Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-178/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, Lənkəran rayon vəkil bürosunun vəkili, Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçının cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat pulun və 70 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran rayonunun Göyşaban kəndində yaşayır. Cavabdeh onun keçmiş qudasıdır. Belə ki, oğlu Anar Dadaşzadə ilə cavabdehin qızı Aytac Kərimli 2018-ci ildə ailə həyatı qurmuş, 2021-ci ildə isə nikahları məhkəmə qaydasında pozulmuşdur. 2018-ci ildə oğlu və cavabdehin qızı hələ evlənməmişdən əvvəl, yəni nişanlı olduqları dövrdə cavabdeh onlara ev tikmək məqsədilə torpaq sahəsi almaq istədiyini, lakin pulu olmadığından ala bilmədiyini, bu səbəbdən də Lənkəran rayonunun Göyşaban kəndində 0,06 ha torpa sahəsinin mülkiyyətçisi olan X1 istədiyi həmin torpaq sahəsinin pulunu ödəməyini bildirdi. O da qohum olduğuna görə, eyni zamanda da cavabdeh bir müddət sonra həmin pulu ona qaytaracaq deyə etiraz etməyib həmin torpaq sahəsini ala bilməsi üçün 5000 manat pulu cavabdehə vermişdir. 2021-ci ildə oğlu ilə cavabdehin qızı arasında narazılıqlar olduğundan onlar məhkəmə qaydasında boşanmışlar. Dəfələrlə cavabdehdən həmin pulu qaytarmasını tələb etsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Bu səbəbdən də məcbur qalıb Lənkəran ŞRPŞ-nə şikayət etmişdir. Orada aparılan araşdırma nəticəsində cavabdehin əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq həmin araşdırma zamanı cavabdeh onunla olan 5000 manat pul məsələsini etiraf etmişdir. Lakin cavabdeh könüllü qaydada 5000 manatı qaytarmır. Bu səbəbdən də başqa çıxış yolu olmadığından hüquqlarının müdafiə olunmasından ötrü hazırki iddia ilə müraciət edir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək bildirdi ki, özü 1994-cü ildən ev növbəsində olduğu üçün 2018-ci ildə aldığı 06 sot torpaq sahəsini qudasının adına almışdır. O, həyətin pulunu şəxsən Mirzəliyə vermiş və Mirzəli pulu notariusun depozit hesabına oturtmuşdur. Növbəyə durduğu evin otaqlarının sayı qeydiyyatda olan ailə üzvlərinin sayına görə verildiyi üçün alınmış torpaq sahəsini oğlunun adına keçirtməmişdir. Hazırda həyətin onunla cavabdehin nəvəsinin adına keçirilməsinə də razı deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edib, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh əvvəlcə iddianı qəbul etməyərək iddiaçıdan pul almadığını bildirsə də, Lənkəran ŞRPŞ-nin TB-nin Cinayət işinin rədd edilməsi barədə qərarı elan olunarkən iddiaçıdan pul aldığını, daha sonra həmin 5000 manat pulu iddiaçının evində ona qaytardığını bildirdi. Lakin pulu geri qaytarması ilə bağlı sübutu olmadığını qeyd etdi. Əlavə olaraq bildirdi ki, sabiq kürərkəni olmuş iddiaçının oğlu torpaq sahəsinin onun adına keçirtmək istədiyini və əgər dövlət onlara ev verməsə, gələcəkdə həmin torpaq sahəsində ev tikmək istədiyini bildirmişdir. Özünün maddi imkanı olmadığı üçün torpaq almaq fikiri olmamışdır. Torpağ almaq üçün pulu ona iddiaçının oğlu verib. Polisdə olarkən də eyni məzmunda izahat verib. Torpağ sahəsini idddiaçı ilə bərabər onun da olan nəvəsinin adına keçirtmək istəyir. Tədqiq olunmuş sübutlar: Daşınmaz Əmlakın AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 ilə alıcı Cavabdeh arasında Lənkəran rayonu, Göyşaban kəndində yerləşən 0.06 ha torpaq sahəsinin 3000 manata alınması barədə müqavilə imzalanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti üzrə toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin araşdırma ilə bağlı izahat verən cavabdeh bildiurmişdir ki, 2018-ci ildə Lənkəran rayonu Göyşaban kəndində iddiaçının yaşadığı evinin qarşısında yerləşən 06 sot torpaq sahəsini notariat qaydasında rəsmiləşdirilən zaman iddiaçı 5000 manata həmin torpaq sahəsini qonşusundan alaraq onun adına rəsmiləşdirmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 71 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəfləri və iddaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Məhkəmə hazırki mübahisə ilə bağlı qeyd edir ki, pulun tutulması ilə əlaqədar mübahisəyə borc müqavilə öhdəliyinin icrası ilə bağlı normaları deyil, əsassız varlanma ilə bağlı normaları istinad edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Qanunvericiliyin tələblərinin pozulması ilə baxılmış iş üzrə çıxarılan məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ... “Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar - avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar - telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, MM-nin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. İlk olaraq, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Bu kontekstdə MM-nin 739.1-ci maddəsinə istinad olunaraq qeyd edilməlidir ki, mübahisəli borc məbləği üç min manatdan çox olduğundan və tərəflər arasında heç bir yazılı müqavilə bağlanmadığından, hazırki mübahisənin həlli ilə bağlı borc münasibətlərinə istinad edilə bilməz. Məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, tərəflər sabiq qudalardırlar. İddiaçının oğlu ilə cavabdehin qızı ər-arvad olmuş, 2018-ci ildə iddiaçı qonşuluğunda olan torpaq sahəsini almaq məqsədilə cavabdehə 5000 manat məbləğində pul vermiş, alqı-satqı müqaviləsi iddiaçının qonşusu ilə cavabdeh arasında bağlanmış və sonuncu həmin müqaviləyə əsasən torpaq sahəsini öz adına Dövlət qeydiyatına aldırtmış, daha sonra tərəflərin uşaqları arasında bağlanmış nikah pozulmuş, tərəflər arasında qudalıq münasibətlərinə son qoyulduğundan iddiaçı cavabdehdən ona torpaq sahəsinin alqı-satqısına görə ödədiyi 5000 manat pulunu geri istəmiş, cavabdeh həmin torpaq sahəsini nəvələrinin adına rəsmiləşdirəcəyini bildirərək pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınsa ki, Mülki Məcəllənin 739.1-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 5000 manat məbləğlərdə borcun verilməsinə dair müqavilələrin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) müəyyən olunur. Həmçinin, MMnin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Belə ki, MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının pulunu özündə saxlamaqla əsassız varlanmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh pulun ona iddiaçının oğlu tərəfindən verildiyini göstərsə də, bunu təsdiqləyən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 71 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 71 manat dövlət rüsumu ödəsə də, o, cavabdehdən 70 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Buna görə də onun 71 manat dövlət rüsumunu ödəməsinə baxmayaraq məhkəmə onun tələbindən kənara çıxmayıb 70 manat dövlət rüsumunun tutulmasını qanuna uyğun sayır. Belə ki, MPM-nin 218.3-cü maddəsində əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiası təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu, cəmi 5070 (beş min yetmiş) manat tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-178/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-178/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver