Məhkəmə qərarları › İş №2(049)-1643/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1643/2023

06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1643/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi, X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tam dəyəri 2277 manat olan Attenti markalı elektron nəzarət vasitəsinin pulunun tutularaq Aəzərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 1(003)-114/2022 saylı, 04 may 2022-ci il tarixli hökmünə əsasən Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla orada yaşayan, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinmiş və 02 (iki) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə yaşadığı Lənkəran rayonu, Şağlaküçə kəndindəki evini axşam saat 24:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş, məhkum xx.xx.2022-ci il tarixində qeydiyyata götürülmüşdür. Məhkuma xx.xx.2022-ci il tarixində 35655858 nömrəli, “Attenti” markalı elektron nəzarət vasitəsi (ENV) tətbiq edilmiş, ENV-nin mobil qurğusu, elektron qolbağı, adapteri məhkuma xx.xx.2022-ci il tarixli protokol ilə təhvil verilmiş və ENV-nin gəzdirmə və istifadə qaydaları məhkuma izah edilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixində təxminən saat 11:00-da ayaqyolunda olan zaman 35655858 nömrəli, “Attenti” markalı ENV-nin mobil qurğusunun və öz şəxsi telefonunun cibindən sürüşüb ayaqyoluna düşməsi ilə bağlı İddiaçınə məlumat vermiş və mobil qurğunu tapa bilmədiyini bildirmişdir. Bu barədə məhkumdan izahat alınmışdır. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 nömrəli Qərarının 7.5- ci maddəsinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə VƏ ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən verilmiş arayışa əsasən Attenti markalı elektron nəzarət vasitəsinin tam dəyəri 2277 ( iki min iki yüz yetmiş yeddi )manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etdi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını etirazının olmadığını bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin qeyd olunan halları iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-114/2022 saylı, 26 iyul 2022-ci il tarixli protokol, xx.xx.2023-cü il tarixli izahat, məhkum Cavabdeh tərəfindən imzalanmış iltizam, texniki rəy və elektron nəzarət vasitəsinin dəyəri barədə Arayışla tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş üzrə iddiaçının təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, vurulmuş zərərə görə 2277 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin həmin Qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilən subyektlər dairəsinə aid olduğundan iddia ərizəsinin verilməsinə görə iddianın qiymətinə (2277 manat) uyğun olaraq hesablanmış 42,77 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tam dəyəri 2277 manat olan “Attenti” markalı elektron nəzarət vasitəsinin pulu tutularaq Aəzərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilsin. Cavabdeh iddia ərizəsinin verilməsinə görə ödənilməli 42,77 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar