Məhkəmə qərarları › İş №2(049)-1691/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1691/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1691/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə 12 iyun 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü ildə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan 18 dekabr 2015-ci il tarixdə X11 adlı bir övladları dünyaya gəlmişdir. Münasibətləri pisləşdiyindən onlar boşanaraq ayrı yaşayırlar. X10 himayəsində yaşayır. Lənkəran Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(049)-1871/2019 saylı qətnaməsinə əsasən 18 dekabr 2015-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat müəyyən edilmişdir. Lakin məlum olduğu kimi hazırda istehlak səbətinin doldurulmasından ötrü çətinliklər yaranır ki, bu da bazarda olan artımlarla bağlıdır. 2019-cu ildən sonrakı müddət ərzində uşağın tələbatları və ehtiyyacları artmış, uşaqlar üçün yaşayış minimumu artmışdır. Hazırki 160 manat uşağın ehtiyaclarını ödəmir. Çünki, uşağ artıq yeniyetmə yaşındadır, onun gündəlik qida, geyim, təhsili və s. kimi xərclərini nəzərə alınsa heç olmazsa onun üçün minimum 300 manat xərci çıxır. Cavabdeh hazırda xırda ticarətlə məşğuldur. Rəsmi olaraq heç bir yerdə işləməsə də, əlavə qazanca malikdir. Bu baxımdan hesab edirə ki, iddia tələbində haqlıdır. Çünki uşağın bütün məsuliyyəti onun üzərindədir. Bir ana kimi bütün çətinlikləri özü daşıyır, tərbiyə və təhsili ilə də özü məşğul olur. Bütün məsuliyyətdən qırağda qalan cavabdehdən uşağın saxlanılması üçün alınan alimentin miqdarının qaldırılması məsələsini məhkəmə yolu ilə həll edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, məhkəməyədək hazırkı mübahisənin həllinə- mediasiya vasitəsilə nail olmağa çalışsa da müsbət nəticə əldə edə bilməmişdir. Sadalanları nəzərə alaraq alimenti artırılaraq, Cavabdeh 18 dekabr 2015-ci il tarixdə anadan olmuş X4 görə hər ay 260 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək məhkəmədən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 260 manat sabit pul miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını, cavabdehin həmin alimenti ödəmək iqdidarında olmasını, lakin bu barədə sübutunu məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X6 iddianı qismən qəbul edib cavabdehin alimentin miqdarının 180 manatadək qaldırılmasına razı olduğunu bildirmişdir. Məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin 260 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilərdi. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Məhkəmə məhz bu halları nəzərə alaraq hesab edir ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X8» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşağın saxlanması üçün ayda 220 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 2640 manat təşkil eləyir (220 manat x 12 aya = 2640). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (2640- 1000=1640) 1640 manat məbləğin 1%-i olan 16.40 manat, cəmi (30+16.40=46.40) 46.40 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 220 manat sabit pul miqdarında alimentin alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. X2 üçün cavabdehdən hər ay uşaq üçün 220 manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 46.40 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar