Məhkəmə qərarları › İş №2(049)-1813/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-1813/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-1813/2024 20.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Fərəqət qızının Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Həsənova X2 Rüfət İlham oğluna qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(049)-60/2023 nömrəli qətnaməsi ilə 03 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 və 05 yanvar 2018-ci il tarixdə anadan olmuş X4 adlı uşaqlara münasibətdə bir uşağa görə 120 manat olmaqla iki uşağa görə təyin edilmiş 240 manat sabit pul məbləğində aliment pulunun artırılaraq hər uşağa görə 250 manat olmaqla 2 uşaq üçün 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə nikahlarını 24 fevral 2011-ci il tarixdə Lənkəran rayonu Veravul kənd inzibati ərazi dairəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 03 sentyabr 2010-cu il tarixdə X3 və 05 yanvar 2018-ci il tarixdə X4 adlı 2 övladları anadan olmuşdur. Cavabdeh uzaq qohumu olmaqla ilk vaxtlar münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar yaranıb. Belə ki, iddaçı gözəllik salonunda işlədiyindən cavabdeh heç bir əsaslı səbəb olmadan onu qısqanırmış. Bundan əlavə o, ailəyə biganə yanaşmış, aqressiv hərəkətləri ilə ailədə soyuqluq yaratmış və son nəticədə xasiyyətlərinin tutmaması və başqa-başqa adamlar olduqlarını görüb boşanmaq və aliment tələbi barədə iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə tərəfindən uşaqların kimin yanında qalması məsələsinin həlli ilə bağlı sənədlər Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Qəyyumluq və himayəçilik komissiyyasına göndərilmiş və komissiyanın 09 avqust 2022-ci il tarixli müvafiq rəyi ilə uşaqların onun himayəsində qalmaları məqsədəmüvafiq hesab edilmişdir. Daha sonra məhkəmə tərəfindən məhkəmə psixoloji ekspertizası təyin edilmiş və ekspert rəyindən sonra Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(049)-60/2023 nömrəli qətnaməsi ilə Cavabdehlə aralarında olan nikah pozulmaqla birgə nikahılarından 03 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 və 05 yanvar 2018-ci il tarixdə anadan olmuş X4 adlı 2 uşağın onun yanında qalmaları müəyyən edilməklə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat alimentin ttulması qət edilmişdir. Hazırkı iddia ilə müraciət edərək bildirir ki, artıq təyin edilmiş həmin alimentlə dolana bilmir. Belə kı, hazırkı çətin şəraitdə uşaqların böyümələri ilə yanaşı onların problemləri də çoxalmışdır. Uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh «Veysəloğlu» şirkətində nəzarətçi işləyir. Bildiyinə görə normal qazancı vardır. Onun aylıq əmək haqqı və qazancı bildiyinə gorə 1000-1200 manat təşkil edir. Ancaq konkret olaraq nə qədər olması barədə onun heç bir məlumatım yoxdur. Hazırda o, cavabdehin qazancı barədə sənədləri əldə edə bilmədiyinə və cavabdeh həmin sənədləri ona vermədiyinə görə iddia ərizəsinə həmin sənədləri əlavə edə bilməyir. Cavabdehlə birgə nikahlarından olan 2 uşaq onun himayəsində yaşayır. İddaçı Bakı şəhərində ev tutmaqla kirayədə yaşayır. Böyük oğlu bu il 9-cu sinifdə, kiçik oğlu isə 1-ci sinfdə gedəcək. Oğlu Burhan həm də autizm xəstəsidir. Cavabdeh isə uşaqlarla maraqlanmayır. Uşaqların digər tələbatları da böyükdür, hansı kı, ən azından hər ay hər uşağa görə 250-350 manat civarında xərci çıxır. Bu səbəbdən də uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehdən onun xeyrinə qət edilmiş sabit pul məbləğində cəmi 240 manatla hazırkı vəziyyətdə uşaqları saxlamaq qətiyyən mümkün deyildir. Başqa yerdən heç bir köməkliyim yoxdur. Cavabdeh hər bır halda uşaqların saxlanması ilə əlaqədar üzərinə düşən vəzifəni yerinə yetirməlidi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehın nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, tərəflərin birgə nikahlarından uşaqları saxlamaq iddiaçı və cavabdehin birgə borcudur. Həmçinin iddia tələbində uşaqlardan birinin autizm xəstəliyindən əziyyət çəkdiyi və cavabdehim aylıq əmək haqqının 1.000 – 1.200 manat olduğu qeyd edilməsinə baxmayaraq bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin iddiaçının gəliri aliment təyin edildiyi vaxtdan artmamışdır və həmin vaxtdan uzun zaman da keçməmişdir. Odur ki, alimentin miqdarının dəyişdirilməsinə ehtiyac yoxdur. Belə ki, iddia tələbi tamamilə əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nikahın pozulması haqqında» şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı Fərəqət qızı arasında nikahları xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən pozulmuşdur İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 03 sentyabr 2010-cu il təvəllüdlüdür. Atası Cavabdeh, anası İddiaçı Fərəqət qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 yanvar 2018 -cı il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçı Fərəqət qızıdır İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(049)-60/2023 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə tərəflər arasında nikah pozulmuş, onların nikahlarından 03 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 və 05 yanvar 2018-ci il tarixdə anadan olmuş X4 adlı 2 uşağın İddiaçı yanında qalmaları müəyyən edilməklə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat aliment qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Psixi Sağlamlıq Mərkəzindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli, 3257 saylı arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 - Asperger sindromu F84.5 xəstəliydən əziyət çəkir. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyir və əmək müqaviləsi üzrə aylıq əmək haqqı 710 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Lənkəran rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(049)-60/2023 saylı qətnaməsinə əsasən hazırda Cavabdeh 03 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 və 05 yanvar 2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat aliment tutularaq və sabit pul məbləğində iddiaçi İddiaçı Fərəqət qızına ödənilir. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Lənkəran rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(049)-60/2023 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(049)- 60/2023 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək 03 sentyabr 2010-cu il təvəllüdlü X3 və 05 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh hər uşağa 170 manat olmaqla, cəmi sabit pul məbləğində 340 manat aliment alınaraq İddiaçı Fərəqət qızına ödənilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar