402.1 maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2 maddəsinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Eyni zamanda qanunvericilikdə gələcəkdə əmlakın verilməsi üçün ilkin müqavilənin bağlanması nəzərdə tutulmuşdur. Beləliklə işin məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən ona yaranmış borcuna dair 17.000 manat pul vəsaitini tələb edir. İddiaçı cavabdehin ona olan həmin borcunun ev alqı-satqısı zamanı borcundan yarandığını əsaslandırır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə məhkəməyə həmin halları sübut etmək üçün heç bir mötəbər sübut, məsələn, qəbz, müqavilə, iltizam və s. məhkəməyə təqdim etməmişdir. Hazırda iddia tələbində qeyd edilən borc 17000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. Həmçinin tərəflər arasında əmlakın nisyə alqı-satqısına dair və ya ilkin müqavilə bağlanmamışdır. İşin məhkəmə baxışında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadəsində cavabdehin iddiaçıya borcunun olduğunu bildirməklə, həmin pulun iddiaçı tərəfindən dəqiq hansı tarixdə (il, ay, gün) cavabdehə ödənildiyini bildirə bilməmişdir. Eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi məhkəmədə istinad etdiyi onun tərəfindən “Vhatsapp” ani mesajlaşma sistemində yazılmış mesajın da hansı tarixdə, kimin tərəfindən və kimə yazıldığı və mesajın mətnində qeyd edilən “evin pulundan borca dair qeyd edilmiş 17.000 manat vəsaitin” məhz hansı xüsusata dair (hansı evin, hansı razılaşmaya aid və s.) borc olduğuna dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 141,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 141,4 dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar