Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1550/2025 27.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, iddiaçı X2 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3550 manat və dövlət rüsumu kimi ödədiyi 56 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2019-cu ildə etibarından suiistifadə edərək aldatma yolu oğlunu işə düzəltmək adı ilə onun 3550 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Onun bu və ya bu kimi digər əməlləri ilə bağlı barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-316/2021 saylı qanuni qüvvəyə minmiş hökmü vardır. Həmin hökmə əsasən o, qeyd olunan cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır və ona Cavabdeh tərəfindən sonuncunun cinayət əməli nəticəsində 3550 manat ziyan vurulması təsdiq olunur. Cavabdehlə aralarında olan mübahisə məhkəmədənkənar qaydada öz həllini tapmadığından və cavabdeh halhazıradək 3550 manat məbləğində pulu qaytarmadığından, o, məcbur olub hüquqlarının müdafiəsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınmamasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi, oğlu Cavabdeh törətmiş olduğu cinayət əməlinə görə cəza çəkdiyini, iddiaçının 3 il müddətində iddia qaldırılmalı olduğunu, başqa sözlə hazırki iddia tələbinin 2024-cü ilin avqust ayına qədər cavabdehə qarşı irəli sürülməli olduğunu, iddiaçının isə həmin müddəti ötürdükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirib, təmsil etdiyi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş Cavabdeh iddia tələbini etiraf etməyərək tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(049)-316/2021 nömrəli hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh 03 il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı X2 tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia tələbinin 2024-cü ilin avqust ayına qədər irəli sürülməli olduğunu bildirib, iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin maddənin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsində mülki hüquq pozuntusunun anlayışı verilmişdir. Həmin normada qeyd olunur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Hazırki işin hallarından göründüyü kimi, Cavabdeh törətmiş olduğu cinayət əməli, yəni dələduzluq etməsi nəticəsində İddiaçı 3550 manat ziyan vurulmuş və o, vurulmuş ziyandan ödəniş etməmişdir. Yəni, Cavabdeh İddiaçı 3550 manat pul ödəməli olması işin mübahisə doğurmayan halıdır. Lakin, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməklə hesab edir ki, iddiaçının iddia tələbinin söykəndiyi əsas – qanuni qüvvəyə minmiş məhkəmə hökmünün çıxarıldığı tarixi, yəni 2021-ci ilin avqust ayından 2024-cü ilin avqust ayına qədər, başqa sözlə 3 il müddətində ona qarşı iddia qaldırmaq hüququnun olmasını əsas gətirərək, 3 illik iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, mülki qanunvericilik üç illik iddia müddətinin tətbiqi ilə bağlı halları konkret müəyyən etmişdir. Hazırki halda isə tərəflər arasında müqavilə və ya vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblərin mövcudluğundan söhbət gedə bilməz. Ona görə də, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə alınması üçün heç bir qanuni əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3550 manat manat və iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 56 manat pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 3550 manat və iddia verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 56 manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1550/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1550/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver