Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-1673/2024 18.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Lənkəran Probasiya şöbəsinə qarşı İcra və Probasiya şöbəsi icraçısının hərəkətinin qanunsuz hesab edilməsi və ona məxsus avtomobilin geri qaytarılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Lənkəran Probasiya şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran İcra və Probasiya şöbəsinin borclunun əmlakının axtarılması haqqında xx.xx.2024-cü il tarixli və eyni tarixli əmlak üzərinə həbs qoyulması barədə qərarlarının qanunsuz hesab edilməsi, ona məxsus **-SR-*** nömrəli Ford Tranzit avtomobilinin həbsdən azad olunub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı hazırki iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, İddiaçı özünü iddiaçı kimi, Probasiya şöbəsini isə cavabdeh kimi qeyd etməklə Lənkəran İcra və Probasiya şöbəsinin müvafiq qərarlarının qanunsuz hesab edilməsi ilə yanaşı, ona məxsus **-SR-*** nömrəli Ford Tranzit avtomobilinin həbsdən azad olunub ona verilməsini də məhkəmədən xahiş etmiş, bununla da bir-biri ilə əlaqədar olmayan qeyri-müəyyən məzmunlu tələblərlə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, icra məmurunun qərarlarından, hərəkət və ya hərəkətsizliyindən şikayət qətnamənin icrası qaydasında icraat üzrə həyata keçirildiyi və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları ilə tənzimləndiyi halda, əmlakın (o cümlədən, avtomobilin) qaytarılması mülki icraat qaydasında baxılan işlər sırasına aiddir. Bu da onu deməyə əsas verir ki, iddiaçı müxtəlif növlü (8 indeksi və 2 indeksi ilə baxılmalı olan) işlər üzrə eyni ərizə ilə məhkəməyə müraciət etmidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qanunvericiliyin tələbinə görə icra sənədi üzrə tərəflərin, o cümlədən, borclunun icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət vermək, habelə, əmlak üzrərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Lakin bu hüquq tərəfin qeyd edilən hər iki məsələ ilə bağlı eyni vaxtda və birlikdə məhkəməyə müraciət etməsinə əsas vermir. Həmçinin, qanunvericiliyə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət mülki iddia icraatı qaydasında deyil, qətnamənin icrası qaydasında icraat üzrə verilməlidir. Bundan əlavə, İddiaçı hazırki iddia ərizəsi mülki icraat qaydasında baxılmalı olan ərizə hesab ediləcəyi təqdirdə, həmin ərizə mülki prosessual qanunvericiliyin tələblərinə də cavab vermir. Belə ki, iddiaçı iddia ərizəsində sübutların siyahısını göstərməmişdir. İddiaçı iddia ərizəsinin təsviri hissəsində ona məxsus avtomobildə 5000 manat miqdarında tez xarab olan yeyinti məhsullarının olduğunu qeyd etsə də, hazırki tələbini əsaslandırığı hallara dair sübutların siyahısını, yəni həmin tələbin məhz hansı konkret faktlarla sübuta yetiriləcəyini, bu tələblə bağlı cavabdehə qarşı olan dəlillərini qeyd etməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün müvafiq miqdarda dövlət rüsumu da ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə “... iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ... ərizəyə əlavə edilən sənədlərin siyahısı... ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrılıqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruri şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi Nümayəndə adlı şəxs tərəfindən imzalanmış, lakin ona İddiaçı tərəfindən verilən etibarnamədə məhkəməyə verilən iddia ərizəni imzalamaq səlahiyyəti bilavasitə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı hazırki ərizəsi forma və məzmun baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən həmin ərizənin qanunvericilikdə nəzərdə tutulan hər hansı növə uyğun iş kimi icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin əsaslarla İddiaçı və onun nümayəndəsinə izah edilir ki, hazırki qərardadın təsviri hissəsində qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada qətnamənin icrası qaydasında icraat üzrə ərizə ilə və ya müstəqil iddia tələbi ilə yenidən aidiyyəti məhkəməyə müraciət edilə bilər. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Lənkəran Probasiya şöbəsinə qarşı İcra və Probasiya şöbəsi icraçısının hərəkətinin qanunsuz hesab edilməsi və ona məxsus avtomobilin geri qaytarılması tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Eyni zamanda, İddiaçı və onun nümayəndəsinə hazırki qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada qətnamənin icrası qaydasında icraat üzrə ərizə ilə və ya müstəqil iddia tələbi ilə yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-1673/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-1673/2024
18.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver