Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1656/2023 13.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(049)-1513/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırmaqla Cavabdeh xx.xx.2019-cu il doğumlu X4 və xx.xx.2021-ci il doğumlu X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 250 manat olmaqla sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 mart 2018-ci il tarixində el adəti ilə ailə qurub evlənmiş, nikahları 01 mart 2018-ci il tarixində Bakı şəhərində qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə X4 və xx.xx.2021-ci il tarixində X3 uşağları doğulmuşdur. O cavabdehdən ayrı, yəni hazırda Lənkəran şəhərində valideynləriylə birgə yaşayır. Cavabdeh uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşaqları saxlamaqda çətinlik çəkdiyinə görə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(049)-1513/2022 saylı qətnaməsi ilə cavabdehdən hər ay sabit pul məbləğində hər bir uşağa görə ayda cəmi 150 manat olmaqla, ikinci uşağı Dilək Süleyman üçün süd pulu olan 50 manat olmaqla cəmi 350 manat miqdarında alimentin tutularaq Süleyman İnci və X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01 aprel 2022-ci il tarixdən başlayaraq ona verilməsi qət edilmişdir. Hazırda həmin aliment məbləği iki uşağın saxlanması üçün heç cür çatmır. Belə ki, 2022-ci il tarixindən başlayaraq bu günə kimi Azərbaycan Respublikasının yaşayış minimumu 1 dəfə artmışdır və o bu barədə məhkəməyə müraciət etmişdir. Hazırki dövrə münasibətdə həmin məbləği uşağların saxlanması üçün real hesab etmək olmaz. Artıq qiymətlər həmin dövrə nisbətdə 2 dəfədən də çox artmışdır. Ərzağın qiyməti və geyimlərin qiyməti artmışdır. X7 Əliyevin 30 dekabr 2022-ci il tarixində təsdiq etmiş qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu artırılmış və hər bir uşağın saxlanması üçün minimum məbləğin 220 manat müəyyən etmişdir. Beləliklə uşağın saxlanılması üçün hər ayda 300-350 manat həddində olur. O tək həmin xərcləri ödəyə bilmir. Cavabdeh isə bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edir. Ona görə də hazırki iddia ərizəsi il məhkəyə müraciət etmişdir. Eyni zamanda cavabdehin gəlirləri də artmış lakin onun uşaqlarına mənəvi və maddi artırmır. Belə ki, Azərbaycan Respublikasının konstitusiyasına görə uşaqların gəzmək, səyahət və istirahət hüquqları vardır. Onun maddi durumu həddindən artıq pis olduğundan və heç yerdə işləmədiyindən o uşaqlarına həmin hüquqlarını təmin etmək iqtidarında deyil. O cavabdehə aralarında razılıq gəlinməsindən ötrü ilkin mediasiya şöbəsinə müraciət etmiş, Lənkəran 1 saylı mediasiya təşkilatından xx.xx.2023-cü il tarixində MŞL/MT014/2023-00581 saylı arayış alaraq məhkəməyə təqdim etmişdir. Cavabdeh ilkin mediasiya sesiyasında da iştirak etməməklə uşaqlarına laqeyd yanaşması anlamına gəlir. Cavabdeh 2022-ci ildə məhkəmə prosesləri zamanı heç bir yerdə işləmirdi. Hazırda Cavabdeh «İrşad Elektroniks» Lənkəran filialında satış meneceri işləyir və aylıq əmək haqqısı 1000 manat məbləğində əmək haqqı alır. Hazırda cavabdeh valideynləri ilə birgə yaşayır və maddi durumu yaxşıdır. O isə heç bir yerdə işləmir və onun maddi durumu çox da yaxşı deyil. Onun uşaqlarını normal böyütmək və tərbiyyə etməkdən ötrü maddi köməkliyə ehtiyacı vardır. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etirazında və məhkəmə iclasında verdiyi izahatında Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, bir uşağın saxlanma xərcinin Lənkəranda 300-350 manat olması iddiaçı tərəfindən uydurulmuş bir rəqəmdir. Bu məntiqlə iddiaçı uşaqları 500 manatlıq bağçaya qoyacaq, hər gün onlara qara kürü yedirdəcək deyərək hər uşağa görə 1000 manat da tələb edə bilərdi. Reallıq isə belədir ki, ölkənin əhalisinin əhəmiyyətli bir qismi minimum əmək haqqı alaraq işləyir və yaşayır. Məhz buna görədir ki, yaşayış minimumu həmişə minimun əmək haqqından aşağı olur. Buna görə də minimum əmək haqqı alan şəxlərdən aliment tutulduğu zaman onun miqdarının minimum əmək haqqından və aliment ödəyicisinin real gəlirlərindən çox olması heç bir məntiqə sığmır, absurddur və qanuna ziddir. Yaşayış minimumunun miqdarı təyin olunan alimentin miqdarı üçün məcburi göstərici deyil, heç bir qanunda bu barədə bağlayıcı maddə yoxdur, bu rəqəm çox da olabilər, az da. Hər şey aliment ödəyicisinin gəlirlərindən və ödəmə qabiliyyətindən asılıdır və bu gəlirlərin və ödəmə qabiliyyətinin mövcudluğunu sübut etmək vəzifəsi isə iddiaçıya aiddir. İddiaçı məhkəməyə vəzifəsi və maaşı haqqında yalan məlumat verir. Təqdim etdiyi arayışdan görünür ki, satış meneceri deyil, vəzifəcə İcraçılarla iş bölməsinin mütəxəssisidir, maaşım da 1000 deyil, cəmi 500 manatdır. İddiaçının onun maaşı və gəlirləri barəsində fərqli sübutları varsa məhkəməyə təqdim etsin. İddiaçının maddı durumu həddindən artıq pis imiş, heç yerdə işləmədiyindən uşaqların istirahət hüququnu təmin edə bilmirmiş, tək başına həmin xərcləri ödəyə bilmirmiş, o bir valideyn kimi tələb olunan xərcləri ödəməkdən imtina edirmiş” arqumentləri də yalandır. Belə ki, sübut kimi məhkəməyə təqdim etdiyi Lənkəran İH-dən verilmiş aktdan görünür ki, iddiaçı Gülnar Tofiq qızının maddi durumu qənaətbəxşdir. X6 həqiqətən də aztəminatlıdırsa müavinət üçün dövlətin müvafiq qurumlarına müraciət edib yardım almalıdır; müraciət edibmi, müavinət təyin olunubmu? Təqdim etdiyi whatsap yazışmasında iddiaçı etiraf edir ki, iki yerdə işləyir, səhər 7:00 ilə 9:00 arasında bir yerdə, 9:00-dan axşam 18:00-a kimi isə başqa yerdə işləyir, beləliklə, iddiaçı işləmir deməklə də məhkəməni aldadır. İddiaçı azyaşlı uşaqları isə etiar etdiyi bir şəxsin ümidinə buraxır, buna görə də uşaqlar tez-tez xəstələnir. İddiaçı əgər işləmirsə, o halda həftənin iş günləri iki azyaşlı uşağı yad adamın ümidinə buraxıb hara gedir və getdiyi yerdə səhər 7:00-dan axşam 18:00-a kimi nə işlə məşğul olur? İddiaçı onu haqsız olaraq övladlarına laqeyd olmağunu bildirir, özü isə uşaqla analığa və insaniyyətə sığmayan şəkildə hərəkət edir, xəstələndiyini vaxtında bildirmək və uşağı həkimə göstərmək, ona dərman almaq yerinə gecə saat 20:48-də ona whatsapla səsli mesaj göndərərək «uşaq xəstədir, boğulur, dərmanın al gətir, mən heç nə alan deyiləm» deyir. Həmin vaxt o işiylə əlaqədar Lənkəranda olmasaydı uşağın vəziyyəti necə olacaqdı? İddiaçı necə anadır ki, uşağın öskürməsini böyürmə kimi təqdim edir. İddiaçı ödədiyi 350 manatı hara və necə xərcləyir ki, uşağa 4-5 manatlıq öskürək dərmanı almır? Ümumiyyətlə iddiaçının alimenti hara xərclədiyi haqqında ciddi şübhələri var. Bunu bilmək onun haqqıdır, iddiaçı məhkəməyə bu barədə izahat verə bilərmi? İddiaçı bu günlərdə təxminən 3000 manatlıq telefonu (iphone 13) necə almış, Bakıda Biləcəri qəsəbəsindəki yeni binadakı yeni mənzilin ödənişini hansı pul ilə həyata keçirir. Məhkəməyə tam məsuliyyətlə bildirir ki, bir ata kimi, uşaqlarının daha tutumlu xərc tələb edən geyimlərini və əşyalarını ailəsinin köməyi ilə o alıb və almaqda da davam edir. Bir sözlə o, iddiaçıdan fərqli olaraq, uşaqlarını sevir və sevməkdə də davam edəcək. Əgər iddiaçı uşaqları saxlaya bilmirsə versin onlara, o və ailəsi onları sevə-sevə böyüdərlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1513/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh övladları-xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, iki uşaq üçün, hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, həmin uşaqların 3 yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 50 manat olmaqla iki uşaq üçün100 (yüz) manat məbləğində aliment tutulması qət edilmişdir. Elektron məhkəmə sistemindən Çıxarışdan görünür ki, Cavabdeh İrşad Electronics MMC-də icraçılarla iş bölməsinin mütəxəssisi vəzifəsində işləyir və 500 manat əmək haqqı alır. Elektron məhkəmə sistemindən Çıxarışdan görünür ki, İddiaçı oğlu AGbank ASC-də işləyir işləyir və 800 manat əmək haqqı alır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından İnci və Dilək adlı iki uşaqları doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1513/2022 saylı qətnaməsi ilə, adıçəkilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə 300 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh isə iddianın rədd edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 220 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin tələb edildiyi vaxtdan, yəni 23 may 2022-ci il tarixdən artıq 1 ildən artıq müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Bundan başqa aliment təyin edilən vaxta uşaqlar üçün minimum dolanışıq xərcləri 193 olmasına baxmayaraq, hazırki vaxtda isə uşaqlar üçün minimum dolanışıq xərcləri 220 manat təşkil edir. Adi hesablama qaydasında müəyən olunur ki, aliment təyin edilən vaxtdan hazırki vaxtadək minimum dolanışıq xərci 13% (193/220x100=13) artmışdır. Belə olan halda məhkəmə də hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1513/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün təyin edilmiş alimentin miqdarı da həmin həddə (150x13%=169,50) artırılmalıdır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda X2 və X1 böyüdükcə hər il artan xərclərini, habelə qanunla uşaqların yaşayışı üçün müəyyən edilmiş minimum dolanışıq xərclərinin artmasını, hər iki valideynin işləməsini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay hər uşağa görə 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş İnci və Dilək adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddiaya qarşı etirazının dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər cavabdehin iddiaçı ilə birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanmasından, onların maddi ehtiyaclarını ödəməkdən azad etmir, buna görə də həmin dəlillər əsassızdır və iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 60,80 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 60,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1513/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2019-cu il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə müracət edilməsi üçün dövlət rüsumu kimi ödənilməli olan 60,80 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-1656/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1656/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver