Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1683/2023 16.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsi baradə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə əmri ilə tələb təmin edilmiş, cavabdehdən 3000 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçıya verilməsi qərara alınmışdır. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz verərək qeyd olunan məhkəmə əmrinin ləğv edilməsini və işə onun iştirakı ilə iddia icraatı qaydasında yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli məhkəmə əmri ləğv edilərək mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. İşə iddia icraatı qaydasında baxılarkən İddiaçı məhkəməyə vəsatət verərək mülki işin cavabdehin yaşayış yerinə görə aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin vəsatət Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə öz iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə tanışlığı və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə ona müraciət edərək 3000 manat borc pul lazım olduğunu demişdir. O, cavabdehə həmin miqdarda borc pul vermiş və cavabdeh ondan 3000 manat borc pul alması barədə öz xətti ilə qəbz yazaraq aldığı pulu dörd ay müddətinə qaytaracağını vəd etmişdir. Xeyli müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmaqla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh hər dəfə yaxın vaxtlarda pulu qaytaracağını bildirsə də, sonradan müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Cavabdeh hərbçi olmaqla hər ay 1200 manat əmək haqqı alır və onun borc aldığı 3000 manat pulu qaytarmağa maddi imkanı vardır. Cavabdeh borc aldığı məbləği qaytarmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən 3000 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınıb ona verilməsini xahiş edir. İddiaçı işə iddia icraatı qaydasında baxılarkən məhkəmə iclaslarına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə əmrinə etiraz versə də, işə iddia icraatı qaydasında baxılarkən məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə əmrinə etiraz ərizəsində iddiaçıya pul borcu olsa da, borcunun həmin məbləğdə olmadığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri, həmçinin, iş materiallarına əlavə edilmiş, Beyləqan rayon İHB-nin Təzəkənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 526 nömrəli arayışı, cavabdehə aid xx.xx.2020-ci il tarixli MN ******* nömrəli şəxsi vəsiqənin surəti, cavabdehin adından imzalanmış, tərəflərin qəbz adlandırdıqları xx.xx.2021-ci il tarixli vərəqə, dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, iddiaçı Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuşdur və hazırda da həmin ünvanda yaşayır. Cavabdeh 2021-ci ildə Xocavənd rayonu ərazisində yerləşən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edərkən tərəflər arasında yaranmış tanışlıq münasibətləri zəminində cavabdeh iddiaçıdan borc pul almışdır. İddiaçı həmin vaxtlarda cavabdehə 3000 manat borc pul verdiyini iddia edir və onun tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdə cavabdehin xx.xx.2021-ci il tarixdə iddiaçıdan 4 ay müddətində qaytarmaq şərti ilə 3000 manat borc aldığı qeyd edilmişdir. İddiaçı borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehin ondan aldığı 3000 manat borc məbləğini qaytarmadığını bildirərək 3000 manat borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmaya, cavabdehin ondan borc almasına dair imzalanmış qəbzə, dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzinə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız məhkəmə əmrinə etiraz ərizəsində iddiaçıya pul borcu olsa da, borcunun həmin məbləğdə olmadığını qeyd etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin məhkəmə əmrinə etiraz ərizəsində borcun iddiaçının tələb etdiyi miqdarda olmaması barədə göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh həmin ərizədə borcun miqdarını mübahisələndirərək işə onun iştirakı ilə iddia icraatı qaydasında baxılmasını məhkəmədən xahiş etmiş olsa da, işə iddia icraatı qaydasında baxılarkən məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Eyni zamanda, cavabdeh həmin ərizədə iddiaçının ona faiz ödəmək şərti ilə borc verdiyini iddia etsə də, bunu sübut edə bilməmiş, məhkəməyə təqdim edilən, cavabdehin adından imzalanmış və imzanın mənsubiyyəti cavabdeh tərəfindən də inkar edilməyən qəbzdə isə bunun əksi qeyd edilmişdir. Eyni zamanda, cavabdeh özü də həmin ərizədə iddiaçıya, ümumiyyətlə, borcu olmadığını deyil, borcun daha az miqdarda olmasını qeyd etməklə iddia tələbinin əsaslılığını qismən qəbul etmiş sayılır. Ona görə də məhkəmə cavabdehin borcun miqdarı ilə bağlı ərizəsində göstərdiyi xüsusatları iddiaçının dəlilləri ilə təkzib edilmiş hesab edir. Məhkəmə tərəflərin dəlillərinə məcmu halında qiymət verərək qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı əldə etdiyi bütün mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdeh isə iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən və onun dəlilləri işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə cavabdehin iddiaçıdan 3000 manat borc alması və həmin borcun indiyədək qaytarılmaması faktını sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 3000 manat borc məbləğinin tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 manat borc və iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği - cəmi 3100 manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-1683/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1683/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver