Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1750/2025 05.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsindən irəli gələn pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 499.8 AZN əsas borc, 38.63 AZN faiz borcu və 36.27 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 574.7 AZN məbləğində, həmçinin xx.xx.2023-cü il tarixli onlayn kreditin verilməsi üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6464.79 AZN əsas borc, 647.67 AZN faiz borcu və 212.66 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7325.12 AZN məbləğində borcun və 99 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahış etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 500 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30 may 2024-cü il tarixinədək Cavabdeh banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 499.8 AZN əsas borc, 38.63 AZN faiz borcu və 36.27 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 574.7 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli onlayn kreditlərin verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 18.5 faizlə 36 ay müddətinə 7100 AZN məbləğində kredit götürmüşdür. 30 may 2024-cü il tarixinədək Cavabdeh banka xx.xx.2023-cü il tarixli onlayn kreditlərin verilməsinə dair məktub üzrə 6464.79 AZN əsas borc, 647.67 AZN faiz borcu və 425.32 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 7537.78 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli onlayn kreditin verilməsinə dair məktub üzrə banka ümumi cərimə borcu 425.32 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 212.66 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş məhkəməyə gəlməmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli Kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən illik 25 faizlə 48 ay ərzində qaytarmaq şərtilə 500 manat məbləğində kredit verilmişdir. Yelo mobil tətbiq üzərindən verilən kredit öhdəliyi üzrə razılaşmanın təsdiqi barədə çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli onlayn formada Cavabdeh İddiaçı ASC tərəfindən illik 18.5 faizlə 36 ay ərzində qaytarmaq şərtilə adsız karta yüklənmiş 7100 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, həmin tarixdə Cavabdeh hesabına 7100 manat pul köçürülmüşdür. Xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 07 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 499.8 manat əsas, 38.63 manat faiz, 36.27 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 574.7 manat borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 07 iyul 2023-cü il tarixli onlayn kreditlərin verilməsi müqaviləsi üzrə 6464.79 manat əsas, 647.67 manat faiz, 212.66 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 7325.12 manat borcu vardır. Hökümət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması vəya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 499.8 manat əsas, 38.63 manat faiz, 36.27 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 574.7 manat və xx.xx.2023-cü il tarixli onlayn kreditlərin verilməsi müqaviləsi üzrə 6464.79 manat əsas, 647.67 manat faiz, 212.66 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 7325.12 manat pul və 99 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 499.8 manat əsas, 38.63 manat faiz, 36.27 manat cərimə borcu olmaqla, ümumillikdə 574.7 manat və xx.xx.2023-cü il tarixli onlayn kreditlərin verilməsi müqaviləsi üzrə 6464.79 manat əsas, 647.67 manat faiz, 212.66 manat cərimə borcu olmaqla, ümumillikdə 7325.12 manat, hər iki müqavilə üzrə cəmi 7899,82 manat və 99 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-1750/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1750/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver