Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1787/2023 31.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu iddiaçı İsmayıl Kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayıl Kredit İttifaqı MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh3 arasında bağlanmış 15 Avqust 2022 -ci il tarixli 00321-0356-01 saylı kredit müqaviləsinin və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanan 00321-0356-01/Z/0, 00321-0356-01Z/1 saylı zaminlik müqavilələrinin ləğv edilməsi, 2000.00 (iki min manat, 00 qəpik) manat əsas borcu, 355.63 (üç yüz əlli beş manat,63 qəpik) manat faiz borcu, 75.96 (yetmiş beş manat, 96 qəpik) manat cərimə borcu olmaqla, cəmi 2431.59 (iki min dörd yüz otuz bir manat, 59 qəpik) manat borcu və iş üzrə ödənilmiş 44.32 (qırx dörd manat,32 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutularaq, İsmayıl Kredit İttifaqı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh3 arasında 15 Avqust 2022 -ci il tarixində kredit verilməsi haqqında saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İsmayıl Kredit İttifaqı MMC tərəfindən Cavabdeh3 illik 30% (otuz) ödənilməsi şərti ilə 16 (on altı) ay müddətinə 2000.00 (iki min manat) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra mətndə G.M. Məmmədova ) və Cavabdeh2 (bundan sonra mətndə Cavabdeh2) 15 Avqust 2022-ci il tarixli 00321-0356-01/Z/0, 00321-0356-01Z/1 saylı zaminlik müqavilələri əsasında İsmayıl Kredit İttifaqı MMC qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin borclu şəxs, hazırkı iş üzrə Cavabdeh3 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun İsmayıl Kredit İttifaqı MMC yə 2000.00 (iki min manat, 00 qəpik) manat əsas borcu, 355.63 (üç yüz əlli beş manat,63 qəpik) manat faiz borcu, 75.96 (yetmiş beş manat, 96 qəpik) manat cərimə borcu vardır. Cavabdeh3nm İsmayıl Kredit İttifaqı MMC yə xx.xx.2023-cü il tarixinə ümumi 2431.59 (iki min dörd yüz otuz bir manat, 59 qəpik) manat məbləğində kredit borcu qalmışdır. 15 Avqust 2022 - ci il tarixli 00321-0356-01 saylı kredit müqaviləsində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək "Borc alan"ın vəzifəsidir. Həmin müqavilənin tələbinə görə "Kreditor"un müqavilə şərtlərini cavabdehlər tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsinin tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh3 və ona zamin duran şəxslərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq yenə də qeyd olunan kredit müqavilələrinin şərtləri cavabdehlər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Odur ki, cavabdehlər tərəfindən öhdəliklərin icrasının məhkəmə qaydasında təmin olunmasını məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 14 aprel 2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə göndərilməsinə baxmayaraq, sonuncular iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh3 arasında bağlanmış 00321-0356-01 saylı 15 Avqust 2022 - ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh3 ilə 16 ay müddətinə illik 30% ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh2 arasında bağlanmış 15 Avqust 2022 - ci il tarixli 00321-0356-01/Z/0 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi 00321-0356-01 saylı 15 Avqust 2022 - ci il tarixli kredit müqaviləsinin borclu Cavabdeh3 tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 Avqust 2022 - ci il tarixli 00321-0356-01Z/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 zamin kimi 00321-0356-01 saylı 15 Avqust 2022 - ci il tarixli kredit müqaviləsinin borclu Cavabdeh3 tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 00321-0356-01 saylı 15 Avqust 2022 - ci il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh3 xx.xx.2022-ci il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə etməklə götürülmüş kredit üzrə əsas borc 2000 manat, faiz borcu 451,19 manat olmaqla, cəmi 2451,19 manat banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan seriya AZE№0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-ci il tarixdə Lənkəran rayonu Cil kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan seriya AZE№******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1963-cü il tarixdə Lənkəran rayonu Gəgiran kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı İsmayıl Kredit İttifaqı MMC məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44.32 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 226.2-ci maddəsinin tələbinə görə, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmə hesab edir, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 ilə birlikdə iddiaçı İsmayıl Kredit İttifaqı MMC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2000 manat əsas borc, 355.63 manat faiz borcu və 75.96 manat cərimə borcu olmaqla cəmi 2431.59 manat borc tutularaq iddiaçı İsmayıl Kredit İttifaqı MMC -yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44.32 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh3 arasında bağlanmış 15 Avqust 2022 -ci il tarixli 00321-0356-01 saylı kredit müqaviləsinin və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanan 00321-0356-01/Z/0, 00321-0356-01Z/1 saylı zaminlik müqavilələri ləğv edilsin, 2000.00 (iki min manat, 00 qəpik) manat əsas borcu, 355.63 (üç yüz əlli beş manat,63 qəpik) manat faiz borcu, 75.96 (yetmiş beş manat, 96 qəpik) manat cərimə borcu olmaqla, cəmi 2431.59 (iki min dörd yüz otuz bir manat, 59 qəpik) manat borc və iş üzrə ödənilmiş 44.32 (qırx dörd manat,32 qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-1787/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1787/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver