Məhkəmə qərarları › İş №2(049)-1553/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1553/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1553/2025 23.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.000 manat pulun, ödənilmiş 165 manat dövlət rusumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 3-cü qrup əlildir və iflic xəstəliyindən əziyyət çəkir. “Tik-tok” adlı sosial şəbəkə vasitəsi ilə Cavabdehzadə adlı xanımla tanış olub. Onunla ara-sıra yazışmış və bir-birilərinin paylaşımlarını bəyənmişlər. Bir gün Nailə xanım ona işdən çıxdığını bildirmiş və işə düzələnə kimi ona maddi cəhətdən köməklik göstərməsini xahiş etmişdir. Gündəlik 10 manatlıq evdə qaldığını demişdir. Bir müddət keçmiş, o, iş tapa bilməmişdir. Demişdir ki, qızı Dünyaxanımın adında babasından vərəsəlik olan torpağı var. Köməklik et, sənədlərin düzəldək lombarda qoyaq, pul götürsün, onun da pulunu verəcəkdir. Cavabdeh Lənkərana yollanmış və demişdir ki, sənədlərə 200 manat pul lazımdır. O, da həmin pulu onun dediyi karta göndərmişdir. Həmin kartın sahibi onun dediyinə görə bibisi oğlu Zahidə məxsus olmuşdur. Sonra deyib ki, orada qeydiyyatda olanlar var onlar razı deyil, pul istəyirlər. Yenə də 500 manat ona pul göndərsin. Sonra demişdir ki, babasından nəvəsi Dünyaxanıma vərəsə şəklində qalan torpağı qızı məhkum olduğuna görə öz adına keçirmək lazımdır. Bunun üçün də sənədlər bəzi yerlərdən qeydiyyatdan keçməlidir. Bir qədər pul gedibdir. O, da fikirləşmişdir ki, onsuz da batmış, borc da olsa, tapsın versin ki, Nailə xanım sənədləri düzəldib, bankdan pulu götürsün, onun pulunu da versin, Demişdir ki, Ədliyyə Nazirliyindən icazə verilməlidir, bir müddət sonra demişdir ki, Daxili İşlər Nazirliyindən keçməlidir, bir müddət sonra demişdir ki, qızı məhkum olduğuna görə Ağır Cinayətlər məhkəməsi icazə verməlidir, bir müddət ora pul lazımdır. O, də borc xərc, faizə pul tapıb, göndərirmişdir. Heç pulun miqdarını özü də qeyd etmirmiş. Ona o qədər ona inanmışdır. Onun dediyi kartlara pulu atırmış, cavabdeh deyirmiş ki, özü qeyd edir. Bu hadisələr 2024-cü ilin mart ayından 2024cü ilin oktyabr ayına kimi davam etmişdir. Bu 08 ayda Nailə xanımı bir dəfə 15 dəqiqə görüb, işin nə yerdə olmağu ilə bağlı söhbət eləmişdir. Nə vaxt deyirmiş ki, o, da gəlib kömək etsin, bərabər gedək bu işləri həll etsinlər, deyirmiş ki, yox. Bu insanın öz dediyinə görə bu işlərlə bağlı ona kömək edən şəxlər olmuşdur. Onlar bibisi oğlu Zahid (Kapital bankda kartın nömrəsi:4169-7388-3799-6861), sonra makler olub Şüvəlanda (Leobankda kartın nömrəsi: 4098-5844-9135-9236), sonra qızının vəkili Coşqun (Kapital bankda kartın nömrəsi: 5239-1517-0386-3160), həmin kartın Coşquna məxsus olub-olmadığını dəqiq bilmir. Ən sonunda öz adına götürdüyü kart və onun nömrəsi (5239-1517-7404-4146). Bununla iş bitməmiş, sonra ona demişdir ki, Maştağa qəsəbəsində torpaq var, onun sənədlərini düzəldib, ona müştəri var. Həmin torpağı satıb, onun pulunu verəcək. Özünün dediyinə görə ondan 25.000 manatdan artıq pul almışdır. Hər gün onu aldadıb, deyirmiş ki, bu gün düzəlir, sabah düzəlir, 10 günə düzəlir, bir aya düzəlir. Beləliklə də onun bu formada onu aldatmağı davam edirmiş. Pulunu qaytarmayıb, onu aldatdığını gördükdə məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Onu müraciəti araşdırılması üçün oradan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə göndərilmişdir və orada bununla bağlı araşdırma zamanı Cavabdeh verdiyi izahatında ona borclu olduğunu səmimi etiraf etmişdir. Odur ki, hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh hal-hazıradək ondan aldığı 25.000 manat öuldan ona heç bir vəsait qaytarmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatın dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov RPİ-nin 18-ci PB-nin rəisi Bayram Alıyev tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı müraciətinizlə bağlı araşdırma aparılmış, şikayətçi olduğu Cavabdeh polis tərəfindən 18-ci PŞ-nə dəvət edilmiş, izahatı alınmış, izahatında ona borclu olduğunu səmimi etiraf etmişdir, müraciətdə qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğundan Cavabdeh barəsində mülki qaydada məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarına əlavə edilmiş məhkəmə sorğusu əsasında Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 3/2-4439 nömrəli məktubu ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı müraciət əsasında Nərimanov RPİ-nin 18-ci PŞ-də aparılmış araşdırma ilə əlaqədar izahatı alınmış Cavabdeh izahatının surəti və İddiaçı şikayət ərizəsinin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı tərəfindən İddiaçıİddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı şikayət ərizəsindən görünür ki, o, müraciətində hazırki mülki iş üzrə iddia ərizəsində qeyd etdiyi xüsusatlara uyğun qeyd etmişdir. Həmin məktuba əlavə edilmiş Cavabdeh izahatından görünür ki, o, Nərimanov RPİnin 18-ci PŞ-də aparılan araşdırma zamanı bildirmişdir ki, o, Lənkəran şəhəri, 20 yanvar küçəsində yaşayır. İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı müraciətlə tanış olmuşdur və verdiyi izahatın mahiyyəti ona aydındır. İddiaçıla 2024-cü ilin tik-tok sosial şəbəkəsində tanış olmuşdur. Həmin zamandan etibarən Səlimlə aralarında münasibət yaranmışdır. Şəxsi problemləri yaranığına görə, maddi vəziyyəti çətin olduğu üçün o, Səlimdən pul istəmiş və ona bildirmişdir ki, onlara məxsus Lənkəran rayonunda və Maştağada torpaq sahələri satıldıqdan sonra Səlimə olan borcunu qaytaracaqdır. Bu minvalla sentyabr ayına qədər o, Səlim ona ayrı-ayrı vaxtlarda ümumilikdə 20 min manat pul göndərib. Torpağı vaxtında sata bilmədiyindən Səlimin ona vermiş olduğu pulu qaytara bilməmişdir. Buna baxmayaraq törətdiyi əməlin məsuliyyətini dərk edir. Əməlindən peşmandır. İş materiallarında olan ********** nömrəli xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqadar 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində cavabdehdən 25000 manat pul vəsaitini tələb edir. Cavbdeh Cavabdeh polis təhqiqatı araşdırması zamanı verdiyi izahatda həqiqətən də İddiaçı ona 20 min manat pul göndərdiyini, özünə məxsus Lənkəran rayonunda və Maştağa qəsəbəsində olan torpaq sahələri odugunu, onları satıb Səlimə olan borcu ödəcəyəni bildirmişdir. Toprağı vaxtında sata bilmədiyi üçün Səlimin borcun vaxtında verə bilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Beləliklə də yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, Cavabdeh idddiaçı İddiaçı qarşısında 20.000 manat məbləğində öhdəliyinin yaranmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh polis araşdırması zamanı verdiyi izahatda həmin vəsaitdən 20.000 manatı borc pul iddiaçıdan aldığını etriaf etmiş və qaytarmadığını bildirmişdir. Bunun əksini sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Qeyd edilən 20.000 manat vəsaitin Cavabdeh tərəfindən İddiaçı Həzrətqulu oğluna qaytarılması barədə məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, 20.000 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, məhkəmə xərclərinə dair hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 165 manat məbləğində dövlət rüsumunun 132 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 (bir yüz otuz iki) manat, cəmi 20.132 (iyirmi min yüz otuz iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar