Məhkəmə qərarları › İş №2(049)-158/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-158/2023

28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-158/2023 28.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 530 manat məbləğində maddi ziyan pulu, mənəvi ziyana görə 450 manat və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, fərdi əməklə məşğuldur. X2 RETSİ-nin də mühəndis işləyir. xx.xx.2021-ci il X1 və tanışı Ruslan adlı şəxslə birlikdə özünə məxsus ** DM *** nömrəli nişanlı avtomobillə Lənkəran şəhərinə doğru getdiyi zaman Kərgəlan kəndin yolunda Cavabdeh özünə məxsus qoyun sürüsünü avtomobilin qab hissəsi tərəfinə sürdü, ona məcburiyyət qarşısında qalıb maşını saxladı, cavabdeh taxta parçası ilə qəsdən avtomobilin sağ və sol hissələrinə zərbələr endirdi. O cavabdehə niyə belə qanunsuz hərəkətlərini etməsini dedi o, bildirdi ki, X2 işıq pulu borcu olduğlarına görə işığı kəsmişdir. Bu səbəbdən əvəz alır. Dərhal cavabdehin qanunsuz hərəkətləri barədə DİNnin 102 xidmətinə zəng edib. Həmin vaxtı cavabdeh bildirdi ki, onun polis şöbəsində adamı var, heç kim ona heç bir şey edə bilməzdir. Bundan sonra o və atasıyla birlikdə Lənkəran RPŞ-də cavabdehin qanunsuz hərəkətləri barədə ərizə müraciət edib. Lənkəran RPŞ-nin TB-də araşdırma aparıldı, avtomobilə dəyən ziyanı müəyyən edilməsi üçün avtomobil "xxxx" MMC-yə göndərildi. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyi verilmişdir. Həmin rəyədə avtomobilinə cavabdeh tərəfindən 530 manat ziyan vurulması göstərilmişdir. Bu səbəbdən cavabdeh barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsindən ötrü Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Lənkəran rayon məhkəməsinin qərarı ilə işə obyektiv, qərərsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinin xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lənkəran RPŞnin əməkdaşları işə səhlənkar yanaşdığına görə Cavabdeh barəsində olan İnzibati iş məhkəməyə üç aydan sonra göndərilmişdir. Bundan əlavə ona Lənkəran polis şöbəsində hadisə ilə əlaqədar geniş izahat verib. Lakin Lənkəran RPŞ-nin təhqiqatçısı Emil Baxışov 30 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında onun izahatında təhrif verilmişdir. Lənkəran RPŞ-dən TB-də verdiyi izahatının surətini tələb etsə də, verməkdən imtina edilmişdir. Bu da cavabdehi mülki məhsuliyyətdən azad etmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 530 manat məbləğində maddi ziyan və 450 manat mənəvi ziyan vurmuşdur. Belə ki, cavabdeh qarşı hər hansı bir etmədən cavabdeh avtomobilinə qəsdən ziyan vurmuş ona görə əsəb, stres keçirmiş və bir neçə gün iş gücündən olmuşdur. Cavabdeh bundan əlavə demək olar ki, hər gün işinə gedən zaman oan mane olur. Bundan əlavə o dəymiş ziyanla bağlı cavabdehə xəbərdarlıq etsə də, cavabdehin ziyanın ödənilməsi ilə əlaqədar heç bir hərəkət etməmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyib, bildirmişdir ki, onun tərəfindən vurulmuş ziyanın məbləği düzgün hesablanmamışdır. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2021-ci il tarixli qərarından görünür ki, zərər çəkmiş şəxsin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-492/2022 saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətalara dair iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Mercedes Benz markalı ** DM *** dövlət nömrə qeydiyyat nişanlı 2003 il buraxılışlı avtomobilin arxa sol işıqlarının zədələnmiş, təmir xərcləri ilə birlikdə qiyməti 530 manat təşkil edir. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün 30 manat dövlət rüsumu və 0,40 xidmət haqqı ödənilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh taxta parçası ilə qəsdən iddiaçıya məxsus Mercedes Benz markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol işığı zədələnmişdir. Qeyd olunan hallar işin tərəflərcə mübahisələndirilməyən hallarıdır. İddia tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsidir. Həmin normanın tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mercedes Benz markalı ** DM *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş zərərin məbləği işin mübahisəli halıdır, belə ki, iddiaçı hadisə nəticəsində 530 manat maddi ziyanın və 450 manat mənəvi ziyanın dəydiyini bildirmiş, cavabdeh isə dəymiş maddi ziyanın 530 manat deyil, daha az olduğunu qeyd etmişdir. Qeyd olunan mübahisə ilə əlaqədar məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Mərkəz tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7676 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mercedes Benz” markalı, ** DM *** dölət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 150.0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə iddianın «mənəvi zərərin ödənilməsi» hissəsinə qiymət verərək, hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hərəkətləri nəticəsində mənəvi zərər çəkməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmçinin Ali Məhkəmə Plenumu göstərilən Qərarın 2-ci bəndində göstərmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərərlə bağlı iddia tələbinin təmin olunması üçün zərərçəkən şəxsə qarşı hüquq pozuntusu törədildikdən sonra o, mənəvi sarsıntı və (və ya) iztirab keçirməlidir. Hazırki mülki işdə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyanın yaranması və ya onun fiziki əzab çəkməsi halı vaxtında budanmamış ağacın hərəkətdə olan avtomobilin üzərinə anidən düşməsi, avtomobilin damını parçalayıb dələrək arxa oturacaqda yerləşən iddiaçının övladlarının üzərini örtməsi, valideynlərdə 2-3 dəqiqə ərzində övladlarını itirdiklərini zənn etmə effekti yaratması formasında özünü göstərir. İddiaçının mənəvi zərərlə bağlı iddianın təmin edilməsi üçün həyat yoldaşının vəfatı ilə əlaqədar şüurunda mənfi psixi reaksiyanın yaranmasını və ya fiziki əzab çəkməsi, keçirdiyi iztirabları istisna deyil. Lakin məhkəmə hesab edir ki, iddiaçı bununla əlaqədar hər hansı mötərəb sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi hissəsində iddia qismən təmin edilməli, Cavabdeh 150 manat məbləğində maddi ziyan tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30,40 manat Cavabdeh tutularaq İddiaçı, ekspertiza tədqiqatının dəyəri 100 manat isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 150 manat, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat və xidmət haqqı üçün ödənilmiş 0,40 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar