Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1644/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(049)-1262/2019 saylı qətnaməsinə əsasən Cavabdeh, xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay sabit pul məbləğində müəyyən edilmiş 120 manat alimentin miqdarının artırılaraq hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi və mediasiya xərci olaraq ödənilmiş 51 (əlli bir) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qarşı, birgə nikahdan 30 may 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşma çatanadək saxlanması üçün, Lənkəran Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(049)-1262/2019 saylı qətnaməsinə əsasən 120 manat sabit pul məbləğində təmin olunmuş aliment miqdarının artırılaraq 200 mant sabit pul məbləğində alimentin təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, onunla Cavabdeh arasında Lənkəran rayon Məhkəməsinin 2(049)-113/2014 saylı qətnaməsi əsasında nikah pozulmuşdur. Birgə nikahdan 30 may 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya verilməsini məhkəmə qət etmişdir. Heç bir iş yeri olmadığına görə uşağı təkbaşına saxlamaqda çox çətinlik çəkdiyi üçün, aliment miqdarının artırılması iddia ərizəsi ilə 2015- ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsi 01 oktyabr 2015-ci il tarixli, 2(049)-4287/2015 saylı qətnaməsi ilə, məhkəmənin 2(049)- 113/2014 saylı qətnaməsində müəyyən edilmiş alimentin miqdarını artıraraq hər ay sabit pul məbləğində 90 (doxsan) manat müəyyən etməklə həmin məbləğdə alimentin uşaq yetkinlik yaşma çatanadək Cavabdeh alınıb ona ödənilməsini qət etmişdir. Lənkəran rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunan 90 manat aliment uşağın heç bir təlabatmı ödəmirdi. Uşaq məktəbdə təhsil alır, odur ki, onun xərcləri yetərincə artmış idi. Eyni zamanda 2019-cu ildə uşaq üçün yaşayış minimumu 160 manat müəyyən edilmişdir. Bu səbəblərdən 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Lənkəran rayon Məhkəməsi 07 may 2019-cu il tarixli, 2(049)-1262/2019 saylı qətnaməsi ilə, məhkəmənin 2(049)-4287/2015 saylı qətnaməsində müəyyən edilmiş alimentin miqdarını artıraraq hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat müəyyən etməklə həmin məbləğdə alimentin uşaq yetkinlik yaşma çatanadək Cavabdeh alınıb ona ödənilməsini qət etmişdir. Lənkəran rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(049)-1262/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimentin məbləği hal-hazırki yaşayış xərclərini nəzərə alsaq 13 yaşlı məktəbli uşağı saxlamaq olduqca çətindir. Çünki, 2019-cu ildən ölkədə yaşayış şəraiti dəyişmiş kommunal xidmətlərə dair ödənişlər dəfələrlə artırılmış və zəruri qida və digər ehtiyacların qiymətlərində kəskin artım olmuşdur. Bu səbəbdən də 120 mant alimentlə 7-ci sinif şagirdi olan məktəbli oğlunun tələbatını ödəmək qeyri mümkündür. Ayrıldıqları vaxtdan bəri cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamış və ona heç bir maddi köməklik göstərməmişdir. İş axtaran kimi qeydiyyatdadır. Odurki, oğlunu təkbaşına saxlamaq, onun üçün maddi cəhətdən çox çətindir. Uşağının maddi ehtiyaclarının cavabdeh tərəfindən ödənilməsinin əsası kimi; Onun tikinti inşaat işlərində tanınmış seçilən usta olması faktıdır. Bu reallıq cavabdehin maddi imkanlı və gəlirlərinin kifayət qədər olmasını sübut edir. Bütün bunlara əsasən hesab edir ki, uşağının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. Odur ki, yenidən sabit pul məbləğində bir ayda 200 (İki yüz) manat məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, ikinci nikahından iki uşağının doğulduğunu, heç yerdə işləmədiyini əsas gətirərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30 may 2010-cu il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə 53 sayla ləğv edilmişdir. Qadına Quliyeva soyadı verilmişdir. 14 mart 2023-cü il tarixli, MŞL-00474 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(049)-1262/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü sabit pul məbləğində hər ay 120 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X7 nikahlarını Lənkəran ŞİHB-nin Aşağı Nüvədi qəsəbə İƏD nümayəndəliyində xx.xx.2015-ci il tarixdə 05 sayla rəsmişləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Feyzullayev, arvada Feyzullayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X10 adlı bir uşağı vardır. Lənkəran Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(049)-1262/2019 saylı qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh isə yenidən nikaha daxil olduğunu və himayəsində iki uşağının olmasını, işləməməsini əsas gətirərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. İddia tələbindən göründüyü kimi iddiaçı uşağın saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(049)-1262/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 200 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan artıq 4 il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşağının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.7-ci bəndində qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Yuxarıda göstərilən qərarda ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq məhkəmə həmçinin bu qənaətə gəlir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması aliment miqdarının artırılması ilə bağlı iddia tələbinin rədd edilməsi üçün də mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X5 böyüdükcə artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-1262/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün təyin edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq tərəflərin birgə nikahından doğulmuş Elmir adlı uşağın yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 60 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 720 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mediasiya prosesinə görə ödənilmiş 55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)- 1262/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 30 may 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 55 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1644/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1644/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver