Məhkəmə qərarları › İş №2(049)-1722/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1722/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1722/2025 16.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun borcu olduğu 1600 manat pul vəsaitinin alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırmışdır ki, Ağdam rayonu Qasımlı ərazi dairəsi Qurdlar kəndində qeydiyyatdadır. Ağdam rayonundan məcburi köçkün olduğuna görə Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. 1-ci Qarabağ Döyüşləri zamanı yaralanmış, əlil, veteran olmaqla, məcburi köçkün statusu vardır. Xəstəliyi imkan vermədiyinə görə axşamları qohumlarının yanında 1-2 saat Nizami rayonu ərazisində yerləşən səkkizinci km bazarında işləyir. Məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı tanışı, hazırda cavabdeh olan Cavabdeh 2024 cü il yanvar ayının 28-də yaxınlaşaraq işinin yaxşı getmədiyini və ucuz qiymətə maşın alıb satacağı adi ilə ondan 8000 pul istəmişdir. Həmin pulu xx.xx.2024-cü il tarixdə cavabdehin vatsapla göndərdiyi karta iki dəfəyə 1700 və 4910 manarı olaraq göndərmişdir. 1390 manatı isə nağd olaraq işləyərək corab satdığı polkada cavabdehə vermişdir. Ümumilikdə 29 yanvar 2024-cü il tarixdə cavabdehə 8000 min manat vermişdir. Cavabdeh isə hər ay 1100 manat olmaqla ona olan borcunu geri qaytarmağı şifahi öhdəliyə götürmüşdür. Cavabdeh 6 ay pul ödədikdən sonra 2024-cü ilin iyul ayında maşınının xarab olduğunu bildirərək əlavə 1000 manat pul götürmüşdür. 2024-cü ilin avqust ayında isə maşının sığortası üçün 600 manat pul götürmüşdür. Cavabdehlə münasibəti daima yaxşı olub heç bir hörmətsizlik olmamışdır. 2024-cü ilin oktyabr ayında kop 29 ilə əlaqədar 8-ci km bazarının orta yol cərgələri bu günədək bağlanaraq açılmadığına görə cavabdeh birdaha bazara qayıtmamışdır. Cavabdeh götürdüyü 9600 manat puldan 7950 manat qaytarmışdır. cavabdehin qaytarmadığı borcu 1650 manat təşkil edir. Hazırda cavabdehdən həmin pulu tələb edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərdiklərinə və ona verilmiş suallara əsasən bildirmişdir ki, 2022-ci ildə bacısı oğlunun adına kredit götümüş, 8-ci mikrorayon bazarında iş görmək üçün orada işləyənlərə pul vermiş, həmin vaxt cavabdeh ona bankların pul vermədiyini bildirmiş, bundan sonra, o, nə qədər lazım olduğunu soruşmuşdur. 2023-cü ilin axrında – noyabr, dekabr aylarında 7000 manata yaxın pulu cavabdehə sonuncunun maşın almasına görə vermişdir. İlk dəfə pul götürəndən sonran cavabdehin yoldaşı borcu qaytarmış, sonradan cavabdeh yenidən pul istəmiş, 1600 manat 8 aya verəcəkli olmuşdur. İlk dəfə cavabdehə 2024-cü ilin yanvar ayının 31-i 7200 vermiş, bank faizlərilə 8800 manat pulu qaytarmalı olmuş, bu borc olarkən cavabdeh 1100 manat və 600 manat borc ondan götürmüşdür. 7200 manat verilməsilə bağlı faktı işə əlavə olunmuş çeklərlə sübut edir, 7200 manat olan borcu icra olunmuşdur. 26 oktyabr 2024-cü il tarixdə 8800 manatı cavabdeh icra etmişdir. O, cavabdehə xəstəxanadan zəng edərək pulun qaytarılmalı olduğunu və bacısı oğlunun məhkəməyə veriləcəyini bildirmişdir. Cavabdehin borcunu etiraf etməsilə bağlı whatsapp yazışması mövcud olmaqla, bunu sübut qismində məhkəməyə təqdim etmişdir. Pulları əlbəəl və kart vasitəsilə vermiş, əlbəəl pulu Bakı şəhəri, Nizami rayonu, 8-ci mkr ərazisində vermişdir. Fevral ayında cavabdeh 8-ci mikrorayon bazarı adlı ərazinin bağlanmasından sonra ona işləyə bilmədiyini bildirmişdir. Cavabdeh əvvəl sadəcə bazarda işləyə bilmədiyindən ödəyə bilməmiş, imkan etməmiş, daha sonra ondan taksi fəaliyyəti ilə məşğul olub, pul qazanmaq istəsə də, taksi lisenziyası olmadığından, lisenziya əldə olunması üçün ona kömək etməsini ondan xahiş etmiş, birlikdə taksi lisenziyası üçün idarəyə getmiş, lakin kisenziya almaq mümkün olmamış və cavabdeh ona 1 ay gözləməsini xahiş etmişdir. Cavabdeh ona zəngdə 1500 manat borcu olduğunu bildirmişdir. Başqa bankdan borc götürdüyü üçün faizi tələb edir, əgər faizə pulu vermişdirsə, hansı faizlə verməsi faktı sübut olmadığından faizə vermədiyi görünür. Elektron məhkəmə informasiya sistemində çıxarışında məhkəmə sistemində 40-dan çox işdə tərəf olmasının səbəbi 8-ci mikrorayon bazarının sahibinin qohumu olması, bazarla bağlı yer pulu məsələləri üçün məhkəmələrdə qaldırdığı tələblərdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh verdiyi izahatlarında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. 2024-cü ilin yanvar ayında İddiaçı ona 7200 manat pulu faizlə pul vermiş. Həmin pul üçün hər ay 1100 manat pul Etibara ödəməsi barədə razılamışlar. Sonradan Eibardan əlavə 500 və 1000 manat olmaqla pul da almışdır. Ümumilikdə İddiaçı əsas məbləğ kimi 8700 manat pul almışdır. Bunun müqabilində ilkin olaraq Etibardan götürdüyü pula görə 8800 manat, sonradan ödədiyi vəsaitlə bərabər ümumilikdə 9900 manat pul ödəmişdir. İddiaçı olan borcunu tam şəkildə ödəmişdir. Etibar hazırda ondan faiz borclarını istəyir. Əvvəllər də Etibardan dəfələrlə faizə pul alıb qaytarmışdır. Etibar 8-ci mikrorayon bazarı ərazisində digər şəxslərə faiz verən şəxs kimi tanınmışdır. Hətta o özü dəfələrlə başqa şəxslərə zamin qalmış və Etibar həmin şəxslərə faizə pul vermişdir. Etibar qazi olmasından istifadə edərək faizə pullar verir. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh nümayəndəsi X2 bildirmişdir ki, iddia əsasız olmaqla, iddiaçı tərəfə bütün borc ödənilmiş, İddiaçı onun qardaşı ilə prinsip aparmış, buna səbəb isə qardaşıla eyni bazarda yanakı çalışan digər şəxs borc pul istəmiş, qardaşı da bundan sonra həmin şəxsi İddiaçıla tanış etmiş, daha sonra isə İddiaçı həmin şəxsə borc vermiş, lakin həmin şəxs borcu ödəməkdən yayındığından İddiaçı onun qardaşı ilə prinsip apararaq, pul tələb etmişdir. Bundan əlavə İddiaçı bir çox şəxlərə faizə borc verməklə məşğul olmaqla, həmin bazarda işləyən tanıdığı şəxslərdən birinə qarşı məhkəmədə eyni tələb üzrə iddia qaldırmışdır. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 16438 nömrəli qəbzdən görünür ki, həmin tarixdə Cavabdeh kart hesabına 1700 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 20369 nömrəli qəbzdən görünür ki, həmin tarixdə Cavabdeh kart hesabına 4910 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Whatsapp ani mesajlaşma tətbiqi üzərindən göndərilmiş yazışmalardan görünür ki, iddiaçı və cavabdeh arasında fizə pulların verilməsi və aylıq ödənişlərin aparılması haqqında yazışmalar olmuş, iddiaçı cavabdehin ona 8800 manat pul ödədiyini, qalan 1700 manat (bəzi yazılarda 1500 manat) faiz borcunu qaytarmadığını bildirmiş. Cavabdeh isə ona 9900 manatpul verdiyini bildirmişdir. İddiaçı həmin yazışmalarda cavabdehə 7200, 500 və 1000 manat olmaqla əsas məbləğ kimi pul verdiyini bildirir, cavabdeh isə həmin pulu aldığını qəbul edir. İş materiallarına əlavə edilmiş dəftərçədə olan qeydlərdən görünür ki, cavabdeh tərəfindən 01 fevral 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gündəlik olaraq verdiyi pul vəsaitinin (gündəlik olaraq 20-60 manat aralığında dəyişməklə) qeydləri aparılmışdır. Həmin qeydlərdə əl yazıları ilə müxtəlif rəqəmlərlə ifadə edilmiş əsas və faiz borclar qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MV № 01330 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində sahibkarın vəzifəsi olaraq göstərilmişdir ki, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almalıdır. Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilmişdir ki, banklar, bank olmayan kredit təşkilatları xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısındadır. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin və Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 7 və 11-ci maddəsinin bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı xüsusi lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti həyata keçirmiş, cavabdehdən tələb etdiyi 1600 manat pulu sələmçilik – qanunsuz olaraq borc üzrə faiz pulu olaraq tələb etmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, iddaçı tərəfindən 7200, 500 və 1000 manat olmaqla cavabdehə pul vəsaiti verilmiş, cavabdeh isə iddiaçıya 8800 manat pul qaytarmışdır. Bu tərəflərin izahatları, Whatsapp ani mesajlaşma tətbiqi üzərindən tərəflərin yazışması ilə təsdiq edilir. Cavabdeh iddiaçıya 9900 manat pul qaytarmasını bildirsə də bunu təsdiq edəcək əsaslı sübut təqdim etməmiş, lakin onun iddiaçıdan aldığı ümumilikdə 8700 manat pul müqabilində 8800 manat pul qaytarması faktdır və bu inkar edilmir. İddiaçı iddia ərizəsində cavabdehə verdiyi pul vəsaitini avtomobil alıb-satmaq məqsədi ilə verdiyini bildirsə də, lakin sonradan elektron kabinet vasitəsi ilə məhkəməyə göndərdiyi xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli tarixli ərizələrində cavabdehə faizlə pul verməsini etiraf etmişdir. Bu fakt cavabdehin təqdim etdiyi Whatsapp yazışmaları ilə də təsdiq olunmuşdur. Göründüyü kimi iddiaçı cavabdehə 8700 manat pul vermiş və cavabdeh isə ona 8800 manat pul qaytarmışdır. İddiaçının cavabdehə 1650 manat pul vəsaiti verməsini təsdiq edəcək hər hansı sübut da mövcud deyildir. İddiaçının təqdim etdi xx.xx.2024-cü il tarixli 16438 və 203369 nömrəli qəbzlərlə Cavabdeh müvafiq olaraq 1700 və 4910 manat pul vəsaitinin gödərildiyi təsdiq edilir. İddiaçı həmin borcun qaytarıldığını bildirir. Belə olduğu halda məhkəmə iddiaçının tələb etdiyi 1650 manat pul vəsaitinin əsas məbləğə hesablanmış faiz olması qənaətinə gəlir. Mülki Məcəllənin tələblərinə əsasən faiz və (və ya) haqların ödənilməsinə dair müddəalar qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. Lakin tərəflər arasında bununla bağlı yazılı müqavilə olmamış, ümumiyyətlə 1650 manat pulun verilməsi faktı hər hansı müqaviləyə əsaslanmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrdə göstərilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı müharibə veteranı kimi dövlət rüsumu ödəməkdən azad olması nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar