Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-173/2024 24.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən, buraxılış tarixi 2020-ci il olan iddiaçıya məxsus “X7” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərə görə 1604 (min altı yüz dörd) manat pulun, avtomobilin bazar qiymətinin aşağı düşməsinə görə 1000 (bir min) manat pulun, yəni ümumillikdə 2604 (iki min altı yüz dörd) manat məbləğində pulun və iddia ərizəsi üçün 47 (qırx yeddi) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci il tarixində buraxılış tarixi 2020-ci il olan “X7” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili 32000 (otuz iki min) manat ödəniş etməklə yeni vəziyyətdə almışdır. Həmin nəqliyyat vasitəsinin sahibi oğlu X3r və o, həmin nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixində, saat 18:50-də Lənkəran şəhəri, Füzuli küçəsində olan işıqforun qırmızı işığında duran zaman Cavabdeh idarə etdiyi VAZ-21011, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə iddiaçının “X7” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilini vurmuşdur. Göstərilən yol-nəqliyyat hadisəsi “VAZ-21011 minik” markalı **- CD-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tətbiq edilmişdir. Qəza nəticəsində avtomobiliə böyük məbləğdə ziyan dəymişdir. Belə ki, G-Energy Servıce tərəfindən tərtib edilmiş dəymiş ziyan barədə sənəddən də müəyyən olunur ki, hadisə nəticəsində avtomobilə dəymiş zərər 1604 (min altı yüz dörd) manatdır. Cavabdeh idarə etdiyi VAZ- 21011, **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün hadisə yerinə sığorta şirkəti dəvət olunmamış və bu səbəbdən sığorta şirkəti tərəfindən dəymiş zərər ilə bağlı heç bir ödəniş almamışdır. Həmçinin, Cavabdeh iddiaçıya dəymiş zərəri tələb etsə də o, dəymiş zərəri ödəməkdən imtina etmişdir. Bu səbəbdən həmin məbləğin məhkəmə qaydasında cavabdehdən tutularaq ödənilməsi üçün məhkəməyə müraciət edir. Hal-hazırda iddiaçı avtomobilini təmir elətdirmişdir. Maşınının sənədlərindən görünür ki, “X7” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı yeni vəziyyətdə, birbaşa servisdən 32000 (otuz iki min) manat ödəniş etməklə almışdır. Bu vaxta kimi heç bir qəza törətməmişdir. Lakin hal-hazırda həmin avtomobil qəzaya uğradığı, yəni qəzalı avtomobil olduğu və yenidən rəngləndiyi üçün onun indiki bazar qiyməti aşağı düşmüşdür. Belə ki, iddiaçı həmin avtomobili satmaq istədikdə 32000 (otuz iki min) manata aldığı halda, hal-hazırda həmin avtomobil qəzalı vəziyyətdə təxminən 26000 (iyirmi altı min) manata satılar. Halbuki, iddiaçı bu avtomobili qəzaya düşməmişdən qabaq işlənmiş, lakin qəzasız maşın kimi ən aşağısı 28000 (iyirmi səkkiz min) manata sata bilərdi. Bu səbəbdən cavabdehin əməli nəticəsində avtomobilinin bazar dəyəri aşağı düşdüyündən, yəni, orta hesabla maşını qəzaya düşəndən sonra bazar qiymətində təxminən 2000 (iki min) manat fərq yaranmışdır. Həmin 2000 (iki min) manat məbləğində pulun heç olmasa 1000 (bir min) manatı Cavabdeh alınaraq ona ödənilməlidir. Bundan başqa maşınının təmiri gedən müddətdə əlavə yol xərcləri də yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, “Vaz 21011 minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. xx.xx.2023-cü il tarixdə, saat 18.45 radələrində o, həmin nəqliyyat vasitəsi ilə Lənkəran şəhəri, Füzuli küçəsində hərəkətdə olarkən, işıqforun qırmızı işığında “X7 minik” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. “X7 minik” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Vurulmuş ziyanın iddiada göstərildiyi məbləğdə deyil, daha az məbləğdədir və qəza baş verən gün iddiaçı ilə razılaşmaq istəmiş, lakin iddiaçı artıq pul tələb etdiyinə görə razılaşa bilməmişlər. Hazırda maddi imkanı olmadığı üçün iddiaçıya heç bir ödəniş edə bilmir. İş materiallarında olan 01 oktyabr 2023-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2, 327.1,327.6-cı maddəsilə inzabati xəta törətmişdir. İş materiallarında olan “G-Energy Service” verdiyi dəymiş zərərlə bağlı “Kia Rio” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.604 manat ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 47 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Vaz 21011 minik” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 18.45 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində “X7 minik” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. “X7 minik” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı maddi ziyan dəymişdir. Bununla əlaqədar 01 oktyabr 2023-cü il tarixli, İXP seriyalı ******* protokol üzrə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı istifadəsində olan “X7 minik” markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qüsur aktı ilə 1604 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) iddiaçı X1 mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Buna görə də, Cavabdeh törətmiş olduğu inzibati xəta nəticəsində iddiaçı X1 istifadəsində olan “X7 minik” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması müəyyən edildiyindən, Cavabdeh bu halda mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımalı və iddiaçının əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Məhkəmə iddiaçının əmlakına vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, həmin zərərin tam həcmi müəyyən edilərkən iş üzrə təqdim edilmiş zərərə dair sənəd əsas götürülməli və bu akt əsasında müəyyən edilmiş 1604 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması təmin edilməlidir. Məhkəmə iddianın avtomobilin bazar qiymətinin düşməsi və buna görə 1000 manat pul tələb edilməsinə münasibətdə olan hissəsinə hüquqi qiymət verib hesab edir ki, iddia tələbininin həmin hissəsi üzrə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd olunmalıdır. Belə ki, iddianın həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, cavabdehdən niyə məhz 1000 manat pulun tələb edilməsi əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1.604 manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 36 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-173/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-173/2024
24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver