Məhkəmə qərarları › İş №2(049)-1692/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1692/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1692/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «4500 manat məbləğində pul, 65,4 manat dövlət rüsumu və bank uçot dərəcəsi üzrə dəymiş ziyan» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 4500 (dörd min beş yüz) manat pulun, 65,4 (altmış beş manat qırx qəpik) manat dövlət rüsumunun və bank uçot dərəcəsi nəzərə alınmaqla müəyyən ediləcək zərərin alınıb xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Cavabdeh Lənkəran rayonunun Sütəmurdov kənd sakini kimi uzun müddətdir ki, tanıyır. 2022-ci ilin iyul ayında Cavabdeh problemlərinin olduğunu bildirdi və onların həlli ilə bağlı ondan 5200 (beş min iki yüz) manat borc istəmiş, həmin borcunu təxminən 2 ay ərzində ona qaytaracağını bildirmişdir. Təxminən iki həftə sonra Cavabdeh həmin pulun 700 (yeddi yüz) manatını ona qaytarmışdır. Lakin onun əvvəlcədən vəd etdiyi müddət başa çatdıqdan sonra Cavabdeh borclu olduğu məbləği geri qaytarmamışdır. Onunla bu barədə söhbət edəndə hiss etmişdir ki, Cavabdeh imkanı olmadığından və ya başqa səbəbdən ona olan borcunu qaytarmaq fikrində deyil. Ona görə də onun borclu qaldığı 4500 (dörd min beş yüz) manatın rəsmiləşdirilməsi ilə əlaqədar notariat qaydasında təsdiq edilmiş sənədin verilməsini tələb etmişidr. Cavabdeh onunla razılaşmış və 20 sentyabr 2022-ci ildə Lənkəran rayon 1 saylı Notariat Kontorunda olmaqla həmin xüsusatla bağlı yazılı ərizə yazmaqla təsdiq etdirmişdir. Sonrakı dövrdə Cavabdehla telefonla və ya bilavasitə əlaqə saxlamaqla borcunu heç olmasa hissə-hissə qaytarmasını, inzibati orqanlara müraciət etmək istəmədiyini bildirmişidr. Hər dəfə onunla görüşəndə və ya telefonla əlaqə saxlayanda Cavabdeh ona vədlər versə də, faktiki olaraq borcunu qaytarmaqdan yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ona borclu olduğu 4500 (dörd min beş yüz) manat pulun, 65,4 (altmış beş manat qırx qəpik) manat dövlət rüsumunun alınıb onaverilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini tam şəkildə qəbul edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib iddia tələbinin dəlillərinə qiymət verərək, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Cavabdeh 20 sentyabr 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, İddiaçı 4500 manat borcu olduğunu etiraf etməklə həmin pulu 1 ay müddətinə yəni 2022-ci ilin oktyabr ayının sonuna qədər geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünürki, iddiaçı tərəfindən 65,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia borc müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739-cu maddəsi təşkil edir. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, cavabdeh 20 sentyabr 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsində, İddiaçı 4500 manat borcu olduğunu etiraf etməklə həmin pulu 1 ay müddətinə yəni 2022-ci ilin oktyabr ayının sonuna qədər geri qaytarmağı öhdəsinə götürdüyünü bildirmiş, eyni zamanda həmin ərizədə qeyd olunanları məhkəmə iclasında təsdiq etmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4500 manat pul və ödənilmiş dövlət rüsumunun məbləği 65,40 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 manat və ödənilmiş dövlət rüsumunun məbləği 65,40 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar