Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1558/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş 27 sentyabr 2012-ci il təvəllüdlü X3 və 22 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından və onların xərclərinin ödənilməsindən ötrü Cavabdeh hər uşaq üçün hər ay 220 manat məbləğində olmaqla ümumilikdə 440 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi boşanmışlar. Bu barədə Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 sentyabr 2021-ci il tarixli AZ-№ 385895 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Birgə nikahlarından 27 sentyabr 2012-ci il tarixdə X3 və 22 avqust 2015-ci il tarixdə X4 anadan olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(049)-210/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında Lənkəran rayonu Səpnəkəran kənd icra nümayəndəliyində xx.xx.2021-ci il tarixdə 26 saylı aktla rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahlarından doğulan övladları onun yanında saxlanılmış və Cavabdeh hər ay bir uşağa görə 120 manat olmaqla ümumilikdə iki uşağa görə 240 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşaqlar hal-hazırda sağ-salamat olmaqla onun himayəsindədirlər. Onların artıq təhsil və digər xərcləri artdığına görə Cavabdeh tərəfindən ödənilən 240 manat miqdarında aliment məbləği onların xərclərini qarşılamaq üçün kifayət etmir. Cavabdeh uşaqların atası olaraq öz övladlarının maddi ehtiyaclarının qarşılanmasında köməklik göstərməlidir. Lakin o, 240 manat aliment məbləğindən əlavə övladlarına heç bir maddi dəstək göstəmıir. Cavabdehin ata olaraq övladlarının ehtiyaclarını, mənəvi və maddi cəhətdən qarşılamaq onun üzərinə düşən atalıq vəzifəsidir. O, bir valideyn olaraq ana kimi övladlarının qayğısına qalır və onların təlimtərbiyəsi ilə məşğul olur. Yuxarıda qeyd etdiyi kimi birgə nikahlarından iki övladı dünyaya gəlmiş və onlar böyüdükcə maddi tələbatları da günü-gündən artır. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-210/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə bir nikahlarından olan 27 sentyabr 2012-ci il təvəllüdlü X3 və 22 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından və onların xərclərinin ödənilməsindən ötrü Cavabdeh hər uşaq üçün hər ay 220 manat məbləğində olmaqla ümumilikdə 440 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, kredit borcu olduğunu, aldığı əmək haqqının məbləğinin az olmasını bildirərərk iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1637 №li arayışdan görünür ki, X3 27 sentyabr 2012-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1636 №li arayışdan görünür ki, X4 22 avqust 2015-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. 06 mart 2023-cü il tarixli, MŞL-00030 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. 06 mart 2023-cü il tarixli, MŞL-00030 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-210/2021 saylı qətnaməsi qətnaməsindən görünür ki, Cavabdeh 27 sentyabr 2012-ci il təvəllüdlü X3 və 22 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay bir uşağa görə 120 manat olmaqla hər ay iki uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2015-ci il tarixdə doğulmuş X4 adlı iki uşağı vardır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)- 210/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 120 manat olmaqla hər ay iki uşağa görə 240 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. İddia tələbindən göründüyü kimi iddiaçı iki uşağın saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-210/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq iki uşağa görə cəmi 440 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsində təyin olunması ilə bağlı iddia ərizəsində göstərdiyi dəlillərə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq iki il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqların böyüdükcə gündəlik tələbatlarının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X3 və X2 böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-210/2021 saylı qətnaməsi ilə 27 sentyabr 2012-ci il təvəllüdlü X3 və 22 avqust 2015-ci il təvəllüdlü X1 üçün təyin edilmiş hər ay bir uşağa görə 120 manat olmaqla, hər ay iki uşağa görə 240 manat manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Ceyhun və Əsnat adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 60 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 720 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan azdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)- 210/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 27 sentyabr 2012-ci il təvəllüdlü X3 və 22 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1558/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1558/2023
23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver