Məhkəmə qərarları › İş №2(049)-1527/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1527/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1527/2024 20.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 2.500 manat pul və 46 manat 40 qəpik dövlət rüsumu cəmi 2.546 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə eyni vaxtı Lənkəran rayonun Ləj kənd orta məktəbində oxuyub. Lənkəran rayonu Ləj kənd sakini kimi tanıyır və onunla yaxşı münasibətləri var idi. Hətta müəyyən vaxtlarda ondan borca pul almış, aldığı borc pulunu söz verdiyi vaxtlarda qaytarmışdır. Bu səbəbdən cavabdeh onun yanında öz etibarını qazanmışdır. Belə ki, cavabdeh maddi problemləri ilə bağlı yəni nəvəsi xəstə olduğuna görə 2023-ci ilin mart ayında ondan 2500 manat borca pul istəmişdir və o, da onu tanıdığına və etibar etdiyinə görə 2500 manat borc pul verib. Cavabdehə pulu verən vaxt yəni xx.xx.2023-cü il tarixdə həmin borcu öz aralarında yazılı qaydada rəsmiləşdirmişlər. Cavabdeh ondan aldığı 2500 manat borca görə verdiyi yazılı qəbzdə göstərmişdir ki, o, Cavabdeh - Nadirə 01 noyabr 2023-cü il tarixdə 2500 manat verməlidir. Borcla əlaqədar maaş kartını etibar eləyib. Nadirə qarşı heç bir iddiası yoxdur. Qəbzin altında imza etmişdir. Cavabdeh maaş kartını ona versə də, lakin 15 gündən sonra bildirmişdir ki, maaş kartını geri versin, kredit götürüb borcunu qaytaracaq. Lakin 5-6 ay keçsə də cavabdeh borcunu qaytarmamışdır. Cavabdeh 2500 manat ona borcu olduğunu yazılı qəbzdə etiraf etmişdir və həmin pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq etsə də heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə, izahat verərək bildirib ki, Cavabdeh bir neçə dəfə ondan borc pul alıb qaytarmışdır. Sonuncu dəfə nəvəsinin xəstə olduğunu bildirib ondan 2500 manat borc alıb. Cavabdeh ondan aldığı 2500 manat borca görə yazılı qəbz verib. Qəbzdə Cavabdeh ondan 2500 manat borc aldığını və bocru ilə əlaqədar maaş kartını etibar etdiyini bildirmişdir. Həmin vaxt Rauf maaş kartını da ona vermişdir və 15 gündən sonra o, maaş kartını Raufa qaytarmışdır. Maaş kartından heç bir vəsait ıxarmamışdır. Rauf ona bildirmişdir ki, bankdan kredit götürərək qaytaracaq. Lakin hal-hazıradək 2.500 manat borcundan heç bir vəsaiti ona qaytarmamışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahat verərək bildirib ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı 800 manat faizə borc almışdır. Belə ki, oğlunun müalicəsinə pul lazım olduğu üçün o, Nadirə borcla əlaqadar müraciət etmişdir. Nadir də onunla razılaşaraq ona 800 manat borc pul vermişdir. Nadir həmin pulu ona aylıq əlavə 25 faiz ödəmək şərtilə faizə vermişdir. Bundan sonra Nadir pulu qaytarması ilə əlaqadar ona hədə-qorxu gəlmişdir. xx.xx.2024-cü il tarixdə o, öz xətti ilə qəbz yazaraq Nadirə təqdim etmişdir və ona 2.500 manat borcu olduğunu bildirmişdir. Nadirdən borc alarkən öz maaş kartını da ona vermişdir və o, həmin kartdan ona məxsus olan pul vəsaitlərini nağdlaşdıraraq götürmüşdür. Qəbz yazan tarixədək Nadirə olan borcuna dair ona 2.000 manat pul ödəmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilən iddiaçı tərəfindən təqdim edilmiş əlyazma qəbzin onun tərəfindən yazıldığını və imzalandığını bildirmişdir. Onun Nadirə heç bir borcu qalmamışdır. Borcunu əvəzinə 2.000 manat məbləğində pul vəsaitini iddiaçıya ödədiyinə dair məhkəməyə heç bir sübut təqdim edə bilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, həmin qəbzdə “Cavabdeh – Mən Nadirə 01 noyabrda 2.500 manat verməliyəm. Borcla əlaqədar maaş kartı etibar eləmişəm. Nadirə qarşı heç bir iddiam yoxdur. İmza Cavabdeh. xx.xx.2023”. Qeyd edilən qəbzdə olan yazının öz xətti ilə yazılaraq imzalandığını Cavabdeh məhkəmə iclasında izahatında təsdiq etmişdir. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında yazılı razılaşmaya əsasən, Cavabdeh İddiaçı 2.500 manat məbləğində borc pul almış, lakin üzərinə götürdüyü öhdəliyə əməl etməyərək aldığı pulu iddiaçıya qaytarmamışdır. İddiaçı məhkəməyə müraciət edərək həmin məbləğindən cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız izahatında formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlillər irəli sürmüş, həmin dəlillər isə öz növbəsində iddianın rədd edilməsi üçün məhkəmə tərəfindən yetərli hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə, iddiaçı tərəfindən 46.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 2.500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 46.40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar